İstanbula xaricdən turist axını 12 faiz artıb

09:08 07.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, İstanbul 2023-cü ilin ilk 9 ayında cəmi 13 milyon 156 min 209 xarici ziyarətçi qəbul etməyi bacarıb. Keçən ilin eyni dövrünə görə 11,61 faiz artım göstərən bu məlumatlar, şəhərin turizm baxımından gözəçarpan bir sürət qazandığını ortaya qoyub.

Hafta.az-ın yazdığına görə, sentyabr rəqəmləri ötən illə müqayisədə 1,55 faiz artım göstərir. Sentyabrda İstanbula gələn əcnəbilərin sayı 1 milyon 631 min 963 nəfərə çatıb. Bu ziyarətçilərin ən çoxu 168925 nəfərlə Rusiya vətəndaşları olub. Rusiyanı 119681 ziyarətçi ilə Almaniya və 111688 ziyarətçi ilə İran izləyib. ABŞ-dan gələn ziyarətçi sayı isə 87670 olaraq qeyd edilib.

İngiltərə və Fransadan gələn qonaqlar ABŞ-ı təqib edərək reytinqdə öz yerlərini tutublar. Ərəb ölkələri arasında sentyabrda İstanbula ən çox ziyarətçi göndərən ölkələr sırasıyla İraq, Səudiyyə Ərəbistanı, Əlcəzair və Mərakeş olub. Bu ölkələri İordaniya, Misir, Liviya və Küveyt izləyib.

İstanbula gələn xarici ziyarətçilərin üstünlük verdiyi əsas giriş nöqtəsi İstanbul Hava Limanı olub. İlk 9 ayda 9 milyon 248 min 934 əcnəbini qəbul edən İstanbul Hava Limanı, sentyabrda 1 milyon 163 min 196 ziyarətçini salamlayıb. Sentyabr ayında İstanbula hava yolu ilə gələn ziyarətçilərin 73,30 faizi İstanbul Hava Limanına üstünlük verib. Sabiha Gökçen Hava Limanı 422240 xarici ziyarətçi ilə ikinci sırada yer alıb. Bildirilib ki, Sabiha Gökçen hava limanı sentyabr ayında İstanbula hava yolu ilə gələn xarici ziyarətçilərin 26,61 faizini qəbul edib. Sentyabrda hava yolu xarici ziyarətçilərinin sayı əvvəlki ilin eyni ayına görə 1,01 faiz artaraq 1 milyon 586 min 807 nəfərə çatıb. Dəniz yolu ilə İstanbula gələn xarici ziyarətçilərin sayı keçən ilə nisbətən 24,81 faiz artaraq 45156 nəfər olub.

Açıqlanan son yerləşdirmə statistikasına görə, sertifikatlı obyektlər avqust ayında 1 milyon 353 min 383 ziyarətçi qəbul edib. Bu obyektlərdə gecələmə sayı 3 milyon 201 min 526-ya çatarkən, orta qalma müddəti 2,37 gün olaraq təyin olunub. Avqustda İstanbulda yerləşdirmə obyektlərinin doluluq nisbəti 68,33 faiz təşkil edib.