İstanbulda bahalaşan turizm xidmətləri: taksi 600 lirə, səhər yeməyi 6 min lirə...

10:52 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yüksək inflyasiya səbəbindən artan qiymətlər turistləri, xüsusilə də rusları ciddi narahat edir.

Hafta.az-ın “Moskovskiy Komsomolets”ə istinadən yazdığına görə, qəzet İstanbuldakı rusların bahalaşma ilə bağlı şikayətini təqdim edib: “Son beş ildir İstanbula gəlirəm. Bütün bu illəri xatırlamıram ki, adi turist üçün taksi dəbdəbəli sayılsın. İki il əvvəl pul kisəsinə çox toxunmadan biznes klass taksiyə minə bilərdik. Qiymətlər Moskvadan xeyli aşağı görünürdü. Bu il iki dəfə taksi tutduq. Hava limanından taksi bizə 600 lirəyə (2150 rubl) başa gəldi. Təxminən yarım saat sürdük. İkinci dəfə taksimetr 20 dəqiqə ərzində 360 lirə (1280 rubl) göstərdi. Otelimiz İstanbulun mərkəzində, məşhur İstiqlal küçəsində, Rusiya səfirliyindən bir daş atma məsafədə yerləşirdi. Prezident seçkilərindən əvvəl iki nəfərlik otaq iki gecə üçün 130 dollar (12320 rubl) idi. Seçkidən sonra qiymət 160 dollara (15160 rubl) yüksəldi. İndi isə 200 dollardır (18900 rubl)”.

Şikayətdə daha sonra deyilir ki, məsələn, kafedə yerli standartlarla təvazökar türk səhər yeməyi - iki omlet, zeytun, kərə yağı, mürəbbə, bal, tərəvəz, kiçik boşqab pomidor və xiyar təxminən 500 lirəyə (1800 rubl) başa gəlir. Bu dəstdən əlavə, üç nəfərlik omlet, pancake və üç qəhvə sifariş edib, əvəzində 6 min rubl ödəyiblər.

Şikayətçi qeyd edib ki, nahar üçün pul yığıblar, ondan öncə isə sərfəli qiymətə restoran axtarıblar. Nəhayət, İstanbul standartlarına görə zövqsüz, amma nisbətən ucuz yemək yeyiblər və sonda üç nəfər üçün 5 min rubl ödəyiblər.