İndoneziyanın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününün 77-ci ildönümü və İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etmək münasibətilə rəsmi qəbul keçirib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə oncə Vətən uğrunda canından keçən şəhidlərinmizin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan və İndoneziyanın dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən səfir Hildi Hamid İndoneziya ilə Azərbaycan arasında son 30 il ərzində uğurlu ikitərəfli münasibətlərin olduğunu vurğulayıb.

“Bu il iki qardaş ölkəmiz, Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. 30 illik ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və daim inkişaf edir. Hər keçən il ərzində biz daha da güclənir və son iki onillik ərzində misli görünməmiş uğurlarla nəticələnmiş münasibətlərimizi möhkəmləndirmişik” deyən səfir qeyd edib ki, son illər ərzində iki ölkə arasında ticarətin həcmi yüksəlir, qarşılıqlı səfərlər durmadan artır. Biznes imkanlarının təşviqi və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfə vermək məqsədilə Bakıda biznesforumlar keçirilir. İndoneziya, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir və sair.

Azərbaycan tərəfindən fəxri qonaq qismində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov da İndoneziyanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik nitqi söyləyib. O, həmçinin iki ölkə arasında iqtisadi, ticarət və beynəlxalq təşkilatlar sahəsində güclü ikitərəfli əlaqələrin olduğunu vurğulayıb, həmçinin İndoneziyanın beynəlxalq çərçivədə Azərbaycana göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirir.

“Azərbaycan və İndoneziya gözəl şəhərlərə, zəngin təbiətə, qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk. Bu üstünlüklər bizim turizm potensialımızı daha da artırır və müvafiq sahədə əməkdaşlığımızın dərinləşdirilməsini zəruri edir”, - deyib cənab nazir.

Tədbir daha sonra anqklunq, talemponq və sape kimi ənənəvi musiqi alətlərinin ifa olunduğu, eləcə də müxtəlif milli rəqslərin nümayiş olunduğu mədəni çıxışlarla davam edib. Bu münasibətlə indanq (Qərbi Sumatra), enqanq (Kalimantan), ondel-ondel (Cakarta), topenq və puspancali (Bali) kimi beş ənənəvi İndoneziya rəqsi indoneziyalı rəqqas və İndoneziya təqaüdlərinin məzunları olan azərbaycanlı tələbələr tərəfindən yüksək səviyyədə ifa olunub.

Tədbir çərçivəsində həmçinin, qonaqlara İndoneziyanın zəngin və müxtəlif mədəniyyətini xarici ictimaiyyətə təqdim etmək məqsədilə Sumatra, Yava, Bali, Kalimantan adalarına məxsus ənənəvi geyim, tekstil və sənətkarlıq nümunələrinin kiçik sərgisi də təşkil edilib.

Tədbirdə qonaqlara “nasi goreng” (qızardılmış düyü), “bakso” (İndoneziya küftəcikləri), toyuq satay və qado-qado kimi müxtəlif İndoneziya yeməkləri təqdim olunub.