Dünən Moskva birjasında dollar 102 rubla, avro isə 108 rubla çatıb ki, bu da son ilyarımın ən yüksək göstəricisidir.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, Rusiya vətəndaşları bundan sonra üçrəqəmli məzənnəyə alışmalı ola bilərlər. Qəzetə açıqlama verən analitiklər rublun zəifləməsinin 6 əsas amillə bağlı davam edəcəyi qənaətindədirlər.
“BitRiver”dən Vladislav Antonov birinci amil kimi neft qiymətlərini göstərir. Rublun məzənnəsini sıxışdıran ikinci amil ixracın 2023-cü ildə bərpa olunmaması səbəbindən tədiyyə balansının Rusiyanın əleyhinə işləyəcəyidir. Üçüncü yerdə Rusiyaya qarşı sanksiyalar dayanır. Dördüncü amil vergi dövrünün başa çatması və buna görə də valyuta bazarında tələb-təklif balansının pozulmasıdır. Rusiyada ixracatçılar hər ayın 25-28 tarixləri arasında valyuta gəlirlərini rubla çevirməli və vergi ödəməlidirlər.
Antonovun sözlərinə görə, rubla qarşı işləyən beşinci amil Rusiya bazarında ticarəti davam etdirən birja möhtəkirləridir. Altıncı amil isə ABŞ dollarının dünya bazarındakı dinamikasıdır. Dollar dünyanın digər valyutalarına nisbətdə bahalaşmağa meyllidir.