İordaniya kralı II Abdullah sosial media platformalarında “milli birliyə” xələl gətirən paylaşımlara görə həbs cəzası nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, Kral II Abdullah tərəfindən təsdiqlənən qanun layihəsi "əxlaqsızlığı təşviq edən, dini təhrik edən, alçaldıcı və ya milli birliyi pozan" mətnlərə görə həbs və ya cərimə nəzərdə tutur.
Qanunla həmçinin İordaniya təhlükəsizlik qüvvələrinin əməkdaşlarının adlarını və fotolarını açıqlayanların internetdə cəzalandırılacağı və internetdə anonim hesablara məhdudiyyətlərin qoyulacağı gözlənilir.
II Abdullahın təsdiq etdiyi qanun layihəsinin qanuna çevrilməsi və gələn ay qüvvəyə minməsi gözlənilir.
Müxalifət deputatları və insan haqları təşkilatları deyirlər ki, yeni qanun “İordaniya hökumətinin sosial media platformaları üzərində nəzarətini artıracaq, ifadə azadlığını pozacaq və hökumət əleyhinə fikirlərə malik insanları cəzalandıracaq”.