İndi söz Rusiyanındır - Tahir Cəfərli

11:43 29.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi analitik Tahir Cəfərli hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycanda  növbədənkənar parlament seçkilərindən gözləntilərini şərh edib,  payızda ABŞ-də gözlənilən prezident seçkilərində Demokratların mümkün namizədi Kamala Harrisi digər respublikaçı namizəd D.Trampla müqayisə edib,  İranın yenicə seçilmiş prezidenti Məsud Pezeşkianın ölkənin daxili və xarici siyasətində, xüsusən də soydaşlarımızın hüquqlarının müdafiəsi və Azərbaycanla münasibətlərin normallaşması üçün görə biləcəyi işlərdən və s. danışıb, Ermənistanla sülh sazişinin imzalanması haqda proqnozlarını dilə gətirib.

-Tahir müəllim,  Milli Məclisi buraxılması və növbədənkənar seçkilər keçirilməsinə qərar verilməsi haqda çox fikirlər səslənib. Sizin də fikrinizi bilmək oxucular üçün maraqlı olardı...

- İqtidar üçün yeni növbədənkənar seçkilərin Azərbaycanı gözləyən böyük dünya əhəmiyyətli tədbir olan “COP-29”  ərəfəsində keçirilməsinin məqsədi hər şeydən əvvəl bütün dünyaya Azərbaycanda seçkilərin demokratik prinsiplər əsasında  keçiriləcəyini  göstərməkdir.  Odur ki,  növbəti parlament seçkilərindən çox şey gözləmək olar.

Növbəti seçkilərdə gerçəkdən əqidəli, vətənpərvər, yüksək səviyyəli insanların deputat seçiləcəyi məsələsi də vacibdir. Çünki bu insanlar ölkənin qarşısına çıxan problemlərin həllində daha yaxından iştirak edə bilərlər. İndiki Milli Məclis deputatlarının çoxunun ictimai həyatda passivliyi də göz qabağındadır...

-Hazırkı ABŞ Prezidenti Co Baydenin namizədliyini geri çəkməsindən sonra onun da tövsiyəsi ilə Demokratlar partiyasından prezidentliyə namizədin vitse-prezident Kamala Harrisin olacağı gözlənilir. Onun bir siyasətçi kimi göstəricilərini və Tramp üzərində qələbə çalmaq şanslarını necə dəyərləndirirsiz?

-ABŞ prezidentinin kimliyindən asılı olmayaraq bu ölkənin çox ciddi iqtisadi və siyasi problemləri vardır ki, onların yeganə həlli liberalizmdən uzaqlaşıb ənənəvi ABŞ proteksionizminə qayıtmaqdır. Bütün göstəricilərə görə ABŞ-nin prezidenti proteksionist olmalıdır ki, ölkəni düşdüyü iqtisadi və siyasi böhrandan qurtarsın. Kamala Harrisin iqtisadi bilikləri Trampla müqayisədə faktiki olaraq  heçə bərabərdir, çünki bu günə qədər həmin siyasətçi heç bir iqtisadi layihənin həyata keçirilməsində iştirak etməyib. Tramp isə prezidentliyi və ondan sonrakı dövrdə özünü çox ciddi iqtisadçı kimi göstərmişdir. Nəzərə alsaq ki, ABŞ vətəndaşları iki siyasətçini müqayisə etmək üçün statistikaya da əl atırlar, həmin göstəricilərə görə Kamala Trampın yanından belə, keçə bilməz. Odur ki, demokratlar Trampın qarşısına çıxara biləcəkləri siyasi lider tapa bilmirlər. Trampa qarşı sui-qəsddən sonra faktiki olaraq demokratlar uduzublar. Onlardan seçilən prezidentlər son illərdə 16 milyon müsəlmanın nahaq qanını axıtmışlar…   Və budəfəki seçkilərdə keçən seçkilərdəki kimi Trampa qarşı demokratlar yenə də əliəyrilik etsələr, ABŞ-də vətəndaş  müharibəsi olacaq…

 - Bu arada eks-prezident Barak Obamanın xanımı Mişel Obamanın da mümkün namizədlərdən biri olacağı gözlənilir. Ona necə dəyər verirsiz?

- Obamanın xanımının prezident ola biləcəyini düşünmək ağlagələsi hal deyil. ABŞ-nin keçmiş birinci ledisinin səviyyəsi evdar qadının səviyyəsindədir. Barak Obama onu seçdirmək istəyir ki, özü ABŞ-ni idarə etsin. Bu da ağıla gələsi deyil.

-İranın yenicə prezidenti seçilmiş soydaşımız Məsud Pezeşkianın daxili və xarici siyasətində hansı yenilikləri gözləyirsiz?

-İlk növbədə İranın Prezidentinin  nəyisə dəyişəcəyi ilə bağlı illüziyalara uymaq lazım deyil. Onun seçilməsi İran rəhbərliyinin  gələcək üçün hazırladığı siyasəti həyata keçirməsi üçün atdığı strateji addımdır…

Bilirsiz, İranın siyasi qazanı qaynayırdı, Təbriz və başqa şəhərlər, Qarabağ azad olandan sonra milli zəmində daha da aktivləşmişdilər. Onlara kənar qüvvələr də təsir edirdi. Bu qaynar qazanın qapağını qaldırıb, buxarı buraxmağı Pezeşkianın üstünə atdılar. O, prezident seçilən kimi, İran sakitləşdi...

İranda bu günə qədər bir prezident dini rəhbərinin göstərdiyi yoldan dönməyib və dönə bilməz də... Azərbaycanlılığından, farslığından, kürdlüyündən asılı olmayaraq prezident ölkəni İranın vətəndaşlıq prinsipi olan “Bütün müsəlmanlar qardaşdır!” devizi əsasında idarə etməlidir. Azərbaycanlı olmasının, bu dildə danışmasının heç bir əhəmiyyəti yoxdur. İranda ən böyük azərbaycanlı elə ali dini lider Ayatolla Xameneidir, dərinə getsək, Mirzə Fətəli Axundovun nəslindəndir. 36 ildir İran onun əlindədir. Fars demişkən  “Çi fayda?”..

Təbii ki, prezident olaraq Pezeşkian da  istər daxili, istərsə də xarici siyasətdə Xameneinin dediklərini edəcək...

-Konkret olaraq Cənubi Azərbaycandakı soydaşlarımızın haqlarının müdafiəsi və Azərbaycanla münasibətlərin mümkün qədər normallaşması üçün cənab Pezeşkian hansı işləri görə bilər?

- Cənubi Azərbaycandakı soydaşlarımızın tələbi  Azərbaycan dilində məktəblərin olmasıdır. Bu, əsas tələbidir. Pezeşkian bu tələbi tamlığı ilə yerinə yetirməyəcək. Bununla belə, İran Konstitusiyasının,  zənnimcə, 15-ci maddəsini əsas götürüb, Cənubi Azərbaycanda olan məktəblərdə Azərbaycan dilini tədris edəcəklər. İran Konstitusiyasının 15-ci maddəsində deyilir: "İran xalqının rəsmi müştərək dili və xətti farsdır. ...Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır"...

Bir sözlə, ola bilsin, Cənubi Azərbaycan məktəblərində Azərbaycan dili tədris olunsun. Ancaq inanmırıq ki, Azərbaycan dili ikinci dövlət dili kimi qəbul olunsun, çünki bu, İranın parçalanması demək olardı. Bir də Pezeşkianın əlində belə səlahiyyət də yoxdur axı…

Bu günə qədər  Cənubi Azərbaycanda ana dilində məktəb açılmamağının səbəbkarı da elə özümüzük. Azərbaycanın talış zonasında talış dili, Qubada, Qusarda ləzgi və s. bölgələrdəki digər millətlərin ana dillərində dərs deyilir. Hətta rusdilli məktəblərdə də… Dövlət dili isə ölkənin bütün xalqlarını birləşdirir. Vahid bir dövlətin yaranmasına  xidmət edir. Şimalı Azərbaycanda dövlət dilinin funksiyası da elə budur… 

Ümumiyyətlə, İranda insan hüquqları ilə bağlı məsələlərə azərbaycanlıların və yaxud farsların hüquqları çərçivəsində  baxmaq gülüncdür. Götürək, seçki hüququnu. Son seçkilər göstərdi ki, İranda milliyyətindən asılı olmayaraq istənilən xalqın nümayəndəsi prezident seçilə bilər. Azərbaycanlının seçilməsi isə dünyaya nümayiş etdirdi ki, İran vətəndaşları arasında milli ayrı-seçkilik yoxdur. İndi dünya bunu demokratiyanın qələbəsi kimi qəbul edir…  

İran dövlətinin öz  vətəndaşlarına qarşı münasibəti başqa ölkələrdən daha ciddi şəkildə fərqlənir. Digər ölkələrdən fərqli olaraq İranda təhsil, səhiyyə pulsuzdur. İran əhlinin çoxu Qərb mənəviyyatını ölkəsində görmək istəmir, yəni dünyanın mənəviyyatsızlığa yönəldən liberalizmə qarşıdırlar.  Yeri gəlmişkən,  ABŞ prezidentliyinə namizəd D.Tramp da bu fikirdədir…

İranda hamı üçün bir meyar vardır: İran İslam Respublikasının vətəndaşı. İranda, elə bil,  sovet zamanıdır. Və bu ölkədə milli  zəmində qarşıdurma olacağına inanmaq  gülüncdür.

Bütün deyilənlərə rəğmən İran-Azərbaycan münasibətlərinin yaxşılaşması gözlənilir. Buna səbəbkar Pezeşkianın azərbaycanlı olması yox, Çin-Qazaxıstan Tranzitinin Azərbaycandan keçib İrana getməsidir. İran bunu  Çinə görə etdiyindən Azərbaycana qarşı iddialarından geri çəkiləcək, çünki hər şeydən əvvəl ABŞ və AB İrana qarşı sanksiyalarını  aradan qaldırmaq üçün Azərbaycandan  keçən tranzit yollar İran iqtisadiyyatına böyük səmərələr verə bilər. Ən maraqlısı odur ki, bu tranzitlərin işləməsi regionumuzda daimi sülhün bərpası üçün iqtisadi əsas yaradacaq… 

 - Sizcə, dünya birliyi, heç olmasa, bu ilin sonunadək İsraili Qəzzada durdura biləcəkmi?

-Hər şeydən  əvvəl onu deməliyik ki, Qəzzada baş verənlər tək İsrailin əməli deyil. Həmin hadisələr ilk növbədə müəyyən  geosiyasi məqsəd daşıyır. Söhbət İsrailə qarşı gedəcək dövlətin  cəzalandırılması və Yaxın Şərqin yenidən bölüşdürülməsindən gedir…

 Birincisi, İsrail-“HƏMAS” savaşı İranı günahlandırmaq və cəzalandırmaqdan ötrü NATO qoşunlarının bu ölkəyə girməsi üçün şərait yaradır. Odur ki, dünya birliyi təşkilatı hesab edilən BMT min dənə də qərar çıxarsa, bu məsələ açıq qalacaq.

İrandan söz düşmüşkən, bu arada yaxınlığımızda baş verən maraqlı hadisələrdə biri də odur ki, Ermənistanın Avropa Birliyi adıyla NATO qoşunlarını oraya buraxması, İran rəhbərliyini narahat edir. Bu saat regionumuzda sülhün və əmin-amanlığın təminatı Azərbaycanın, Rusiyanın, Qazaxıstan, Çinin, bir də İranın əlindədir. Bu ölkələrin Azərbaycanla bağlı tranzit layihələri işləsə, Cənubi Qafqazdan barıt iyi gəlməyəcək…

Ərəb ölkələri İsrailə qarşı niyə birləşmirlər? Birləşsəydilər, başqa proseslərin şahidi olardıq.

 -Londonda Əliyev-Paşinyan görüşü baş tutmadı. Bunun əsas səbəbini nədə görürsüz?

–Hər şeydən əvvəl bu çox əhəmiyyətsiz görüş olardı. Bütün dünyaya aydındır ki, Azərbaycan-Ermənistan sülh sazişi 10 noyabr 2020-ci il üçtərəfli razılaşması əsasında Rusiyanın iştirakı ilə olmalıdır. Zəngəzur boşaldılıb, Rusiyanın “FSB”-nə verilməlidir ki, tranzit işləsin. Bunda Türkiyənin də böyük marağı vardır…  

Bu günə qədər  Zəngəzur boşaldılmayıb. Ermənistan tərəfi də razılaşmaya əməl etmir. Söz Rusiyanındır. Bu saat Nikol Paşinyan İrəvanı da bizim üçün boşaltsa, biz onun təklifinə qol atmayacağıq. Azərbaycan üçün 10 noyabr 2020-ci il razılaşması və Zəngəzur dəhlizində Rusiyanın iştirakı məqsədəuyğundur. Amma qoy, erməniləri yerində oturtmağı ruslar öz üzərinə götürsün, çünki Zəngəzur dəhlizinin işləməsindən ən çox faydalanacaq ölkə Rusiya və Türkiyədir…   

-Belə bir durumda 2024-cü ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişi olmasa da, heç olmasa hansısa bir çərçivə sazişi imzalanması ehtimalı varmı?

- İnanmıram ki, başqa bir ölkədə çərçivə sazişi bağlansın. Rusiya məsələdə 10 noyabr 2020 il razılaşmasını əsas götürür. Onun iqtisadi və hərbi vəziyyəti bir az da pisləşsə, hər iki ölkəni masa arxasına gətirib özünün iqtisadi və siyasi maraqlarına uyğun sülh sazişinə qol çəkdirəcək. Bunu etmək üçün Rusiyanın əlində 1998-ci il Ermənistan-Rusiya dostluq və əməkdaşlığı haqda sazişi var. Azərbaycan bundan heç nə itirmir…

Azərbaycan Prezidenti İlham Əliyev bunu yaxşı bilir, odur ki, bununla bağlı başqa ölkələrdə nə danışıqlar, nə də müzakirələr aparır…

 Nikol Paşinyan da bundan xəbərdardır, qorxusundan o, da başqa ölkələrdə danışıqlardan qaçır, çünki keşişlərin ona qarşı inqilabi çıxışları hələ qurtarmayıb. Onlar isə birbaşa  Moskvadan idarə olunurlar. İstədikləri vaxt üzə çıxa bilərlər. Odur ki, Paşınyan Rusiyanın istədiyi kimi, 10 noyabr razılaşması  çərçivəsində sülh sazişini tezliklə imzalayacaq…