5 ölkədə İranla əlaqəli hücrələrə qarşı 13 əməliyyat keçirildi

10:09 21.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 50 gündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Suriya, Bəhreyn və Qətərdə İranla əlaqəli strukturların idarə etdiyi terror planlarına qarşı ümumilikdə 13 profilaktik müdaxilə həyata keçirilib.

Hafta.az yazır ki, bu dövrdə hər dörd gündə orta hesabla bir təhlükəsizlik əməliyyatı keçirilib və nəticədə çoxsaylı hücrələr dağıdılıb, şübhəlilər həbs edilib.

Son əməliyyat BƏƏ-də baş tutub. Dövlət Təhlükəsizlik Xidməti İranla əlaqəli olduğu iddia edilən "gizli şiə təşkilatı hücrəsi"nin dağıdıldığını, üzvlərinin isə həbs olunduğunu elan edib.

Bəyanatda təşkilatın milli birliyi zəiflətmək məqsədi daşıdığı, ölkə daxilində terror və təxribat aktları planlaşdırdığı göstərilib. Bu hadisə ölkədə bir ay ərzində aşkar edilən ikinci oxşar strukturdur.

Suriyada da ardıcıl olaraq iki ayrı hücrəyə qarşı əməliyyatlar keçirilib. 18 apreldə verilən açıqlamada Hizbullah-la əlaqəli hücrənin dağıdıldığı və beş nəfərin həbs edildiyi bildirilib.

Hakimiyyət orqanları özək üzvlərinin partlayıcı qurğular hazırladığını və təxribat aktları planlaşdırdığını açıqlayıb.

Küveyt bir ay ərzində dörd fərqli terror planının qarşısını aldığını açıqlayıb. Bəyanatlarda Hizbullah-la əlaqəli özəklərin sui-qəsdlər, casusluq və vacib obyektləri hədəf alan hücumlar planlaşdırdığı bildirilirdi.

Çox sayda şəxs həbs edilib, bəzi şübhəlilər isə xaricdə qaçaq kimi axtarılır.

Bəhreyndə 12-30 mart tarixləri arasında üç ayrı özək dağıdılıb. Hakimiyyət orqanları bu qrupların dövlətin suverenliyini və təhlükəsizliyini hədəf alan fəaliyyətlərlə məşğul olduğunu bildirib.

Qətərdə 3 martda İran İnqilab Keşikçiləri üçün çalışdığı iddia edilən iki özəkə qarşı əməliyyat keçirilib. Əməliyyatlarda on şübhəlinin saxlanıldığı bildirilib.

Ardıcıl əməliyyatların sözügedən ölkələrin təhlükəsizlik qüvvələrinin koordinasiyası və effektivliyi sayəsində həyata keçirildiyi, terror planlarının əksəriyyətinin qısa müddətdə aşkarlandığı bildirilib.

Bəyanatlarda vurğulanıb ki, bu əməliyyatlar ölkələrin təhlükəsizliyini, suverenliyini və sabitliyini hədəf alan cəhdlərə qarşı davamlı qətiyyəti nümayiş etdirir.