İqlim dəyişikliyi 1 saat üçün dünyaya 16 milyon dollara başa gəlir

11:05 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 20 ildə qlobal ekstremal hava hadisələri, qasırğalar, daşqınlar və istilik dalğaları kimi təbii fəlakətlərin dəyəri təxminən 2,8 trilyon dollara çatıb. Təhlil müəlliflərinin fikrincə, bu xərc hər bir saat üçün 16,3 milyon dollara uyğundur və bu rəqəmlərə infrastruktur, kənd təsərrüfatı və insan sağlamlığı kimi sahələrdə dəyən zərərlər də daxildir.

Hafta.az-ın yazdığına görə, sentyabrın sonunda BMT-nin İqlim Sammitində təşkilatın baş katibi Antonio Quterreş artan təbii fəlakətlər səbəbindən həyatını itirən və evlərini tərk etmək məcburiyyətində qalan əhali üçün “İnsanlıq cəhənnəmin qapılarını açdı” ifadəsini işlədib. Quraqlıq və daşqınlar, həddindən artıq istilər səbəbiylə gələcəyi təhlükə altında olan fermerlər hava çirkliliyi və tükənən biomüxtəliflik səbəbiylə sağlamlıq problemlərini dilə gətiriblər.

“Dünya formalaşmaqda olan bir fəlakətə doğru gedir, lakin təəssüf ki, biz lazımi tədbirləri görməkdə ləngiyirik”, - Quterreş bildirib.

Dünya İqtisadi Forumunun (WEF) mühüm təhlilinə əsasən, bu cür təbii fəlakətlər son 20 ildə dünyaya 2,8 trilyon dollar ziyana başa gəlib və bu da xərclərin saatda 16,3 milyon dollara bərabər olması deməkdir.

Analiz 2000 - 2019-cu illər arasında baş vermiş 185 ekstremal hava hadisəsini ehtiva edən məlumat bazasına əsaslanır. Bu hadisələr zamanı iqlim dəyişikliyi ilə əlaqəli ola biləcək 60951 ölüm halı qeydə alınıb. Bu, insanın səbəb olduğu iqlim dəyişikliyinin araşdırılan 185 hadisədən orta hesabla 260 milyard dollarlıq zərərlə və ya ümumi zərərin təxminən 53 faizi ilə əlaqəli ola biləcəyini ortaya qoyur. İqlim böhranı ilə bağlı zərərlərin əksəriyyəti qasırğa kimi fırtınalarla bağlı olduğu halda, zərərlərin 16 faizi istilik dalğaları ilə bağlıdır.

Daşqınlar və quraqlıq hər biri xalis zərərin 10 faizini, meşə yanğınları isə 2 faizini təşkil edir.

Araşdırmanın həmmüəllifi və Yeni Zelandiyanın Viktoriya Universitetinin professoru İlan Noy “The Guardian”a deyib ki, bəzi ekstremal hava hadisələri ilə bağlı məlumatlar məhduddur və buna görə də real xərclər xeyli yüksək ola bilər.

İsti hava səbəbiylə insan ölümləri ilə bağlı məlumatların yalnız Avropada olduğunu ifadə edən Noy, "Səhraaltı Afrikada isti dalğaları səbəbiylə neçə insanın həyatını itirməsi ilə bağlı məlumatımız yoxdur" deyib.