İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Ermənistanla Fars körfəzi arasında yeni tranzit dəhlizi yaratmağa hazır olduqlarını bildirib.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, Qasimi paytaxt Tehranda Ermənistanın regional hökuməti və infrastruktur naziri Qnel Sanosyanla görüşüb. Görüşlə bağlı açıqlama verən Qasimi, erməni həmkarı ilə iranlı şirkətlərin Ermənistanda tunel, yol və yaşayış evlərinin tikintisi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
“İranın mənzil tikintisi sahəsində yaxşı təcrübəyə malik olduğunu nəzərə alaraq, Milli Mənzil Hərəkatı çərçivəsində İranın tikinti şirkətlərinin Ermənistanda fəaliyyətə başlaması qərara alınıb”, - Qasimi deyib.
Görüşdə Ermənistan üzərindən yeni şimal-cənub dəhlizinin yaradılmasının da müzakirə edildiyini qeyd edən Qasimi, Şərqi Azərbaycan vilayətinin Nurduz bölgəsi üzərindən Ermənistanı Fars körfəzinə birləşdirəcək yeni tranzit dəhlizi yaratmağa hazır olduqlarını bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan oktyabrın 21-də Ermənistana səfəri zamanı Fars körfəzini Qara dənizə birləşdirməyi planlaşdıran tranzit dəhlizi üçün İran, Hindistan və Ermənistan arasında üçtərəfli mexanizm yaratmaq istədiklərini demişdi.