Karib dənizində ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini "imperialist təhdid" adlandıran Venesuelada müharibə qorxuları artdıqca, CNN mütəxəssislərdən potensial ABŞ hücumunun mümkün nəticələri barədə soruşdu.
Hafta.az-ın yazdığına görə, Qərb yarımkürəsində narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün cümə axşamı "Cənubi Nizə" əməliyyatını elan edən Donald Tramp administrasiyası, dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford” da daxil olmaqla çoxsaylı hərbi gəmilərlə yanaşı, bölgəyə 15 min əsgər göndərib.
Amerika media nəhənginə danışan ekspertlər bildiriblər ki, bu qüvvələr hələ Venesuela lideri Nikolas Maduronu devirmək üçün kifayət qədər böyük deyil.
Ordunun güclü olduğu Venesuelada Maduronun yerinə ABŞ-a qarşı daha sərt mövqe tuta biləcəyinə dair əlamətlər də var.
Əvvəllər Co Bayden administrasiyasında çalışmış Corctaun Amerika İnstitutundan Xuan Qonsalesin sözlərinə görə, mülayim fiqur hesab edilən Maduro ölkənin müxtəlif Çavista fraksiyalarını balanslaşdırır.
Venesuelada illər keçirmiş bir Qərb diplomatı anonimlik şərti ilə belə şərh verib: "Onu bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, Maduro tarazlığın qarantıdır. Hər kəs onun keçənilki seçkilərdən sonra siyasi cəhətdən ölü olduğunu bilir, amma status-kvonu qoruyub saxlaya biləcək başqa heç kim yoxdur. Buna görə də onun ətrafında toplaşırlar".
Bəziləri iddia edir ki, Maduronun devrilməsi hətta vətəndaş müharibəsinə də səbəb ola bilər, lakin Trampın ilk müddətində milli təhlükəsizlik müşaviri olan Con Bolton deyir ki, ordu nəzarəti ələ keçirəcək: “Onlar intizamı qoruyacaq, hərbi nəzarəti saxlayacaq və küçələrə çıxan hər kəsi yatıracaqlar”.
Ümumi nəzəriyyə budur ki, potensial hərbi müdaxilə Venesuela müxalifətinin parçalanmış təbiətinə görə istənilən nəticəni verməyə bilər.
Həmçinin qeyd etmək lazımdır ki, Xuan Quaydo 2018-ci il seçkilərindən sonra xarici dəstək almasına baxmayaraq uğursuz olub.
Edmundo Qonsales və Mariya Korina Maçado kimi tanınmış müxalifət xadimlərinin hakimiyyəti ələ keçirmək və qorumaq üçün ABŞ-dan əhəmiyyətli dəstəyə ehtiyacı olduğuna inanılır.
Digər narahatlıq isə belə bir əməliyyatın ABŞ seçiciləri tərəfindən mənfi qarşılanmasıdır. ABŞ-ın ən azı 5-10 il davam edəcək müharibədə iştirakı Trampın həm ölkə daxilində, həm də qlobal ictimai rəydəki mövqeyinə mənfi təsir göstərə bilər.
Bu arada, jurnalistlərin suallarını cavablandıran Tramp Maduro ilə bəzi görüşlər keçirdiyinə işarə edərək deyib: "Görək necə olacaq, onlar danışmaq istəyirlər".
Ağ Ev Maduro administrasiyasının kartellərlə əməkdaşlıq etdiyini bildirir. İddiaları rədd edən Venesuela ABŞ-ın ölkədə çevriliş planlaşdırdığını deyir. Tramp ötən ay MKİ-yə ölkədə əməliyyat keçirməyi əmr etdiyini açıqlayıb.