ABŞ səfirliyi: “İrəvanda davam edən etiraz aksiyalarını izləyirik”

09:48 14.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ermənistandakı səfirliyi etirazçıları zorakılığa baş vurmadan sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırıb. Səfirliyinin bəyanatına əsasən, siyasi mübahisələrin həlli yolu demokratiyadan keçir.

Hafta.az-ın yazdığına görə, səfirliyin bəyanatında deyilir: “ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda davam edən etiraz aksiyalarını izləyir. Etirazçıları zorakılığa baş vurmadan sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq. Demokratik proses siyasi mübahisələrin həlli yoludur. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların ifadə və sərbəst toplaşmaq hüquqlarını qoruyacaq şəkildə asayişi təmin etməyə, nümayişləri işıqlandıran jurnalistlərlə əlaqəli hadisələr də daxil olmaqla prosedurların pozula biləcəyi istənilən insidenti araşdırmağa çağırırıq”.

Ermənistanda aksiyalar aprelin 20-dən davam edir. Aksiya iştirakçıları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə etiraz etdiklərini bildirirlər.

İyunun 12-də İrəvanda keçirilən aksiyada 98 nəfər saxlanılıb. Baş nazir Nikol Paşinyanın deputatların suallarını cavablandırdığı Ermənistan Parlamentinin binası yaxınlığında vəziyyət xüsusilə gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri parlamentin hasarından uzaqlaşdırmağa çalışıblar və bu məqsədlə onlar səs-küylü xüsusi vasitələrdən istifadə ediblər.

Yerli medianın verdiyi məlumatda, polislər də daxil olmaqla 101 nəfərin xəsarət aldığı deyilir.

Oxunma sayı 170