İranın nüvə silahı əldə etmək istəyir - Teymur Qasımlı

12:59 02.11.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün budəfəki söhbətimizdə  Gürcüstanda parlament seçkilərinin nəticələri, Şimali Koreyanın öz hərbçilərini Rusiyaya dəstək üçün göndərməsinə cavab olaraq Cənubi Koreyanın da Ukraynaya canlı qüvvə dəstəyi verə bilməsi ehtimalı, noyabrın 3-də Moldovada keçiriləcək prezident seçkilərinin ikinci turunun gözlənilən nəticələri, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində respublikaçı, yoxsa demokrat namizədin şanslı olması, İranın nüvə silahına yiyələnmək cəhdlərinə cavab olaraq İsrailin və Birləşmiş Ştatların görə biləcəyi tədbirlər və s. haqda danışdıq.

-Teymur bəy, oktyabrın 26-da qonşu Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiz?

-Gürcüstandakı parlament seçkiləri rəqabət halında keçdi. Özü də sərt rəqabət halında... Seçkilərin regionlar üzrə nəticələrinə görə maraqlı olaylar çox oldu. Son nəticə də bundan ibarət oldu ki, “Gürcü arzusu” hökumət qurmaq üçün yetərli səs, mandat əldə edə bilmədi. Bu baxımdan yekun olaraq söyləyə bilərik ki, Gürcüstandakı parlament seçkilərində nə müxalifət qalib gəldi, nə də iqtidar... Bir sözlə, bunu sərt rəqabətdə keçmiş seçkilər adlandırmaq olar.  İndi, bundan sonrakı proseslər daha maraqlı olacaq. Müxalifət bildirib ki, seçkilərin nəticələrini tanımadığı üçün parlamentə getməyəcək. Müəyyən olunmuş müddətdə, yəni üç ayda hökumət qurulmasa, yəqin ki, növbədənkənar parlament seçkiləri keçirilə bilər. Ona görə də İvanişvilinin komandası taktiki oyunlar aparacaq ki, müxalifəti parlamentə daxil olmağa vadar etsin və nəticədə hökumət qurulsun...

-Prezident Salome Zurabişvili və müxalifət liderlərləri başda olmaqla xalq kütlələrinin çoxsaylı saxtalaşdırma, qanunsuzluq halları aşkarlanmış seçkilərin nəticələrinə etiraz etməsinin ölkənin qarşıdurmaya çəkilməsi kimi dəyərləndirilməsi doğrudurmu?

-Dünyada belə bir presedent xatırlamıram ki, - bəlkə də olub,- ölkə prezidenti müxalifətlə birləşsin və hakimiyyətə qarşı mübarizə aparsın. Bu, Cənubi Qafqazda - Gürcüstanda baş verdi. Çox maraqlıdır ki, Salome Zurabişvili onu hakimiyyətə gətirən, onu Fransadan ölkəyə dəvət edən, onun xarici işlər naziri təyin edilməsinə dəstək olan, sonralar aralarında münaqişə yaşanan hazırda zindanda yatan eks-prezident Mixail Saakaşvilinin partiyasını indi də dəstəkləyir...

Mən düşünmürəm ki, müxalifət hakimiyyətlə kəskin qarşıdurmaya gedəcək. Çünki müxalifət də, iqtidar da ağıllı bir strategiya aparır. Hökumət kütləvi etirazları güclə dağıtmaq niyyətindən çəkinir, çünki bilir ki, bu, cəmiyyətdə daha kəskin reaksiya verəcək və o, nüfuzdan düşəcək. Onu da yaxşı bilirlər ki, öncə dediyim kimi, üç aydan sonra hökumət qurulmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək... Ola bilər ki, Rusiya və ya digərlərinin müdaxiləsi ilə Tiflisdə hansısa təxribatlar təşkil edilə bilər. Onu da ehtimal etmirəm ki, müxalifətin etirazları İvanişvilinin geri çəkilməsinə səbəb olacaq...

-Ukrayna kanallarının yaydığı son məlumatlara görə, artıq Şimali Koreyadan minlərlə əsgər Kursk cəbhəsinə gəlib və hətta Ukrayna ordusu onların dislokasiya olunduğu məkana ilk raket zərbələri endirib. Sizcə, Cənubi Koreya buna cavab olaraq öz qoşunlarını Ukraynaya göndərə biləcəkmi?

-Bəli, Şimali Koreyanın Ukraynaya cəbhəsində Rusiya qoşunlarına kömək üçün azı 3 minədək hərbçi göndərdiyi məlumdur. Ümumiyyətlə, Putinin Ukraynaya təcavüzü başlanandan Kim Çen In da ona dəstək verməyə başlayıb. Əvvəlcə yalnız silah-sursat yollayırdı, indi isə artıq canlı qüvvə də göndərməyə qərar verib. Bunu Putin də son çıxışlarında dolayısıyla olsa da, inkar etməyib. Artıq Ukraynanın Şimali Koreya qoşunlarının dislokasiya məkanlarına atəş açmaqları barədə məlumatlarla mən də tanışam. Hesab edirəm ki, Şimali Koreyanın Ukrayna cəbhəsinə canlı qüvvə yollamasına cavab olaraq Cənubi Koreya Ukraynaya dəstək üçün qoşun göndərə bilməz. Bunu istəsə də, edə bilməz. Buna Birləşmiş Ştatlar da icazə verməz. Amma əvəzində Ukraynaya daha aktiv şəkildə silah-sursat, texnika və s. ilə bağlı dəstək verə bilər. Qoşun göndərmək isə rəsmi Seulun həddində deyil. Hələlik belə bir şey rəsmən gündəmdə yoxdur...

-Moldovada noyabrın 3-də prezident seçkilərinin ikinci turu gözlənilir. Hansı nəticələri gözləyirsiz? Rusiya nə dərəcədə müdaxilə edə biləcək həmin seçkilərə?

-Mən Moldovadakı seçkilərlə bağlı prosesləri ciddi şəkildə izləyirəm. Hazırkı prezident Maya Sandunun seçkiöncəsi bir müsahibəsinə baxdıqdan sonra belə bir nəticəyə gəlmişdim ki, onda qələbəyə əminlik azdır. Bununla yanaşı, Gürcüstandakıyla müqayisədə Kremlin Moldovada baş verənlərlə bağlı dezinformasiya hücumu daha güclü işlədi. Düzdü, Gürcüstanda da həmin yalan və şayiələrə xeyli inananlar oldu. Fəqət, Moldovada bu daha “yaxşı” baş tutdu. Yəni cəmiyyətin xeyli hissəsi əsasən o rusiyapərəst təbliğata inandı ki, guya Sandu və Qərb tərəfdarları qalib gəlsə, Moldova Ukraynanın gününə düşəcək. Bunun nəticəsində prezident seçkiləri ikinci tura qaldı. Avropaya inteqrasiya ilə bağlı referendumda həmin prosesin tərəfdarları qalib gəlsələr də, gözlənildiyindən daha az səs topladılar. İndi yaşayıb görəcəyik. Hələlik gördüyüm budur ki, seçkilərin ikinci turunda Sandunun qələbə şansı yenə də çoxdur. Çünki Moldova cəmiyyəti Gürcüstandakından fərlənir.  Xalqın sosial durumu xeyli pisdir. Yoxsulluq, işsizlik daha çoxdur. İnsanlar Qərbə, yaxud Rusiyaya yaxınlaşmaqdan daha çox öz maddi rifahlarını  düşünürlər...

Bütün hallarda hələlik Sandunun qalib gələcəyinə ümid edirəm. Lakin Qərbə inteqrasiya məsələlərində müəyyən ləngimələr də ola bilər. Çünki bütün mübarizəyə rəğmən ölkədə hələ də Rusiya agenturası, eləcə də media və sosial şəbəkələrdəki dezinformasiya kanalları mövcuddur...

-İsrailin İrana son raket zərbələrindən sonra, deyəsən, İran artıq nüvə silahına yiyələnmək planını ciddiləşdirib. Bu haqda nə düşünürsüz? Yəqin ki, İsraillə yanaşı, Qərb də, ABŞ də bu plana qarşı hər cür sərt addım atacaq?

-Bəli, NATO-nun keçmiş baş katibi Stoltenberq də bildirmişdi ki, İran nüvə silahı əldə etməyə çox yaxınlaşıb. O da var ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri İran Rusiyaya qarşılıqsız yardım etmir. Hər bir yardım əvəzində nəsə alır. İranın bir nömrəli məqsədi nüvə silahı əldə etməkdir. Bunun üçün rəsmi Tehran diplomatik oyunlar da oynayır. Əlbəttə, İsrail bunu çox sərt qarşılayır və neçə illərdir ki, o cümlədən son aylar İranın nüvə obyektlərinə mümkün qədər zərər vurmağa çalışır. ABŞ də həmişə publik şəkildə nümayiş etdirir ki, o, İranın nüvə silahı əldə etməsinə qarşıdır. Lakin pərdə arxasında çox maraqlı oyunlar, yaxud alış-veriş gedir. Ümumiyyətlə, bu günədək nüvə silahı əldə edən dövlətlər biri-birinə dəstək olublar. Bu mənada Birləşmiş Ştatlar publik olaraq İranın nüvə silahı əldə etməsinə qarşı olsa da, nəyin qarşılığında buna razı ola bilməsi də maraqlı mövzudur. Bu da atılan addımlardan asılı ola bilər. Necə ki, vaxtilə Pakistanın Çindən nüvə silahı üçün materiallar almasını bilməsinə rəğmən Vaşinqton buna göz yumdu və nəticədə Pakistan nüvə dövlətinə çevrildi. Ona görə bəlkə də İranla bağlı da ABŞ-nin maraqlarına uyğun fövqəladə nəsə baş verə bilər ki, Ağ Ev onun da nüvə silahı əldə etməsinə razı olsun...

-Noyabrın 5-də isə ABŞ-də prezident seçkiləridir. Sizcə, hansı namizədin şansları çoxdur; Trampın, yoxsa Harrisin?

-Bilirsiz, ən professional, ən maraqlı seçki kampaniyaları həmişə ABŞ-də olub. Konkret Trampla Harrisin mübarizəsinə gəldikdə, görürük ki, bir xal, bir səs qazanmaq uğrunda da ölüm-dirim mübarizəsi gedir. Kiçik istisnalarla hər şey normal rəqabət, demokratik çərçivədə gedir. Əlbəttə, Trampla müqayisədə Harrisin şansı çoxdur. Düzdü, Trampa qarşı hər halda rəsmən sui-qəsd adlandırılmış olaylar baş verdi. Amma bunlar da onun reytinqinin o qədər də artırmadı. Hesab edirəm ki, Birləşmiş Ştatların növbəti prezidenti olmaq üçün Harrisin şansları daha çoxdur. Lakin ABŞ-də gözlənilmədən hər şey baş verə bilir...

-Bir sıra yerli şərhçilər Azərbaycan üçün Rusiya prezidenti Putinlə yaxın münasibətlərdə olan respublikaçı Donald Trampın qalib gəlməsinin daha sərfəli olduğunu söyləyirlər. Ancaq bu günlərdə Tramp sosial şəbəkədəki paylaşımında Azərbaycanın ərazisinin bir parçasını Qarabağ əvəzinə "artsax" adlandırdı və faktiki olaraq dövlətimizi ermənilərə qarşı vəhşiliklər törətməkdə və onları, özü də guya 120 min ermənini zorla köçürməkdə ittiham etdi.  Siz necə düşünürsüz? Trampın hakimiyyətə gələcəyi halda Azərbaycana qarşı ədalətli mövqe tutarmı?

-Hamı bilir ki, Tramp populist siyasətçidir. O, seçkilər ərəfəsində artıq üçüncü dəfədir ki, Pompeonu Ukraynaya göndərir. Seçilmək üçün hər cür oyunlara əl atır, ağlına gələn fikirləri ifadə edir. Və Trampın öz “X” hesabındakı açıqlamasında gündəmə gətirdiyi Qarabağdan köçmüş guya 120 min erməninin geri qayıtması məsələsi artıq dünəndə qalıb. Hazırda nə Birləşmiş Ştatların, nə də Avropanın gündəmindədir.  Trampın Qarabağa “artsax” deməsi də bir şeyi dəyişmir; Qarabağ dünya durduqca əzəli və əbədi Azərbaycan torpağıdır və həmin ərazidə yalnız Azərbaycan vətəndaşları yaşaya bilər.  O da var ki, Tramp bu cür açıqlamaları ABŞ-dəki erməni diasporundan səs toplamaq məqsədi ilə edir. Amma oradakı ermənilər əsasən demokratlara dəstək verirlər və buna davam edəcəklər.  İstər Tramp, istərsə də Xarris hakimiyyətə gələcəkləri halda Azərbaycanla münasibətləri Birləşmiş Ştatların milli maraqlarının tələb etdiyi formada quracaqlar...