Mərkəzi televiziya və radio kanalları, eləcə də sosial şəbəkələr üçün hazırlanan media məhsulları “mənəvi ekspertiza”dan keçiriləcək.
Hafta.az-ın yazdığına görə, bunu Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov yerli mətbuata açıqlamasında bildirib. Nazir qeyd edib ki, Özbəkistan Mənəviyyat və Maarifçilik Mərkəzinin hazırladığı “Mənəviyyat ekspertizası” layihəsi hazırda ictimai müzakirədədir və yekun qərar qəbul edilməyib.
Gazeta.uz-a danışan nazir deyib ki, layihə cəmiyyətin fikrini bilmək məqsədilə hazırlanıb. Amma fərqli fikirlər ortaya çıxır, ona görə də bu barədə hələ yekun qərar verilməyib. “Hələlik hər iki tərəfin fikirləri öyrənilir. Çünki mənəviyyat çox həssas məsələdir. Hər bir insanın mənəviyyatı fərdidir. Məsələn, mənim mənəviyyatım müəyyən həddə dayanır, sizin mənəviyyatınızın sərhədi mənimkindən daha geniş ola bilər. Belə hallarda ümumi cəmiyyətə münasibətdə mənəviyyatın həddini necə tapmaq olar? Bu gün cəmiyyətimizi narahat edən problem budur və bu siyasəti həyata keçirən qurum kimi Mədəniyyət Nazirliyinin qarşısında duran çox böyük məsələdir”, - deyə nazir bildirib.
Nazir bildirib ki, əslində senzuranı hökumət yox, xalq tələb edir. “Camaat tələb edir: senzura qoyun, bunu bağlayın, buna icazə verməyin, buraxmayın. Amma qarşı tərəf bunu senzura kimi görür. Ona görə də biz layihəni xalqın müzakirəsinə çıxarmışıq. Yəqin ki, məsələ həll olunandan sonra qərar verəcəyik”, - deyə mədəniyyət naziri əlavə edib.