96 yaşlı anarxist hökumətdən 1 milyon avro istəyir

10:20 05.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyada diktator Fransisko Franko dövründə (1936-1975) partizan döyüşlərinə qatılan 96 yaşlı Joan Buskets, məruz qaldığı pis rəftar və işgəncələrə görə İspaniya dövlətindən 1 milyon avro təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, 1940-cı illərdə Frankonun əsgərlərinə qarşı partizan müharibəsində vuruşan anarxist Buskets işgəncələrə məruz qaldığını, işləməyə məcbur edildiyini və 20 il həbsdə qaldığını deyir.

Buskets, sol koalisiya hökumətinin təşəbbüsü ilə 2022-ci ildə qüvvəyə minən və Franko diktaturası dövrünü qanundan kənar elan edən “Demokratik Yaddaş Qanunu”ndan faydalanmaq istəyir. Qanun çərçivəsində diktatura dövrü məhkəmələrinin elan etdiyi cəzalar qeyri-qanuni elan olunmuş, Frankonun verdiyi zadəgan rütbələri geri alınıb. Lakin maddi təzminat olmayıb.

2007-ci ildə İspaniyada qüvvəyə minən “Tarixi Sənədlər Qanunu” ilə başlayan vətəndaş müharibəsi və Franko dövrünün qurbanlarına dəstək təşəbbüsünün əhatə dairəsi Demokratik Yaddaş Qanunu ilə genişləndi. Bu qanunla vətəndaş müharibəsindəki məğlubiyyətdən sonra respublikaçıların tərəfində mübarizəni davam etdirən partizanlar ilk dəfə olaraq tanındı.

1936-1939-cu illər arasında İspaniya vətəndaş müharibəsində faşistlərin qələbəsi ilə respublikaçıların əksəriyyəti Fransaya qaçaraq nasist işğalına qarşı müqavimətə qoşuldular. II Dünya Müharibəsindən sonra İspaniyaya qayıdan döyüşçülər bu dəfə Franko rejiminə qarşı partizan müharibəsinə başladılar. Bu qarşıdurmalara qatılanda 20 yaşında olduğunu deyən Buskets daha çox silah və partlayıcı maddələr qaçaqmalçılığı ilə məşğul olduğunu bildirir. Onun sözlərinə görə, bir il dağlarda partizan kimi qaldıqdan sonra o və dostları əsir götürülərək Barselonadakı Via Layetana polis bölməsinə aparılıb. Buskets izah edir ki, onlara üç həftə orada işgəncə verilib, sonra ölüm cəzası həbsxanaya çevrilib,

O, bildirir ki, 20 il həbsxanada və 5 il məcburi əməyə cəlb edildikdən sonra 1969-cu ildə şərti azadlığa buraxılıb, daha sonra Paris administrasiyası ona siyasi sığınacaq verdiyi Fransaya qaçıb. Fransa Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqı da anarxistin İspaniya dövlətinə qarşı iddiasını dəstəkləyir.

Busketsin vəkili Raul Maillo bildirir ki, təzminat işi BMT-nin beynəlxalq insan haqları pozuntularının qurbanlarına təzminat ödənilməsinə dair 2005-ci il qətnaməsinə əsaslanır. Bu qərarın məcburi qüvvəsi yoxdur.