1000 ən məşhur kitab özbək dilinə tərcümə ediləcək

09:05 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada məşhur olan 1000 kitab özbək dilinə tərcümə ediləcək və oxucular onları mobil proqram vasitəsilə pulsuz oxuya biləcəklər,

Hafta.az-ın yazdığına görə, Özbəkistan Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 28-də “Gənclər üçün min kitab” layihəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” prezidentin sərəncamı imzalanıb. Layihənin icrası Gənclərlə İş üzrə Agentliyə həvalə olunub.

Kitabların tərcüməsi və nəşri iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə ekspert şurası hər il kitabların ilkin siyahısını tərtib edəcək. İkinci mərhələdə o, Gənclərlə İş üzrə Agentliyin informasiya sistemlərində yerləşdiriləcək, burada özbəklər öz sevimli kitablarına səs verə və bununla da yekun siyahı formalaşdıra biləcəklər.

Layihə çərçivəsində elmi-populyar əsərlərin ən azı 20 faizi hər il nəşr olunan kitablar siyahısına daxil ediləcək. 2023-2024-cü illərdə 50 kitabın tərcüməsi, çapa hazırlanması və nəşri nəzərdə tutulur.

Bundan əlavə, özbək dilində ədəbiyyatı toplayan və əhalinin pulsuz istifadəsini təmin edən xüsusi mobil proqram yaradılacaq.