İstirahət parkları Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılıb. Belə ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikik edib. Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siyahısından çıxarılıb.
Yəqin ki, bu parklar İcra Hakimiyyətlərinin, bələdiyyələrin balansına veriləcək. İsirahət parkları şəhərlərdə insanların üz tutduğu məkanlardan biri olduğunu nəzərə alsaq, bundan sonrakı aqibətində problemlər ortaya çıxacaqmı?
Turizm eksperti Çingiz İsmayılov hafta.az-a mövzu ilə bağlı bildirdi ki, istirahət parkları yerli idarəetmə orqanları - İcra Hakimiyyətlərinin, bələdəyiyyələrin tabeliyində olsa da heç bir problem yoxdur:
“Əlbəttə ki, idarəetmədə ikili yanaşma var. Əslində böyük bir mahiyyət kəsb eləmir. Əsas odur ki, idarə olunsun. Nazirlikdə, yaxud yerli idarəetmə orqanında işlələyən peşəkar insanların hazırlığından, işə münasibətindən çox şey asılıdır. Bir strukturdan, digər struktura keçmə o qədər də önəmli deyil. Bu keçirilirsə belə məqsədəuyğun sayılır. Maliyyə vəsaitləri də ayrılsa daha yaxşı olar”.
Mövzu ilə bağlı hafta.az-a danışan turizm eksperti Müzəffər Ağakərimov dedi ki, bunun haqqında hələ dəqiq təhlillər vermək olmaz:
“Elə bilin ki, bir insanı evindən çıxarmısan, hələ yeri məlum deyil. Onun haqqında nə danışmaq olar. Sərəncam varsa, bir balansdan çıxarılıb, başqa balansa veriləcək. Əsasən İcra hakimiyyətlərinə, yerli özünüidarə orqanı olan bələdiyyələrə verilir. Bəzən olur ki, bir sahə bir qurumun tərkibindən çıxarılır və sahibsiz qalır. Bir müddət yeri bilinmir və kimin idarəedəcəyi bilinmir. Məsələ tam aydınlaşandan sonra dəqiq mülahizələr irəli sürmək olar".