İqtisadi fəaliyyət xərcləri azaldılır

13:00 05.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələn il Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 22 faiz azaldılacaq. Belə ki, 2024-cü ildə ölkəmizdə iqtisadi fəaliyyət xərclərinin 7 milyard 380 milyon manat olması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyi xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,5 faiz azdır.

Xatırladaq ki, bu ilin ortasında “2023-cü il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklərə əsasən, dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı ayırmalar 2 milyard 511,701 milyon manat və yaxud 36,4 faiz artırılaraq 6 891,164 milyon manatdan 9 milyard 402,865 milyon manata çatdırılır. Sənədə əsasən, iqtisadi və kommersiya fəaliyyəti xərclərinin dəyişdirilməyərək 56,02 milyon manat, geodeziya və faydalı qazıntı xərclərinin dəyişdirilməyərək 9,43 milyon manat, yanacaq və enerji kompleksi xərclərinin dəyişdirilməyərək 3,05 milyon manat saxlanılması, nəqliyyat və rabitə xərclərinin 31,501 milyon manat və yaxud 8,6 faiz azaldılaraq 366,882 milyon manatdan 335,381 milyon manata endirilməsi, tikinti və şəhərsalma xərclərinin 1 milyard 810 milyon manat və yaxud 32 faiz artırılaraq 5 milyard 651,97 milyon manatdan 7 milyard 461,97 milyon manata, iqtisadi fəaliyyətlə bağlı digər xərclərin isə 733,201 milyon manat və yaxud 91,2 faiz artırılaraq 803,811 milyon manatdan 1 537,012 milyon manata çatdırılıb.

Maraqlıdır, görəsən, növbəti il üçün iqtisadi fəaliyyət xərclərinin azaldılması nə ilə bağlıdır?

Mövzunu qəzetimizə şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, iqtisadi fəaliyyətin azaldılması hər bir dövlətin hədəfində olan məsələ olmalıdır: “Bazar iqtisadiyyatı modeli ilə çalışan hökumət ilbəil iqtisadi fəaliyyətini minimuma endirməlidir. Yəni, dövlətin iqtisadiyyatda fəaliyyəti minimum səviyyəsində olmalıdır. Bu gün Azərbaycan hökumətinin iqtisadi fəaliyyət, hətta kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərinin sayı kifayət qədərdir. Əslində bu şirkətlərin hər il özəlləşdirilməsi prosesi getməlidir və bu proses ləng də olsa, gedir. Düzdür, böyük şirkətləri özəlləşdirmirlər. Məsələn, Azərsu, Azərenerji, Azəriqaz, SOCAR və s. buna bənzər şirkətlərin özəlləşdirilməsi ehtimalları çox aşağıdır. Amma kiçik şirkətləri özəlləşdirirlər və dövlət büdcəsindən ona ayrılan vəsaitlər də azalır. Bunun hesabına Azərbaycan hökumətinin iqtisadi fəaliyyətə yönəlik xərcləri də ilbəil azalır. Müşahidə etsəniz görərsiniz ki, hər ay özəlləşdirmə ilə bağlı elanlar verilir və bu elanlara uyğun özəlləşdirilən dövlət əmlakının siyahısı Əmlak Məsələləri Dövlət Komitəsində mütəmadi olaraq yenilənir”.