Artıq 2022-ci ilin sonuna yaxınlaşırıq. Bir neçə gündən sonra 2022-ci il öz yerini növbəti ilə ötürəcək. Bu il ölkəmizin ictimai-siyasi, mədəni həyatında bir çox hadisə baş verdi. Bu il həm də bir çox tanınmış şəxs əbədiyyətə qovuşdu. Hafta.az 2022-ci ildə vəfat edən tanınmış şəxslərin siyahısını təqdim edir:
Novruz Qartal
Bu ilin ilk itkisi Əməkdar artist, aktyor Novruz Qartal oldu. “Gülüş sanatoriyası”, “Qəzəlxan”, "Şirbalanın məhəbbəti” və s. ekran işlərində rol alan sənətçi 8 yanvarda 74 yaşında xərçəng xəstəliyindən vəfat etdi.
Əlibaba Məmmədov
Fevralın 25-də Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov 92 yaşında vəfat edib. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib. Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb.
Ayaz Mütəllibov
Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov 2022-ci ildə 84 yaşında vəfat edib. Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırıldı.
Rəhim Rəhimli
2022-ci ildə ölümü ilə pərəstişkarlarını məyus edən və ən çox müzakirə olunanlardan biri müğənni və bəstəkar Rəhim Rəhimli oldu. Sənətçi sentyabrın 30-da 45 yaşında ağır xəstəlikdən vəfat edib. Çoxsaylı klipləri və mahnıları ilə tanınan bəstəkar Bülbülə qəbiristanlığında dəfn olunub.
Firəngiz Rəhimbəyli
Vətəndən kənarda yaşayan, estrada musiqilərinin misilisiz ifaçısı, “Bəxt üzüyü” filimində canlandırdığı Sevda obrazı ilə yaddaşlarda iz buraxan aktrisa Firəngiz Rəhimbəyli 16 avqustda əbədiyyətə qovuşub. 62 yaşında ölkədən kənarda - ABŞ-də gözlərini həyata yuman aktrisanın ölüm səbəbi isə ürəktutması olub.
Ruhəngiz Qasımova
Vətəndən kənarda dünyasını dəyişən sənətkarlarımızdan biri də bəstəkar, Əməkdar artist Ruhəngiz Qasımova olub. O, oktyabrın 9-da 82 yaşında Honkonqda vəfat edib. Ruhəngiz Qasımova Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Rüstəm İbrahimbəyov
Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyov isə bu ilin 11 martında uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib. 16 martda nəşi Bakıya gətirilən sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunub.
Fazil Məmmədov
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 4-də Türkiyədə 58 yaşında 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb, 2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.
Sevda İbrahimova
Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova 17 iyulda 83 yaşında dünyasını dəyişib.
Süleyman Abdullayev
Əməkdar artist, məşhur xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) oktyabrın 23-ü vəfat edib. Süleyman Abdullayev uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.