İraq məhkəməsi razılaşmanı ləğv etdi: Küveyt etiraz notası verdi

09:05 18.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt hökuməti, İraq Federal Məhkəməsinin iki ölkə arasında dəniz sərhədinin müəyyən edilməsi və naviqasiyanı tənzimləmək üçün imzalanan Hor Abdullah Müqaviləsinin etibarsız olduğuna dair qərarı səbəbiylə İraqa etiraz notası göndərib.

Hafta.az-ın KUNA-ya istinadən yazdığına görə, İraqın Küveytdəki səfiri Əl-Manhel əs-Safi ölkəsinin Hor Abdullah müqaviləsini etibarsız saymasından sonra Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasını təqdim olunub.

Xəbərdə sözügedən razılaşmanın 2013-cü ildə İraq və Küveyt parlamentləri tərəfindən təsdiqləndiyinə dair məlumatlar yer alıb.

Sentyabrın 4-də İraq Federal Məhkəməsi iki ölkə arasında hər zaman müzakirə mövzusu olan dəniz sərhədinin müəyyən edilməsi və naviqasiyanı tənzimləmək üçün 2012-ci ildə imzalanan və 2013-cü ildə təsdiqlənən Hor Abdullah Sərhəd Müqaviləsinin etibarsız olduğuna qərar verib.

İraqın 1990-cı ildə Küveyti işğal etməsindən sonra 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) verdiyi 833 saylı qərarla İraqla Küveyt arasında quru sərhəd müəyyən edilib, lakin dəniz sərhədinin çəkilişi iki ölkənin öhdəsinə buraxılıb.

2003-cü ildə İraqla Küveyt arasında diplomatik münasibətlərin bərpasından sonra sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanılıb. Bu çərçivədə, Hor Abdullah bölgəsində gəmiçiliyi tənzimləyən müqavilə 2012-ci ildə imzalanıb və 2013-cü ildə İraq tərəfindən təsdiqlənib.

Bununla belə, sözügedən razılaşma bəzi iraqlı siyasətçilər, millət vəkilləri və ekspertlər tərəfindən “Hor Abdullahı İraqın suverenlik bölgəsindən çıxardığı” səbəbi ilə tənqid edilib.

Hor Abdullah Fars körfəzinin şimalında, Küveytin Bubiyan və Verbə adaları ilə İraqın Əl-Fav yarımadası arasında yerləşən, Hor əz-Zübeyrə (Zübeyr körfəzi) və İraqa uzanan su yolu kimi diqqəti çəkir.