ABŞ-ın 46-cı prezidenti kim olacaq?

15:35 04.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 3-də ABŞ-da keçirilmiş 59-cu prezident seçkiləri başa çatsa da, iki namizəddən hansının – Respublikaçı Donald Trampın, yoxsa Demokrat Co Baydenin qalib olması barədə qəti məlumat yoxdur. Məsələn, Kaliforniya, Nyu York kimi iri ştatlarda səslərin çoxunu Bayden qazansa və ilk başda səslərin sayına görə irəlidə getsə də, sonradan Trampın ona çatdığı və hətta aldığı səslərin sayına görə onu keçdiyi bəlli olub.

Ümumiyyətlə, ABŞ mövcud olduğu dövrdə maraqlı prezident seçkiləri ilə yadda qalıb. Tarixi etaplar ərzində Ağ Evə rəhbərliyi, Demokratlarla Respublikaçılar əldən ələ ötürüblər. Bəzən partiyalardan birinin namizədi bu ali postu iki dönəm – 8 il əldə saxlaya bilib, amma hər halda sonra mütləq yerini təhvil verib.

Donald Tramp cəmi bir dönəm, yəni 4 il dövləti idarə edib. Xatırlayırsınızsa, 2016-cı ildə keçirilmiş seçkinin nəticələri elan olunduqdan sonra Trampın qələbəsinə kölgə salacaq bəzi söz-söhbətlər ortaya atılmışdı. Hətta onun seçilməsində Rusiya kəşfiyyatının əli olduğu da bildirilmişdi və sair. Təbii ki, iddialar dəlillərlə təsbit edilmədi...

Ümumiyyətlə, ABŞ tarixində kimlər prezident seçilib, kimlər Ağ Evə rəhbərlik edib? Maraqlı olar deyə bu müstəvidə kiçik araşdırma apardıq:  

1. ABŞ-ın ilk prezidenti olan Corc Vaşinqton 1732-ci ildə doğulub. Amerikanın müstəqilliyi uğrunda mübarizə aparan ordunun komandanı olmuş Vaşinqton, dövlətçilik tarixində əsas rol oynayan şəxslərdən biridir. O, 30 aprel 1789-cu ildən 4 mart 1797-ci ilədək, yəni hər biri dörd il olmaqla, iki dönəm prezident olub. Üçüncü dəfə namizədliyini verməyib və o vaxtdan ABŞ-da maksimum iki dönəm prezident seçilə bilmək ənənəsini qoyub. C.Vaşinqton 1799-cu ildə 67 yaşında dünyasını dəyişib.

2. ABŞ-ın ikinci prezidenti 30 oktyabr 1735-ci ildə doğulmuş Con Adamsdır. O, əvvəllər ilk prezident Corc Vaşinqtonun müavini olub. C.Adams 4 mart 1797-ci ildən 4 mart 1801-ci ilədək bir dönəm ABŞ-a rəhbərlik edib. O, 1826-cı il iyulun 4-də 91 yaşında vəfat edib.

3. Tomas Cefferson Birləşmiş Ştatların sayca üçüncü prezidenti olub. 13 aprel 1743-cü ildə doğulmuş Cefferson həm də ABŞ-ın Müstəqillik Bəyannaməsinin müəllifidir. 4 mart 1801-ci ildən 4 mart 1809-cu ilədək iki dönəmdə prezident olmuş Cefferson 1826-cı il iyulun 4-də 83 yaşında vəfat edib. Çox qəribədir ki, Ceffersonla yaxın dostu, keçmiş prezident Con Adamsın ölümü arasında cəmi 4 saat fərq var.

4. ABŞ-ın dördüncü rəhbəri 16 mart 1751-ci il doğumlu Ceyms Medisondur. O, 4 mart 1809-cu ildən 4 mart 1817-ci illədək, iki dönəmdə ABŞ prezidenti olub. Ölkə Anayasasının hazırlanmasında onun rolu əvəzsiz olub və bu səbəbdən də, Medison ABŞ-da “Anayasanın atası” adlandırılır. Medison 28 iyun 1836-cı ildə 85 yaşında dünyasını dəyişib.

5. ABŞ-ın beşinci prezidenti 1758-ci il aprelin 28-də doğulmuş, “Amerika amerikalılarındır” şüarı ilə tanınmış Ceyms Monrodur. 1817-ci il martın 4-dən 1825-ci il martın 4-dək iki dönəm prezident olmuş Monro, ölkəsinin Avropanın problemlərinə qarışmamasının tərəfdarı kimi tanınıb. 1819-cu ildə, prezident olaraq Florida ştatını 5 milyon dollara İspaniyadan satın alan Monro 1831-ci il iyulun 4-də 73 yaşında vəfat edib.

6. ABŞ-ın ikinci prezidenti Con Adamsın oğlu, 11 iyul 1767-ci il doğumlu Con Kuinsi Adams sayca 6-cı dövlət başçısıdır. 4 mart 1824 - 4 mart 1828-ci illər arasında bir dönəm ölkəyə rəhbərlik edən oğul Adams 23 fevral 1848-ci ildə 81 yaşında vəfat edib.

7. ABŞ-ın sayca yeddinci prezidenti, 15 mart 1767-ci il doğumlu Endrü Cekson sələflərindən fərqli olaraq yüksək ali təhsil almayıb - hərbçi olub. 4 mart 1828-ci ildən 4 mart 1837-ci ilədək iki dönəm prezident olmuş Cekson 8 iyun 1845-ci ildə 78 yaşında dünyasını dəyişib.

8. ABŞ-ın sayca səkkizinci prezidenti, 5 dekabr 1782-ci il doğumlu, Holland əsilli Martin Van Buren 1837-ci il martın 4-dən 1841-ci il martın 4-dək bir dönəm prezident olub. Buren 24 iyul 1862-ci ildə 80 yaşında vəfat edib.

9. Vilyam Henri Harrison ABŞ-ın sayca doqquzuncu prezidentidir. 1773-cü il fevralın 9-da dünyaya gəlmiş Harrison, 4 mart 1841-ci ildə prezident seçilən, amma cəmi bir ay iqtidarda qalmış, ABŞ tarixinin ən qısa müddətli, amma 8445 kəlmə prezident çıxışı ilə ən uzun nitq söyləmiş hakimiyyət başçısı olub. Ağır xəstələnən Harrison 1841-ci il aprelin 4-də, 68 yaşında vəfat edib.

10. ABŞ tarixinin onuncu dövlət başçısı olan Con Teylor 1790-cı il 29 mart tarixində doğulub. O, Harrisonun ölümündən iki gün sonra – 1841-ci il aprelin 6-da seçki keçirilmədən prezident masasına oturub. 4 mart 1845-ci ilədək bir dönəm prezidentlik edən Teylor 1862-ci il yanvarın 18-də 71 yaşındaykən vəfat edib.

11. Ceyms Noks Polk Birləşmiş Ştatların on birinci prezidenti olub, 4 mart 1845-ci ildən 4 mart 1849-cu ilədək bir dönəm ölkəsinə rəhbərlik edib. 1795-ci il noyabrın 2-də doğulan Polk, ABŞ ərazilərinin genişləndirilməsində böyük rol oynayıb. O, 15 iyun 1849-cu ildə 53 yaşında vəfat edib.

12. Birləşmiş Ştatların sayca on ikinci prezidenti, 24 noyabr 1784-cü il doğumlu Zaxari Teylor 4 mart 1849-cu ildən 9 iyul 1850-ci ilədək, cəmi 16 ay prezident porstunda oturub. O, 9 iyul 1850-ci iuldə 65 yaşındaykən vəfat edib.

13. Millard Fillmor ABŞ-ın on üçüncü prezidenti olub. 7 yanvar 1800-cü ildə doğulmuş Millmor 10 iyul 1850-ci ildən 4 mart 1853-cü ilədək bir dönəm ölkəsinə rəhbərlik edib. O, 8 mart 1874-cü ildə 74 yaşında dünyasını dəyişib.

14. ABŞ-ın on dördüncü prezidenti, 23 noyabr 1804-cü il doğumlu Franklin Pirs 4 mart 1853-cü ildən 4 mart 1857-ci ilədək ölkəsinə rəhbərlik edib. O, 1869-cu il oktyabrın 8-də, 65 yaşındaykən qaraciyər serrozundan vəfat edib.

15. Ceyms Byukenen Birləşmiş Ştatların on beşinci prezidentidir, 4 mart 1857- 4 mart 1861-ci illər arasında bir dönəm prezident olub. 23 aprel 1791-ci il təvəllüdlü Byukenen 1 iyun 1868-ci ildə 77 yaşında vəfat edib.

16. Abraham Linkoln ölkəsinin sayca on altıncı prezidentidir. 12 fevral 1809-cu il doğumlu Linkoln 4 mart 1861 - 15 aprel 1865-ci illər arasında hakimiyyətdə olub. Linkoln 15 aprel 1865-ci ildə 56 yaşındaykən sui-qəsd yolu ilə qətlə yetirilib.

17. Endrü Conson ABŞ-ın on yeddinci prezidenti olaraq 15 aprel 1865-4 mart 1869-cu illər arasında ölkəsinə rəhbərlik edib. 29 dekabr 1808-ci il təvəllüdlü Conson 31 iyul 1875-ci ildə 66 yaşında vəfat edib.

18. ABŞ-ın sayca on səkkizinci prezidenti, 27 aprel 1822-ci il doğumlu Uliss Qrant 4 mart 1869-cu ildən 4 mart 1877-ci ilədək, iki dönəm prezident olub. O, 23 iyul 1885-ci ildə 63 yaşında dünyasını dəyişib.

19. Birləşmiş Ştatların on doqquzuncu prezidenti olan, 4 oktyabr 1822-ci il doğumlu Raterford Heys 4 mart 1877 - 3 mart 1881-ci illər arasında bir dönəm ölkəsinə rəhbərlik edib. Heys 17 yanvar 1893-cü ildə 71 yaşında vəfat edib.

20. Ceyms Qarfild ABŞ-ın iyirminci prezidenti olub. 19 noyabr 1831-ci il təvəllüdlü Qarfild 4 mart 1881 – 19 sentyabr 1881-ci illər arasında ölkəsinə rəhbərlik edib. O, 19 sentyabr 1881-ci ildə 49 yaşındaykən qətlə yetirilib.

21. ABŞ-ın iyirmi birinci prezidenti olan, 5 oktyabr 1829-cu il doğumlu Çester Artur 19 sentyabr 1881 - 3 mart 1885-ci illər arasında bir dönəm ölkəsinə rəhbərlik edib. Artur 18 noyabr 1886-cı ildə 57 yaşınfa vəfat edib.

22. Qrover Klivlend ABŞ-ın iyirmi ikinci, eləcə də iyirmi dördüncü prezidenti olub, 4 mart 1885 - 4 mart 1889 və 4 mart 1893 - 3 mart 1897-ci illər arasında, fasiləylə iki dönəm ölkəsinə rəhbərlik edib. 18 mart 1837-ci il təvəllüdlü Klivlend 24 iyun 1908-ci ildə 71 yaşında vəfat edib.

23. Doqquzuncu prezident Vilyam Harrisonun nəvəsi olan, 20 avqust 1833-cü il doğumlu Bencamin Harrison Birləşmiş Ştatların iyirmi üçüncü prezidenti olub, 4 mart 1889 - 4 mart 1893-cü illər arasında ölkəsinə prezidentlik etmiş bu şəxs 13 mart 1901-ci ildə 68 yaşında qripdən vəfat edib.

24. ABŞ-ın sayca iyirmi dördüncü prezidenti, yuxarıda qeyd etdiyimiz kimi, 22-ci prezident Qrover Klivlenddir.

25. 29 yanvar 1843-cü il təvəllüdlü Uilyam Makkinli iyirmi beşinci prezident olaraq 4 mart 1897-14 sentyabr 1901-ci illər arasında bir dönəm iqtidarda olub. O, 1901-ci il sentyabrın 6-da sui-qəsdə uğrayıb və sentyabrın 14-də 58 yaşında vəfat edib.

26. ABŞ-ın iyirmi altıncı prezidenti, 27 oktyabr 1858-ci il doğumlu Teodor Ruzvelt, 14 sentyabr 1901 - 4 mart 1909-cu illər arasında ölkəsinə iki dönəm prezidentlik edib. O, ABŞ-da ən cavan yaşda (42 yaşında) dövlət başçısı olmuş şəxsdir. 1905-ci ildə Rusiya-Yaponiya müharibəsini dayandırmaq üçün etdiyi vasitəçilikdən dolayısı Nobel mükafatına layiq görülüb. Sui-qəsdə uğrasa da, sağ qalan Ruzvelt 6 yanvar 1919-cu ildə 61 yaşında vəfat edib.

27. 15 sentyabr 1857-ci il təvəllüdlü Uilyam Hovard Taft ölkəsinin iyirmi yeddinci prezidenti olaraq 4 mart 1919-4 mart 1923-cü illər arasında bir dönəm iqtidarda olub. O, ABŞ-da yeganə prezidentdir ki, həm də Ali Məhkəməyə sədrlik edib. Taft, 8 mart 1930-cu ildə 72 yaşında vəfat edib.

28. ABŞ-ın iyirmi səkkizinci prezidenti olmuş 28 dekabr 1856-cı il təvəllüdlü Tomas Vudrov Vilson 4 mart 1913 - 4 mart 1921-ci illər arasında iki dönəm prezident olub. 1919-cu ildə Nobel Sülh mükafatı alan Vilson 3 fevral 1924-cü ildə 67 yaşında dünyasını dəyişib.

29. 2 noyabr 1865-ci il doğumlu Uorrin Harding Birləşmiş Ştatların sayca iyirmi doqquzuncu prezidenti kimi, 4 mart 1921 - 2 avqust 1923-cü illər arasında qısa müddətdə iqtidarda olub. O, 2 avqust 1923-cü ildə ürək tutmsından 57 yaşında dünyasını dəyişib. Öləndən sonra rüşvət məsələsində adı hallanıb.

30. Kalvin Kulic ABŞ-ın otuzuncu prezidenti olaraq tarixə düşüb. 4 iyul 1872-ci il təvəllüdlü bu şəxs 2 avqust 1923 - 4 mart 1929-cu illər arasında ölkəsinə rəhbərlik edib. O, 5 yanvar 1933-cü ildə 60 yaşında vəfat edib.

31. 10 avqust 1874-cü il doğumlu Herbert Huver 4 mart 1929 – 4 mart 1933-cü illər arasında ABŞ-ın otuz birinci prezidenti olaraq bir dönəm iqtidarda olub. Hakimiyyəti dövründə Nyu York birjası çöküb və ölkəsi iqtisadi tənəzzül yaşayıb. Huver 20 oktyabr 1964-cü ildə 90 yaşında vəfat edib.

32. 30 yanvar 1882-ci il doğumlu Franklin Delano Ruzvelt ölkəsinin otuz ikinci prezidenti olaraq 4 mart 1933 – 12 aprel 1945-ci illər arasında dövləti idarə edib. O, ölkə tarixində iki dönəmdən çox (4 dönəm seçilib) seçilən yeganə prezidentdir. Ruzvelt 12 aprel 1945-ci ildə xəstələnərək hakimiyyətdəykən 63 yaşında vəfat edib.

33. Harri Truman Birləşmiş Ştatların sayca otuz üçüncü prezidenti olub, 12 aprel 1945 – 20 yanvar 1953-cü illər arasında iki dönəm prezident olub. Truman hakimiyyəti dövründə SSRİ ilə “Soyuq müharibə”yə start verib və NATO-nu qurub. 8 may 1884-cü il təvəllüdlü Truman 1972-ci il dekabrın 26-da 88 yaşında vəfat edib.

34. 14 oktyabr 1890-cı il doğumlu Dvayt Eysenhover otuz dördüncü prezident olaraq 20 yanvar 1953 – 20 yanvar 1961-ci illər arasında iki dönəm iqtidarda qalmaqla yanaşı, həm də NATO-nun ilk baş komandanı olub. 28 mart 1969-cu ildə 79 yaşında vəfat edib.

35. ABŞ-ın otuz beşinci prezidenti olan, 29 may 1917-ci il doğumlu Con Kennedi 20 yanvar 1961 – 22 noyabr 1963-cü illər arasında iqtidarda olub. O, 22 noyabr 1963-cü ildə, 46 yaşındaykən sui-qəsd nəticəsində qətlə yetirilib.

36. 27 avqust 1908-ci il doğumlu Lindon Conson ölkəsinin sayca otuz altıncı prezidenti olaraq tarixə yazılıb. 22 noyabr 1963 – 20 yanvar 1969-cu illər arasında hakimiyyətdə olub. 22 yanvar 1973-cü ildə 65 yaşında dünyasını dəyişib.

37. ABŞ-ın otuz yeddinci prezidenti olmuş, 9 yanvar 1913-cü il doğumlu Riçard Nikson 20 yanvar 1969 - 9 avqust 1974-cü illər arasında prezident olub. Nikson 22 aprel 1994-cü il yılında 81 yaşında vəfat edib.

38. 14 iyul 1913-cü il təvəllüdlü, ABŞ-ın otuz səkkizinci prezidenti Cerald Ford, Nikson istefa verəndən sonra seçkisiz şəkildə dövlət başçısı postuna oturub və 9 avqust 1974 - 20 yanvar 1977-ci illərdə hakimiyyətdə olub. Ford 26 dekabr 2006-cı ildə 93 yaşında dünyasını dəyişib. O, indiyədək ABŞ prezidenti olmuş şəxslər arasında ən uzun yaşayanıdır.

39. Cimmi Karter otuz doqquzuncu prezident olaraq 20 yanvar 1977 – 20 yanvar 1981-ci illər arasında bir dönəm ölkəsini idarə edib. 1 oktyabr 1924-cü il təvəllüdlü Karter 2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. 96 yaşlı karter hazırda sağdır.

40. ABŞ-ın qırxıncı prezidenti olan Ronald Reyqan 20 yanvar 1981 - 20 yanvar 1989-cu illər arasında iki dönəm ölkəsini idarə edib. O, Hollivuddan gəlmiş, aktyor sənətli, eləcə də, o vaxtadək seçilərkən ən yaşlı (69 yaş) yeganə prezident olub. Reyqan 5 iyun 2004-cü ildə 93 yaşında vəfat edib.

41. Corc Uoker Buş ölkəsinin sayca qırx birinci prezidenti olaraq 20 yanvar 1989 - 20 yanvar 1993-cü illər arasında bir dönəm ABŞ-ı idarə edib. 12 iyun 1924-cü il təvəllüdlü Buş həm də ölkənin 43-cü prezidenti, “oğul Corc Buş”un atasıdır. O, 30 noyabr 2018-ci ildə 94 yaşında dünyasını dəyişib.

42. ABŞ-ın qırx birinci prezidenti, 19 avqust 1946-cı il doğumlu Bill Klinton 20 yanvar 1993 – 20 yanvar 2001-ci illər arasında 2 dönəm prezident seçilib. 1998-ci ildə Ağ Evdə işləyən Monika Levinski ilə adı hallanan Klinton, ABŞ-ın məşhur siyasi xadimlərindən Hillari Klintonun həyat yoldaşıdır. Sağdır, 74 yaşı var.

43. Birləşmiş Ştatların sayca qırx üçüncü prezidenti, 6 iyul 1946-cı il təvəllüdlü Corc W.Buş 20 yanvar 2001 - 20 yanvar 2009 –cu illər arasında prezident olub. Dəhşətli 11 sentyabr terroru onun hakimiyyəti dövründə baş verib. Bundan istifadə edərək, Buş İraqı və Əfqanıstanı əsassız dəlil və bəhanələrlə de-fakto işğal edib. Hazırda sağdır, 74 yaşı var.

44. ABŞ-ın ilk qaradərili prezidenti, 4 avqust 1961-ci il doğumlu Barak Hüseyn Obama 44-cü prezident olaraq 20 yanvar 2009 - 20 yanvar 2017-ci illər arasında iki dönəm ölkəyə rəhbərlik edib. Hazırda sağdır, 59 yaşı var.

45. Birləşmiş Ştatların qırx beşinci prezidenti, 14 iyun 1946-cı il təvəllüdlü Donald Tramp 2016-cı ildə rəqibi Hillari Klintonu 3 milyon səslə geridə qoyaraq iqtidara gəlmişdi və artıq bir dönəm Amerikanı idarə edib.

Bu günlərdə ABŞ xalqı sayca 46-cı prezidentini seçmək üçün səs verib. Yuxarıda da qeyd etdiyimiz kimi, Bu gün 74 yaşlı, Respublikaçı Donald Tramp ikinci dönəm prezidentlik uğrunda özündən 4 yaş böyük, Demokrat Co Baydenə qarşı yarışdı.

Nəticələr tam bəlli olmasa da, indi çoxlarını bir suala cavab maraqlandırır: namizədlərdən hansının qalib olması Azərbaycana xeyirli ola bilər? Məncə ABŞ dövlətinin Azərbaycan da daxil olmaqla, hansısa ölkə ilə münasibətlərinin necə olacağı orada kimin prezident seçilməsindən çox da asılı deyil. Birləşmiş Ştatların dövlət siyasətini müəyyənləşdirən çox böyük və oturuşmuş institutlar mövcuddur. Ona görə də, Trampın və ya Baydenin prezident olması o qədər də əhəmiyyət daşımamalıdır Azərbaycan üçün.