190 manat yardım alanlar Prezidentə bu cür təşəkkür etdilər – FOTO

12:30 22.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə vətəndaşlara 190 manatlıq ödənişlərin verilməsinə başlanılıb. “E-sosial” saytından SMS gələn vətəndaşlar ciddi karantin rejimi dönəmində dövlətin ayırdığı bu vəsaitləri almaq üçün tək şəxsiyyət vəsiqələri ilə evdən çıxır, yaxınlıqdakı poçt şöbələrinə yaxınlaşırlar. Prosesi izləmək və hafta.az-ın obyektivindən oxucularımıza da göstərmək üçün paytaxtdakı bir neçə poçt şöbəsinə, “Azərpoçt” MMC-nin poçt filiallarına yanaşdıq.

Əvvəlcə onu deyək ki, poçt şöbələrinin önündə iki-üç gün bundan əvvəlki sıxlıq yoxdur. Məsələn, dünən günortadan sonra müşahidələrimiz göstərdi ki, 190 manatlıq yardımı almaq istəyənlər əsasən səhər saatlarında köşklərə yaxınlaşırlar. Poçt əməkdaşları mütəmadi olaraq çağırışlar edir. 2 metrlik məsafəni gözləməyə çağırırlar. Bu da karantin rejimi dönəmində bütün ictimai yerlərdə qəbul olunmuş qaydadır. İnsanların sağlamlığını daha yaxşı mühafizə etmək üçün tətbiq olunur.

190 manatlıq sosial yardımı alan Ruslan Məmmədov deyir ki, 3 gün öncə qeydiyyatdan keçib. Dünən axşam isə telefonuna SMS gəlib:

“Dünən SMS gələndə artıq poçt işləmirdi. Bu gün səhər dostumla gəldik. İkimiz də işsizik. Çətin prosedur deyil. Şəxsiyyət vəsiqəsi ilə məsələ həll olunur. Cəmi 7-8 dəqiqə vaxt aparır. Buradan çıxan kimi gedib bazarlıq edəcəyəm. Maddi sıxıntılarımız vardı. Gündəlik işlərdə çalışırdıq. Virusla və karantin rejimi ilə əlaqədar maddi durumumuz pisləşməyə doğru gedirdi. Ölkə prezidentinə təşəkkür edirəm ki, bizi düşündü. Bu pul ayrılmaya da bilərdi. Dövlət rəhbərlərimizə, bizi düşünənlərə təşəkkür edirəm”.

Məleykə Əliyeva da dövlət tərəfindən 190 manatlıq vəsaiti alanlardandır. Deyir ki, dünən poçt önündə növbə olduğundan pulunu göstürməyə bu gün gəlib:

“Növbə olması normaldır. Hər kəs bu pulu alıb evinə ərzaq, gündəlik təlabat malları almaq istəyir. Poçt işçiləri də əziyyətimizi çəkirlər, sağolsunlar. Bu gün adam azdır. Görünür, dünən çox insan alıb. Başqa kağız-kuğuz istəmirlər. Bircə şəxsiyyəti təsdiq edən sənədlə pulumuzu verirlər”.

Zaur Məmmədov isə xalqı, işsiz insanları düşündüyü üçün ölkə başçısına təşəkkür edib:

“Sağ olsun, şanı uca olsun. Möhtərəm prezidentimizin qayğısını həmişə çətin günlərdə öz üzərimizdə hiss etmişik. Bu günlər də gəlib keçəcək. Bütün dünyaya meydan oxuyan bir bəlaya düçar olmuşuq. Bu da keçəcək. Deyirlər ki, 190 manat azdır. Bədxərclik eləməsələr yaxşı puldur. Elə bilsinlər ki, müharibə dövrüdür. O vaxt birini tapanda o birini tapmırdıq. İndi Allaha şükür, mağazalarda hər şey var, pulu da dövlət verdi. Daha nə istəyirik?!”.

Nicat Əkbərzadə adlı vətəndaş isə işin bu qədər asan olacağını gözləmədiyini dilə gətirir:

”Dövlətin yardım ayırmağından xəbərim yox idi. Marketdə eşitdim ki, işsizlərə 190 manat pul veriləcək. İnanmadım. Başı çıxan adamlardan soruşdum, doğrudur, dedilər. SMS göndərdim. 3-4 gün sonra cavab gəldi. Hərbi biletimə kimi gətirmişdim. Evdə sənəd qoymamışdım. Poçt işçisi xanım təbəssümlə dedi ki, tək şəxsiyyət vəsiqəsi bəs edir. Heç 10 dəqiqə çəkmədi. Pulu son manatına qədər verdilər. Ala bilməyənlər də darıxmasınlar. Hamının pulunu verəcəklər. Bir az səbrli olmaq lazımdır”.

Paytaxtda fəaliyyət göstərən fərqli poçt şöbələrini dolaşırıq. Adamlarım seyrək olduğunu görürük. Poçt işçiləri ilə söhbətləşirik. Gündə nə qədər insanın şəxsiyyət vəsiqəsi ilə onlara müraciət etdiyini soruşuruq. Əvvəlcədən onu deyək ki, fərqli poçtlarda fərqli rəqəmlər səsləndirildi. Bəzi poçt işçiləri gün ərzində 35-40, bəzilərində 70-80, hətta bir sıra poçtlarda isə 120-130 insanın yola salındığını bildirirlər.

Səbinə adlı poçt işçisi deyir ki, əvvəlki günlərdən fərqli olaraq poçtun önündə o qədər də növbə yaranmır. İlk günlərdə müəyyən çətinliklər yaşasalar da sonradan gər şey yoluna düşüb:

“Əsasən gənclər səbrsiz davranırdılar. Yaşlılar gözləyirdilər. Sonradan anladılar ki, heç kimin pulu burada qalmır. Hamısı sahibinə çatdırılır. Dövlət proseduru da asanlaşdırıb. Vətəndaşın telefonlarına baxırıq. Qeydiyyata alırıq. Qəbzi veririk, qol çəkirlər. Pullarını veririk, bu qədər asandır. Üç-dörd dəqiqə hər vətəndaşa zaman ölçülür. Bu da çox qısa müddətdir”.
Poçtlardan ayrılanda vətəndaşların gözündəki sevinc hissini görməmək mümkün deyildi. Hər birinin üzündən ölkə rəhbərliyinə və dövlətə təşəkkür oxuyurduq.