İran administrasiyasının ötən ilin sentyabrında Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra hadisəyə reaksiya verən məşhur simaları cəzalandırmaq üçün gizli komissiya yaratdığı iddia edilir.
Hafta.az-ın BBC Farsian-a istinadən yazdığına görə, nümayişlər başlayandan 6 gün sonra, sentyabrın 22-də iqtisadiyyat nazirliyinə göndərilən məktubda ictimaiyyət arasında tanınan 141 nəfərin adı yer alıb. Yaxın Şərq ölkələrindən birinin kəşfiyyat orqanından əldə olunan üç sənəddə dövlətin çağırışlarına əməl etməyən məşhur adların qarşısının alınmasına dair planlar var.
Sənədlərdə yer alan 22 sentyabr tarixli məktubda “Məşhur İş Qrupu” adlı komitənin qəbul etdiyi qərarların yer aldığı, komitəyə Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmailinin sədrlik etdiyi bildirilib. Məktubda nazirlikdən bu adların vergi ödənişlərinin araşdırılması, həmin şəxslər barəsində tədbir görülməsi istənilib.
Qeyd olunub ki, siyahıda İran futbolunun əfsanəsi Əli Dayi və aktrisa Təraneh Əlidusti kimi adlar da var. Alidusti dekabrın 17-də nümayişçilərdən birinin edam edilməsinə reaksiya verdiyi üçün saxlanılıb və iki həftə sonra zaminə buraxılıb.
Bildirilib ki, məktubdakı adlar arasında Əli Dayi və Təraneh Əlidusti ilə yanaşı, kinorejissorlar Əsgər Fərhadi, Pegah Ahangarani, Manijeh Hikmət, Borzu Arjmand, Şahin Səmədpur və televiziya aparıcısı İhsan Kərəmi də var.
Məktubda adı çəkilən şəxslərdən biri BBC Farsian-a deyib: "Nümayişləri dəstəkləməyə davam etdikləri təqdirdə, bütün fəaliyyətlərinə görə vergi ödəməklə hədələniblər". O, daha iki nəfərin nümayişləri dəstəklədikdən sonra bank hesablarının bağlandığını bildirib.
26 sentyabr tarixli və “tam məxfi” etiketli başqa bir sənədə əsasən, “Məşhurların İş Qrupu” adlı komitənin adı dəyişdirilərək “Məşhurlar Komitəsi” olaraq dəyişdirilib və bölmə daimi fəaliyyət göstərib. Sənəddə məşhurlar üçün bütün qərarların “xərcləri azaldan və faydaları artıran” şəkildə qəbul edilməsinin vacibliyi vurğulanırdı.
Sənəddə Mədəniyyət və Kəşfiyyat Nazirliyindən media nümayəndələrinə, müğənnilərə və sənətçilərə, İdman Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsindən isə idmançılara diqqət yetirmək istənilib.
1 noyabr tarixli başqa bir sənəddə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı öncəsi futbolçuların mümkün reaksiyalarına qarşı necə tədbir görülməsi müzakirə olunub. Sənəddə bildirilirdi ki, dünya çempionatına qədər İran Milli Komandasının oyunçuları və onların məşqçisinin bütün aktivləri dondurulmalıdır.
Noyabrın 21-də İranın dünya çempionatında İngiltərə ilə ilk oyunundan əvvəl iranlı futbolçular nümayişləri dəstəkləmək üçün dövlət himnini oxumayıblar və bu hadisə bütün dünyada geniş əks-səda doğurub.
Həmin sənəddə aktrisa Fatemeh Motamed-Aryanın “davamlı hörmətsizliyi”ndən komitənin narahat olduğu bildirilib və Tehran prokurorluğuna Motamed-Aryanın işinin prioritetləşdirilməsi ilə bağlı tələb təqdim edilib. Motamed-Arya nümayişlərdən sonra hicabsız paylaşım edərək rejimi sərt sözlərlə tənqid edib.
Bu arada, etiraz aksiyalarında tutduğu mövqeyə görə məşhurları cəzalandırmaq üçün xüsusi komitə yaradıldığını üzə çıxaran sənədlərin sızmasından iki gün sonra İran polisi iki məşhur aktrisanın “ictimai yerlərdə hicabsız görünməsini” bəhanə edərək haqlarında cinayət işi açıb.
İnqilab Keşikçiləri Ordusuna bağlı “Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, Tehran polisinin haqlarında cinayət işi açdığı qadınlar aktrisa Katayun Riyahi və Pantea Bəhramdır.

Ötən həftə Tehrandakı kinoteatrlardan birində iş müsahibəsində hicabsız iştirak edən 53 yaşlı Pantea Bəhramın fotoları geniş işıqlandırılıb.
61 yaşlı Katayun Riyahi isə ötən ilin noyabrında paytaxtda bir çox ictimai yerlərdə çəkdirdiyi hicabsız fotolarını paylaşıb. İranın ən tanınmış aktrisalarından sayılan Katayun Riyahi hicabsız fotolarını İnstaqramda yayımladığı üçün bir həftədən çox həbsdə qaldıqdan sonra noyabrın sonunda zaminə buraxılmışdı.
Qeyd edək ki, Riyahi digər həmkarlarından əvvəl etiraz hərəkatını dəstəkləmək üçün bu addımı atan ilk iranlı aktrisa olub.
Bu, İran mediasının hakimiyyət orqanlarının məşhur idmançılara və kino ulduzlarına məxsus restoranlara hicab qaydalarına əməl etmədiyinə görə xəbərdarlıq göndərməsi barədə məlumat yaydığı bir vaxta təsadüf edib. Xəbərdə milli futbol komandasının baş məşqçisi Emir Kalenuyi, keçmiş futbol ulduzu və məşqçi Əli Dayi, həmkarı Kerim Bakiri, keçmiş məşqçi və ulduz futbolçu Əli Rıza Mansuriana istinad edilib. Kino ulduzları Məhəmməd Reza Gülzar və Bahareh Rahnama da oxşar xəbərdarlıqlar alıblar.
Buna cavab olaraq “Fars” xəbər agentliyi Tehrandakı “Abal” ticarət mərkəzinin bağlandığını bildirib. Agentlik qeyd edib ki, bağlanma ticarət mərkəzinə hicabsız daxil olan qadınlara edilən xəbərdarlıqlara “məhəl qoymadıqları” üçün baş verib.
İranda Məhsa Əmini nümayişlərinin başlamasından bu yana 7 ay ərzində rejimə reaksiya verən bir çox sənətçi, idman adamı və sosial media məşhurları maliyyə cəzaları, səyahət qadağaları və həbslərlə üzləşib.
Yerli insan haqları təşkilatlarının məlumatına görə, nümayişlərdə 71-i uşaq olmaqla azı 522 nəfər həyatını itirib.