İctimai iaşə obyektləri 15 günlük sərt karantin rejiminə hazırdırmı? - FOTOLAR

14:26 19.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

İyunun 21-dən ictimai iaşə obyektləri fəaliyyətini dayandırır. Yalnız onlayn formada sifariş qəbul edəcəklər. Sifarişləri ünvanlarına çatdırmaqla mükəlləf olacaqlar. Nazirlər Kabineti yanında Operativ Qərargahın əmri belədir. Yəni, iyulun beşinə qədər ölkədə sərt karantin rejimi tətbiq olunacaq. Pandemiya ilə mübarizə müddəti isə avqustun 1-ə qədər uzadılıb.

Yolumuzu ictimai iaşə obyektlərindən saldıq. Onlardan 15 günlük, iki həftəlik fəaliyyətsizlik dönəminə hazır olub-olmadıqlarını sorduq. “Kids gallery” adlı fotostudiyadan hafta.az-a bildirildi ki, sərt karantin rejimi onların fəaliyyətinə təsirsiz ötüşməyəcək. Fotostudiyanın rəhbəri Aqşin Əmirli deyib ki, mart ayından bu yana demək olar ki, fəaliyyət göstərməyiblər: “Studiyanın dizaynını dəyişdik. 5 min manat xərc qoyduq. Yay dizaynına keçdik. Dizayn işləri iki-üç gündür ki, bitib. Cəmi bir sifariş yerinə yetirmişik. İcarəpulu da bir tərəfdən... Çox güman ki, ofisi bağlayacağıq. Çünki icarəpuluna gücümüz çatmayacaq. Yaxşı olardı ki, dövlət yenə də sahibkarlara pul ayıraydı. Bu, bizə çox böyük kömək olar”.

Çayxanalarda da durum eynidir. Sabah onlar üçün də sonuncu iş günüdür. On beş gün işləməyəcəklər. Çayxana sahibi Eldar kişi deyir ki, dövlətin dediyi qanundur: “Dövlət baba nə deyirsə, odur. Biz nə karəyik?! Amma bizə bu işsizlik günlərində yardım etsələr yaxşı olar.Yoxsa, məcbur qalıb işçiləri çıxaracam. Çünki onlara ödəmək üçün pulumuz yoxdur. Onlar da, mən də gündəlik məvacibə, qazanca işləyirik. 5 manat olsa 5, 15 olsa 15 manat... İşə baxır. İcarəhaqqı vermirəm. Yer özümündür”.

Kafelərdə isə vəziyyət o qədər də acınacaqlı olmayacaq. Çünki onlayn sifarişləri yerinə yetirəcəklər. Kafe sahibləri deyir ki, onlayn sifarişlərlə normal günlərdəki qazancın 70-80 faizini çıxara bilirlər: “Təkcə problem oradadır ki, icarədarlar, kirayəpulunu endirmirlər. Biz də məcbur qalıb dişimizi sıxacağıq. Əsas insanların, müştərilərin sağlamlığıdır. Dövlətin bir bildiyi var ki, qaydaları sərtləşdirir. Müvəqqəti çətinlikdir, dözməliyik. Birdəfəlik bir-iki ay bağlasınlar, virusun kökü tam kəsilsin. Gah açıb, gah bağlamaqla bir şey olmayacaq”.

Dönərxanalar da açıq fəaliyyəti sabahdan dayandıran obyektlər sırasındadır. Amma onlar da onlayn sifarişləri yerinə yetirəcəklər. Dönərçilərin sözlərinə görə, şirniyyat sexlərindən fərqli olaraq sərt karantin günlərində dönərə və digər “fast-food” yeməklərinə təlabat azalır: “Adi günlərdə 150-220 dönər satırıq. Sərt karantin günlərində sifariş isə 2-3 dəfə azalır. Bəzən elə olur ki, 30-40 dönər ancaq sata bilirik. İşçilərin də maaşına təsir edir, bizim də qazancımız azalır. İcarədarlar isə bizi çox vaxt başa düşmürlər”.

Bəzi meyvə-tərəvəz mağazaları da sabahdan tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar olaraq endirimə başlayıblar. Hətta mağazaların qarşısında açıq satışla məşğul olurlar. Səbəbini soruşuruq. Bildirirlər ki, insanlar bayıra çıxmayacaq. Mallar əllərində qala bilər və ziyana düşmə ehtimalları çoxdur: “Çünki qərar qəfil oldu. Sifarişi çox vermişdik. Çünki təlabat yüksək idi. İndi məcburuq ki, sabaha qədər malları sataq ki, əlimizdə məhsul qalmasın. Endirimlər də ona görədir. İstənilən halda dövlətin qərarını alqışlayırıq”.

Bərbərxanalar isə fəaliyyətini tam məhdudlaşdıracaq. Onlar onlayn sifariş yerinə yetirməyəcəklər. Çünki bu, qayda pozuntusudur. Bərbərlər belə deyirlər.

Bir sözlə, ictimai iaşə obyektlərindən bəziləri karantin rejiminə hazır olmadıqlarını bildirsələr də, bir çoxları artıq mövcud vəziyyətə öyrəşdiyini söyləyirlər.