İndoneziyada Cənub-Şərqi Asiyanın ilk sürətli qatar xətti açıldı

11:27 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın paytaxtı Cakarta ilə Bandunq şəhərini birləşdirən Cənub-Şərqi Asiyanın ilk yüksək sürətli qatar (YHT) xətti açılıb.

Hafta.az-ın “The Jakarta Post” qəzetinə istinadən yazdığına görə, prezident Coko Vidodo “Bir kəmər, bir Yol” təşəbbüsü çərçivəsində Çinlə ortaq şəkildə istifadəyə verilən Cakarta-Bandung YHT xəttininin rəsmi açılışında iştirak edib.

Vidodo açılış mərasimində qatarın adını çıxardığı səsdən ilhamlanaraq “Whoosh” qoyduqlarını bildirib.

Qatarın çata biləcəyi ən yüksək sürətin saatda 350 kilometr olduğunu bildirən president Vidodo, layihəni "ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın modernləşdirilməsi" olaraq xarakterizə edib.

Əsasən Çin tərəfindən maliyyələşdirilən və dəyəri 7,3 milyard dollar olan bu xətt paytaxt Cakarta ilə Bandunq şəhərini 142 kilometrlik dəmir yolu ilə birləşdirir.

2015-ci ildə tikintisinə başlanan Cənub-Şərqi Asiyanın ilk HSR layihəsinin 75 faizi Çin İnkişaf Bankının krediti hesabına maliyyələşdirilib.