“Belarus prezidenti Aleksandr Lukaşenko İran prezidenti Məsud Pezeşkianın səfərini iki əsas amillə izah etdi: “Biz sizinlə ölkənizi ərzaqla təmin etməyə və hərbi-texniki əməkdaşlığa qədər olan bütün məsələlərdə birgə fəaliyyətə hazırıq".
Pezeşkian da öz növbəsində səfərinin əsas məqsədinin bu iki sahədə əməkdaşlıq olduğunu gizlətməyərək dedi: "Əlbəttə, iqtisadi, mədəni sahələrdə, ölkələrimiz arasında turizmin inkişafında, həmçinin qeyd etdiyiniz kimi, hərbi-texniki əməkdaşlığın inkişafında bizim ümumi fikirlərimiz həyata keçirilməlidir"...”
Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz “İran prezidenti Məsud Pezeşkianın Belarus səfərini necə dəyərləndirirszi?” sualını cavablandırarkən söyləyib:
“Pezeşkian və Lukaşenko arasında aparılan danışıqlarda Şimal-Cənub dəhlizinin qurulması da mühüm yer tutub. Hər halda bunu Belarus prezidentinin özü etiraf edib.
"İran bizi Rusiya və İrandan keçən logistika marşrutundan daha fəal istifadə etməyə inandırmağa çalışıb. Rusiya- Ermənistan- İran və Fars körfəzi. Bizi inandırmağa çalışırlar! Bizə ilk növbədə bu lazımdır", - Lukaşenko görüşdən sonra keçirdiyi mətbuat konfransında belə deyib”, - deyə davamında siyasi şərhçi bildirib.
“Açığı, İran Ermənistandan keçirdiyi malları Rusiyaya necə daşıyacaq, bunu anlamış deyiləm. Əgər Gürcüstan üzərindən keçən və həftə səkkiz- mən doqquz bağlanan Yuxarı Lars yolunu nəzərdə tutursa, Allah ona da, Ermənistana da, Belarusa da xeyir versin. Yox, əgər onun nəzərdə tutduğu əvvəl Ermənistandan keçərək, sonra Azərbaycan üzərindən Rusiyaya nəqldirsə, mənim anlamadığım bir məsələ var: İran Xəzər və ya Azərbaycan üzərindən rahat və bir başa keçid xətlərini qoyub, niyə sağ qulağını sol əliylə qaşıyır? Bütün hallarda bizə xeyir-dua vermək düşür. Buyursunlar, hansı Cənub Şimal dəhlizini seçirlər, özləri qərar versinlər”, -Heydər Oğuz vurğulayıb.