"Çox təəssüf ki, ABŞ, Qərb koalisiyası Ukraynaya qırıcı təyyarələri və uzaqmənzilli raketləri verməkdə tələsmir. ABŞ nə Ukraynanın qalib gəlməsini, nə də Rusiyanın tamam məğlub olmasını istəmir. ABŞ-ın Ukrayna üzərindən yeni bir siyasi nizamın qurulması ilə bağlı strateji planı var. Ona görə də, Rusiyanı zəiflədir".
Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə Qərbin və ABŞ-ın Ukraynaya xəyanət etməsi ilə bağlı Qərbin aparıcı tədqiqat mərkəzlərində gedən məqalələr kontekstində bildirib.
M.Əsədullazadənin qənaətincə, Ukrayna parçalansa, bu, Rusiyanın geosiyasi mövqelərinin güclənməsi, Avropa, Qərb NATO üzərində qələbə əldə etməsi ilə nəticələnə bilər.
"Bu da postsovet məkanının bərpası da ola bilər. Ona görə də, Ukrayna müharibəsi uzun çəkir, onun lokal hücumları olsa da ciddi nəticə vermir. Rusiya ciddi müdafiə sistemi qurub. Rusiya Müdafiə sənayesi müharibə qaydalarına uyğun yenidən formalaşıb.
Rusiya-Ukrayna müharibəsi geopolitik müharibədir. Qərblə Rusiya arasında nüfuz uğrunda savaş gedir. Rusiya əvvəlki statusunu qaytarmaq, Şarqi Avropanı, postsovet məkanını yenidən nəzarətə götürmək istəyir. Amma Qarb koalisiyası bunun qarşısını alır. Ona görə də Rusiya və Qərb Ukraynada toqquşdu".