İsrailin "HaMoked" hüquq təşkilatı Tel-Əviv rəhbərliyinin 1016 nəfəri "inzibati həbs" altında saxladığını iddia edib.
Hafta.az-ın "El Pais"ə istinadən yazdığına görə, "HaMoked" müxtəlif həbsxanalardan toplanan və çərşənbə axşamı paylaşılan məlumatlara əsaslanaraq, İsrail hökumətinin aprel ayı etibarilə 4-ü israilli yəhudi və 1012-si fələstinli olmaqla 1016 nəfəri heç bir rəsmi ittiham irəli sürmədən həbs etdiyini bildirib. Qurumun açıqlamasında bu həbslərin 2003-cü ildən bəri görülən yüksək “inzibati həbslər” olduğu vurğulanıb. Sözügedən il "İkinci İntifada" kimi tanınan 2000-2005-ci illərin böyük Fələstin qiyamına təsadüf edir.
Bundan əlavə, hüquq müdafiə təşkilatı 2416 fələstinlinin İsraildə hərbi məhkəmələrdə mühakimə olunduğunu və həbs cəzasına məhkum edildiyini açıqlayıb. Bildirilib ki, 1409 Fələstin vətəndaşı ifadə vermək üçün gözləyib, məhkəmə qarşısına çıxarılıb və ya barələrində məhkəmə prosesi başlayıb.
Ötən ay həbsdə olan 76 fələstinlidən 49-nun “inzibati həbs” adı altında saxlanıldığı da paylaşılıb.
"HaMoked"un direktoru Cessika Montell məlumatlarla bağlı belə deyib: "Rəqəmlər şokedicidir. Nadir görülməli və müstəsna hallarda aktivləşdirilməli olan bu tətbiqin istifadəsinə heç bir məhdudiyyət yoxdur. İnsanları qanuni tədbir görmədən, məhkəməyə vermədən saxlamaq hər keçən gün asanlaşır".
“İnzibati həbs” praktikasının bir hissəsi kimi, İsrail polisi saxladığı fələstinliləri onlara qarşı heç bir rəsmi ittiham irəli sürmədən həbs edə, fələstinlilər onlara qarşı irəli sürülən qanuni ittihamları öyrənmədən və müdafiə hüququ olmadan 6 aya qədər həbsxanada qala bilərlər. Daha sonra hərbi məhkəmələrə köçürülən fələstinlilərin inzibati həbs müddətinin dəfələrlə 5 ilədək uzadılması mümkündür.
İordan çayının qərb sahilindəki Dehişa qaçqın düşərgəsindən olan 48 yaşlı Manal Əbubəkr "Bu kabusun nə vaxt bitəcəyini belə bilmirik" deyib. O, 28 yaşlı oğlu Məhəmmədin universitet təhsilinin 4 ilini inzibati məhbus kimi həbsxanada izlədiyini söyləyib.
Fələstin Məhbusları Qrupu qeyri-hökumət təşkilatı Manalın həyat yoldaşı Nidalın son 30 ilin 17 ilini həbsdə keçirdiyini bildirib. Bildirilib ki, jurnalist və radio aparıcısı olan Nidal bu 17 ilin yarısında ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz tutulub.
Fələstinli məhbusların hüquqlarını müdafiə edən “Addameer” qrupunun direktoru Sahar Francis, inzibati həbs praktikasının “qısa müddətdə yüzlərlə insanı ələ keçirmək üçün təsirli vasitə” olduğunu və İsrailin bundan sui-istifadə etdiyini deyib.
İsrailin daxili məxfi xidməti "Shin Bet", "HaMoked" tərəfindən paylaşılan məlumatlara şərh verməkdən imtina edib.