“İranın Azərbaycan da daxil olmaqla qonşu ölkələrə hücumu, keçən yay baş verdiyi kimi, ABŞ-a hücumları dayandırması üçün təzyiqi artırmaq məqsədi güdür. Ona görə də İran mümkün qədər çox ölkəyə təhlükəsizlik problemləri yaratmağa çalışır”.
Bunu Hafta.az-a açıqlamasında Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun direktor müavini, politoloq Vyaçeslav Potapenko deyib.
Ekspert qeyd edib ki, hücum üçün mümkün bəhanə Azərbaycanın ABŞ ilə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) imzalaması ola bilər.
Türkiyə və Rusiyanın Qars müqaviləsini əsas tutaraq İrana cavab vermə ehtimalını görmədiyini deyən Potapenko qeyd edib ki, beynəlxalq hüququn dron hücumları kontekstində tətbiq olunması ehtimalı azdır.
“İran mənşəli Rusiya dronlarının Polşa, Rumıniya və digər NATO ölkələri ərazisinə daxil olması ilə bağlı çoxsaylı faktlar var. Amma bunlar öhdəliklərin yerinə yetirilməsinə və ya Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsinə səbəb olmayıb”, - deyə o, fikrini tamamlayıb.