Taliban yenə heyrətləndirdi: Smartfonları qadağan etdi

11:54 19.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda Taliban dövlət aparatında çalışan bütün personalın smartfonlardan istifadəsini qadağan edən geniş fərman imzalayıb.

Hafta.az yazır ki, Taliban-ın hərbi məhkəmələri tərəfindən dərc edilmiş və “The Guardian” tərəfindən araşdırılan rəsmi direktivə görə, bu həftə qüvvəyə minən qadağa "baş, kiçik, general mücahid və ya xidmət personalı" arasında fərq qoymadan bütün dövlət işçilərini əhatə edir.

Sızdırılan videoda bir Taliban rəsmisinin qadağanı mobil telefondan oxuduğu, digər şəxsin isə müsadirə edilmiş smartfonları balta ilə sındırdığı görünür.

Rəsmi fərmanda deyilir: "Əgər kimsə smartfondan istifadə edərsə, cihaz məhv ediləcək, cinayətkar qanuni və şəriət cəzasına məruz qalacaq". Hər hansı istisna üçün yalnız Taliban-ın ali dini lideri Hibatullah Axundzadənin yazılı fərmanı tələb olunur.

Əfqanıstandakı mənbələr və hesabatlar göstərir ki, qadağa hazırda müxtəlif yollarla regional səviyyədə tətbiq edilir. Bəzi bölgələr yalnız dövlət işçilərini hədəf alsa da, bəzi şəhər və əyalətlərdə qadağa qadınlar, mülki şəxslər, səhiyyə işçiləri, müəllimlər və tələbələri əhatə etməklə genişləndirilib.

Əfqanıstan üzrə çalışan bir analitik vəziyyəti bu sözlərlə ümumiləşdirib: "Yerli səviyyədə bir çox şey tamamilə yerli komandirin və ya rəsminin təşəbbüsündən asılıdır. Bu, ölkə miqyasında qadağanın xəbərçisidir və onlar hazırda sadəcə sınaqdan keçirirlər".

Bu addım Taliban-ın Əfqanıstanı qlobal internet şəbəkəsindən tamamilə ayırmaq üçün artan səylərinin sonuncusu kimi qəbul edilir. Ötən ilin sentyabr ayında hakimiyyət orqanları pornoqrafiya ilə mübarizə və "əxlaqsızlığın qarşısının alınması" bəhanəsi ilə ölkə miqyasında iki günlük internetin kəsilməsini tətbiq etmişdi.

Analitiklər bildirirlər ki, bu kəsilmə planlaşdırılmamış idi və kommersiya həyatını, təcili yardım xidmətlərini və aviasiya sektorunu iflic etdi. Bundan sonra , Taliban rejimi geri çəkilməyə və interneti bərpa etməyə məcbur oldu.

Smartfon qadağasının arxasında bir neçə əsas amilin dayandığı deyilir. Bunlardan ən başlıcası, Taliban-ın qadınları "uyğun olmayan hicaba" görə həbs etməsindən sonra qərbdəki Herat şəhərində başlayan küçə etirazlarıdır. Etirazlar zamanı Taliban qüvvələri izdihama atəş açarkən ən azı iki mülki şəxs həlak olub.

Analitiklər Herat etirazlarından sızdırılan gizli kamera görüntülərinin Taliban rəhbərliyində ciddi həyəcan yaratdığını vurğulayırlar: "Əmirlik əvvəlcə bu hadisələri tamamilə təkzib edərək bildirib ki, bu cür heç bir şey baş verməyib. Lakin smartfonlarla çəkilmiş videolar internetdə görünməyə başlayanda həqiqəti gizlədə bilmədilər. Bu, qadağan prosesini sürətləndirdi".

Təsirə məruz qalan dövlət qulluqçularından biri prosesi belə təsvir etdi: "Təxminən iki ay əvvəl bizə ofisə mobil telefon gətirməməyimizi dedilər. Bir neçə həmkarım və mən bunu çox ciddi qəbul etmədik. Telefonlarımızı müsadirə etdilər və etiraz olaraq səsimizi qaldıranda onları qarşımızda sındırdılar. Cihazımın qiyməti təxminən 8 min əfqani (təxminən 95 funt sterlinq) idi, mən böyük itki ilə üzləşdim".

Taliban rejimi bildirilir ki, dövlət qulluqçuları daim telefonlarına vaxt sərf edir və işlərini görmürlər.

“The Guardian”ın məlumatına görə, qadağanın əsas səbəbi sənəd sızmasıdır. Bir çox dövlət məmurunun hələ ali lider Axundzadə tərəfindən imzalanmamış rəsmi sənədlərin və gizli görüşlərin fotolarını sızdırdığı deyilir.