İspaniya Qəzzaya humanitar yardımın həcmini artırdı

10:20 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "La Sexta" telekanalına müsahibəsində, İspaniyanın bu il Fələstinə dəstək üçün ayrılan 8 milyon avroluq büdcəyə əlavə olaraq 1 milyon avroluq daha bir humanitar yardım paketini təsdiqlədiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazir Albares Qüds merinin müavini Fleur Hassan-Nahumun İspaniya və Avropa İttifaqının (Aİ) göndərdiyi yardımın bölgənin sülh və təhlükəsizliyinə töhfə vermədiyi iddialarına qarşı çıxıb. O, sözügedən iddiaların Aİ səviyyəsində hərtərəfli araşdırıldığını və bütün üzv dövlətlərin pulların nəzərdə tutulan yerə getməsi ilə razılaşdığını bildirib.

“Mən heç vaxt İspaniyanın və ya Avripa İttifaqının bir qəpiyini də Fələstin xalqına yardımdan başqa yerə getməsinə icazə verməzdim”, - Albares bildirib. 

Albares HƏMAS-ın İsrailə hücumlarını pisləyib və İsraili "mülki insanları hədəf almamağa və beynəlxalq hüquqa riayət etməyə" dəvət edib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin cavab hücumları nəticəsində Qəzzada 1100 nəfərin öldüyünü, 5339 nəfərin isə yaralandığını açıqlayıb.