“İran istənilən hücuma müqavimət göstərməyə tam hazırdır. Biz İsrailin hərbi təhdidləri qarşısında səssiz qalmayacaq, bir daha işğal olunmuş Fələstinin dərinliklərini hədəfə almağa hazırıq”.
Hafta.az-ın yazdığına görə, bunu İran prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə”yə müsahibəsində deyib.
Pezeşkian vurğulayıb ki, İsrail əvvəl də İrana hücum edib və Tehran bu hücumlara qarşılıq verib. Onun sözlərinə görə, lakin sionist rejim öz itkilərini gizlətməyə çalışır. “İsrail xaos yaratmaq və məqsədyönlü hücumlar təşkil etməklə İslam Respublikası sistemini zəiflədərək sıradan çıxarmağa cəhd etdi, lakin uğursuz oldu”, - o deyib.
Pezeşkian İrana qarşı son hücumlara toxunaraq, “atəşkəsin yekun olmadığını” və İranın qətiyyətli müdafiə hüququndan istifadəyə davam edəcəyini vurğulayıb. Ölkədaxili sızmaların mövcudluğunu etiraf edən prezident bəyan edib ki, bu təhdidlərin arxasında duran əsas amil düşmənin Amerika texnologiya və imkanlarından istifadə etməsidir.
Pezeşkian həmçinin region ölkələrinin İranın son böhranda tutduğu mövqeni “görünməmiş hal” kimi dəyərləndirib, bunu regional bərabərliklərin dəyişməsinin əlaməti hesab edib. Prezident vurğulayıb ki, bütün gələcək danışıqlar "qazan-qazan" prinsipi əsasında aparılmalıdır, çünki İran heç vaxt təhdid və ya məcburiyyətləri qəbul etməyəcək. O, Donald Trampın İranın nüvə silahı əldə etməsinə qarşı çıxışlarına toxunaraq, "Biz nüvə silahı əldə etməyin əleyhinəyik və bu mövqe təkcə siyasi deyil, həm də dini, humanitar və strateji mövqedədir" deyib.
Pezeşkian əlavə edib: "İranın nüvə proqramını dayandırmsı sadəcə xəyaldır. Çünki nüvə potensialımız təkcə texniki imkanlarda deyil, alimlərimizin şüurundadır".
O, həmçinin İranın regional kollektiv təhlükəsizlik konsepsiyasını formalaşdırmağa hazır olduğunu vurğulayaraq, “Biz ümumi təhlükəsizliyi təmin etmək üçün ərəb qonşularımız və regionun digər ölkələri ilə görüşməyə hazırıq” deyib.
İranın Qətəri hədəf alması ilə bağlı ittihamlara cavab verən Pezeşkian, "Biz Qətərə hücum etməmişik. Qətər bizim dostumuz, xalqı isə qardaşımızdır" deyib. O, hücumun hədəfinin daha əvvəl İranı bombalayan ABŞ bazası olduğunu vurğulayıb. Pezeşkian həmçinin bildirib ki, hadisədən sonra Qətər əmirinə zəng edərək İslam Respublikasının Qətərə qarşı xeyriyyəçi, müsbət və qardaşlıq niyyətini vurğulayıb. Nəhayət, İran prezidenti ölkədə uranın zənginləşdirilməsi səylərinin davam etdiriləcəyini və bu prosesin beynəlxalq hüquq çərçivəsində aparılacağını açıqlayıb.