“2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib”.
Bunu hafta.az-a açıqlamasında millət vəkili Sədaqət Vəliyeva deyib. Millət vəkili bildirib ki, bütün bunlarla yanaşı, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb:
“Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkəmizin naliyyətləri və uğurları artır, əldə olunan nəticələr insanlarımızın yaşayış səviyyəsində, rifah halında əyani təsdiqini tapır. Əlbəttə ki, 2019-cu ilin 6 ayı da bu baxımdan istisna təşkil etmir”.
Sədaqət Vəliyeva bildirib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb: “Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Bütün bunlarla yanaşı ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıbEləcə də, inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Məhz, bu ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artıb. Bir il ərzində xarici borcumuz da 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb, ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 60 min yeni iş yeri açılıb. Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verir, ölkəmizin inkişafı dinamik xarakter alıb”.