III Dünya müharibəsinin əlamətləri görünmür - Teymur Qasımlı

16:22 11.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlının hafta.az üçün dünyada və regionumuzda baş verən son hadisə və proseslərin təhlili ilə bağlı növbəti müsahibəsini təqdim edirik.

– Rusiyanın Ukraynanın işğalını inadla davam etdirməsi III Dünya savaşının başvermə ehtimalını artırırmı?

– Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatları tamamilə qanunsuzdur. Bu, bəllidir. Putin öz ölkəsini ikinci bir Əfqanıstan bataqlığına salıb. Bununla da Əfqanıstan bataqlığı Sovet İttifaqının sonunu gətirdiyi kimi, Ukrayna bataqlığı da bəlkə də bütövlükdə Rusiya imperiyasının sonunu gətirəcək. Putinin Ukraynaya  təcavüzü davam edəcəyi təqdirdə, İkinci Dünya müharibəsi kimi bir total savaş başlamasa da, bütün hallarda planetdə, bəşəriyyətdə bir cəbhələşmə başlayıb. Belə ki, bir yanda Qərb dövlətləri başda olmaqla Ukrayna tərəfdarları, digər cəbhədə isə Rusiya və ona açıq-gizli yardım edən bir neçə ölkə. Düzdür, təhlillər aparanda qlobal savaş təhlükəsi görünür. Hesab edirəm ki, hələlik bu, Rusiya–Ukrayna savaşı kimi, bir-birini tükəndirmə döyüşləri ilə  davam edəcək... Görünən odur ki, heç bir tərəf bu müharibənin daha da böyüməsini, geniş miqyas almasını istəmir. Həmçinin müxtəlif üsullarla savaşın dayandırılması təkliflərini irəli sürürlər. Xülasə, Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ ki görünmür...

– ABŞ-nin İsraili dəstəkləməsi Putinə alibi, yəni dırnaqarası hüquqi bəhanə, eyni zamanda əlavə impuls vermir ki?

– İsrail–Qəzza cəbhəsi ilə Rusiya–Ukrayna cəbhəsi fərqli məkanlarda baş verməklə yanaşı, başqa-başqa strateji məqsədlər daşıyır. ABŞ İsrail yarandığı gündən onunla müttəfiqlik edir. Ona hər cür yardım edir, dəstək verir. Qəzza ilə 7 aylıq savaşda da İsraili hava hücumundan müdafiə və digər silahlarla təmin edir. Bu günlərdə, Konqres həm İsrail, həm də Ukraynaya yardım paketini təsdiqlədi. Əlbəttə, bütün hallarda Putin İsrailin Qəzzaya savaş açmasından öz maraqları üçün istifadə edir və edəcək də... Hər iki savaşda günahsız insanlar həlak olur. Böyük dövlətlərin, ABŞ-nin də, Rusiyanın da maraqları insan həyatlarından, talelərindən üstündür. Əlbəttə, Putin yeri gələndə İsrail–Qəzza savaşından əlavə impuls da alır, ondan Ukraynada baş verənlərə haqq qazandırmaq üçün də yararlanır...

– Türkiyə İsraillə ticari əlaqələri dayandırıb. Necə hesab edirsiniz, ümumiyyətlə, hazırkı geosiyasi reallıqda Türkiyə İsraillə qarşıdurmanı hansı həddə qədər aparmaq iqtidarındadır?

–   Əvvəla, bir məsələni deyim ki, bundan əvvəl Türkiyə İsraillə ciddi bir siyasi-diplomatik qarşıdurmadan sonra barışmışdı. Burada müəyyən dərəcədə Azərbaycanın  da rolu olub. O cümlədən Amerikadakı İsrail lobbisinin... Hətta sinaqoqlardan birinin rahibi tərəfindən də pərdəarxası diplomatiya aparılır. İsraillə barışıq və münasibətlərin bərpası hazırkı durumda da Türkiyənin marağındadır. Türkiyə–İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və rəsmi Ankara ilə konfrontasiyada olan digər dövlətlər qazanır. Odur ki, indiki durumda geoiqtisadi baxımdan Türkiyə–İsrail münasibətlərinin gərginləşdirilməsini xətalı və səhv gediş kimi dəyərləndirirəm.  Bu, Türkiyə hakimiyyətinin öz daxili işidir və ona qarışmaq bizim həddimizdə deyil...

Konkret İsraillə ticarətin dayandırılmasına gəldikdə, diqqət edirsinizsə, bu gediş Türkiyədəki 31 mart bələdiyyə seçkilərindən sonra icra edildi. İslamçı kəsim İsraillə əlaqələrdən narahat idi və həmin gediş buna hesablanmışdı... Buna rəğmən hesab edirəm, iki dövlət arasındakı əlaqələr pərdəarxası diplomatiya sayəsində davam edəcək. Bütün bunlar həssas məsələlərdir. O da var ki, Türkiyə–İsrail münasibətləri tarix boyu enişli-yoxuşlu olsa da, sonda hər iki dövlətin maraqları naminə hər şey öz məcrasına qayıdıb. Hesab edirəm ki, bundan sonra da belə olacaq...

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 illik fasilədən sonra CHP lideri ilə görüşməsi qardaş ölkə üçün hansı siyasi gələcək vəd edir?

–   Birincisi, Türkiyə ölkənin iqtisadi böhran, inflyasiya, işsizlik problemləri ilə üzləşdiyi və cəmiyyətin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindən öncə verdiyi vədlərə əməl etməsini gözlədiyi bir ərəfədə 31 mart bələdiyyə seçkilərinə getdi. Nəticə də bu oldu ki, son 21 il ərzində hakim AKP və onun lideri ilk dəfə məğlubiyyətini etiraf etdi. CHP-nin yeni lideri Özgür Özəl isə ilk dəfə olaraq partiyası ilə seçkilərə getdi və ciddi qələbə qazanaraq Türkiyənin birinci partiyası olduğunu isbatladı...

Ölkədə inflyasiya, bahalaşma, işsizlik getdikcə artmaqdadır. CHP-yə gedən səslərin çoxu da AKP-yə son 21 ildə verilmiş səslərin sanki bir etiraz səsi idi. Düzdür, seçkilərə qədər Ərdoğan praqmatik bir siyasət apararaq xarici dəstək almağa nail olmuşdu. Ancaq daxili siyasətdə bunu edə bilmədi...

 Konkret Türkiyə dövlət başçısının 8 ildən sonra ana müxalifət lideri ilə görüşməsi məsələsinə gəldikdə... Birincisi, hələ ötən ilin payızında Özgür Özəl CHP-yə yeni sədr seçildikdən sonra Ərdoğan onu qəbul etmirdi, ona qarşı sarkazmlı ifadələr işlədirdi. Bələdiyyə seçkilərindəki məğlubiyyətdən sonra o, dövlət başçısı və AKP lideri olaraq yeni bir taktika seçməli oldu. Belə ki, son vaxtlar hakimiyyətə yaxın telekanal, qəzet və saytlar Özgür Özəli bir CHP lideri kimi təqdim edirlər. Məqsəd odur ki, Ərdoğan 2028-ci ildə Mənsur Yavaş və Əkrəm İmamoğlunun namizəd olmaması üçün bu gün Özgür Özəli dolayısıyla təbliğ etməyi məsləhət bilib. İkincisi, Prezidentlə bu görüşmə ilə sanki Türkiyə müxalifəti və CHP daxilində müəyyən intriqalar yaradılmasına nail olmaqdır. Üçüncü səbəb isə ondan ibarətdir ki, qarşıda yeni Konstitusiya – Ana Yasa dəyişikliyi gözlənilir.

Bu arada CHP cinahından, müxalifət cinahından Özgür Özələ qarşı sərt ittihamlar var. O, Prezident Ərdoğanla görüşdüyünə görə qınanılır. Keçmiş CHP sədri Kamal Kılıçdaroğlu “X” sosial şəbəkəsində bu mövzuda ciddi iradlar təqdim edir və həmin görüşün pariyaya nə qədər minus gətirəcəyini ifadə edir. Onu da deyim ki, Ərdoğan–Özəl görüşündə mətbuata açıqlanan-açıqlanmayan maraqlı məqdamlar da olub.

Bütün bunları təhlil edəndə belə nəticəyə gəlmək olur ki, müxalifətin qələbəsi ilə başa çatan son bələdiyyə seçkiləri də, Türkiyə dövlət başçısının 8 ildən sonra ana müxalifət lideri ilə ilk dəfə görüşməsi də Türkiyə xalqına daha demokratik, daha sivil və iqtisadi, siyasi, elmi və s. cəhətdən inkişaf etmiş bir ölkə vəd edir...

– Ermənistanda baş verənlərin sonunu necə görürsünüz?

–   Nikol Paşinyan hakimiyyətə gəldikdən bəri, zaman-zaman Ermənistandakı prosesləri dəyərləndirmişik. Həmişə demişəm ki, növbəti seçkilərdə real məğlubiyyəti, yaxud Allahın onun şəxsi həyatı ilə bir qəzavü-qədəri, məsələn, sui-qəsd-filan olmasa, Paşinyan hakimiyyətdən getməyəcək. Bir daha təkrar etmək lazım gəlir: əgər Paşinyan 2020-ci ilin 44 günlük Ermənistan–Azərbaycan savaşından məğlub çıxmasına rəğmən Ermənistandakı növbəti seçkilərdə qalib gəlibsə, deməli, erməni cəmiyyətində onun yetərincə reytinqi və dəstəyi var. Əvvəla, öncələr də dediyimiz kimi, hazırkı Ermənistan siyasi meydanında ona alternativ lider yoxdur. İkincisi, erməni xalqı dırnaqarası “Qarabağ klanı”ndan bezib. Paşinyan isə erməni cəmiyyətini Qərbə istiqamətləndirən  siyasət yürütdüyündən, xalqın böyük  hissəsi onun arxasındadır. O, Qərb dairələrindən, ABŞ, Fransa və digər dövlətlərdən gözəl ustalıqla dəstək alır. Paralel olaraq Rusiya ilə də lap dərinliyədək münaqişəyə getməməyə çalışır. Hesab edirəm, mayın 8-də Paşinyanın Rusiya lideri Putinlə görüşünün nəticələri də rəsmi İrəvanın seçdiyi ümumi geosiyasi istiqamətə ciddi təsir göstərməyəcək. Bu siyasət sonda Ermənistanın Qərbə tam inteqrasiyası ilə nəticələnəcək. Bu mənada düşünürəm ki, Rusiyanın “5-ci kolonu”nun Ermənistandakı səyləri  əbəsdir. Bu saat revanşistlərin əsas bəhanəsi Azərbaycanla sərhədlərin delimitasiyasıdır.  Dünyanın bir çox ölkələrində sərhədlərin dəqiqləşdirilməsi zamanı müxalif qüvvələr meydana çıxır. Ermənistandakı son gərginliyin arxasında məhz Rusiya dayanır. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan və onun komandası Moskvanın “5-ci kolon”u ilə artıq 6 illik mübarizə təcrübəsi toplayıb. O, hakimiyyət eşalonları kimi, ordunun içərisindəki Rusiya agentura şəbəkələrini çətinliklə olsa da, təmizləyir. Eyni zamanda Paşinyan yaxşı anlayır ki, Qərbə inteqrasiya olunmaq üçün o, ilk növbədə, Azərbaycanla və NATO üzvü olan Türkiyə ilə münasibətləri normal məcraya salmalıdır. Bu mənada, rəsmi Bakının da sərhədlərin müəyyənləşməsi ilə bağlı haqlı tələblərini yerinə yetirməyə məcburdur...

 

Oxunma sayı 222