“Adolesans” ikinci həftəsində Netflix-də izlənmə rekordu qırdı. İlk 4 gündə 24,3 milyon baxışla böyük bir başlanğıc edən serial, 17-23 mart həftəsində daha 42 milyon baxış qazanmağı bacardı.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Netflix-in ən çox izlənilən istehsalı olan serial, ümumilikdə 66,3 milyon baxışa çatdı. Bu rəqəm iki həftə ərzində Netflix-də mini serialın ən yüksək baxış sayı kimi qeydə alınıb. Üstəlik, Britaniya cinayət hekayəsi buna cəmi 11 gün ərzində nail olub.
Həftənin ikinci ən çox baxılan serialı “Bridgerton”un yaradıcısı Şonda Rhimesin prodüseri olduğu və baş rolda Uzo Adubanın oynadığı “The Residence” olub. Ağ Evdə baş verən cinayətdən bəhs edən serial 4 gündə 6,4 milyon baxış toplayıb.
Bundan sonra Keyt Hudsonun baş rolda oynadığı “Running Points” idman komediyası izlənildi. İkinci sezonu üçün də təsdiq alan serial, yayım nəhəngində 4-cü həftəsində 3,5 milyon baxışla siyahıda üçüncü yeri tutub.
5-ci həftəsində də siyahıda qalmağı bacaran “Zero Day” 3 milyon baxışla həftənin ən populyar 5-ci ingilis serialı oldu.
Digər tərəfdən, hər epizodu tək çəkilişdə çəkilən “Adolescence”, İngiltərənin həftəlik televiziya reytinqlərində zirvəyə yüksələrək tarixi bir uğura imza atdı.
Rejissor Filip Barantininin bu uzun sekansları müvəffəqiyyətlə yerinə yetirməsi tamaşaçıları heyrətə gətirsə də, aktyorların ifaları da böyük alqışlarla qarşılanıb.
Hekayə məktəbində oxuyan qız şagirdini bıçaqlayaraq öldürməkdə ittiham olunan 13 yaşlı Ceymidən bəhs edir.
Tamaşaçılar hekayəni əvvəldən sona qədər izləyirlər: Ceyminin şok edici həbsi və ilkin polis sorğusu, işi həll etməyə çalışan detektivlər, Ceymini qiymətləndirmək üçün təyin olunmuş uşaq psixoloqu və bu faciəvi hadisədən sonra hər bir valideynlik qərarını şübhə altına alan ailə...
Serialda baş rollarda “Peaky Blinders” filmindən tanınan Stiven Qrem, Eşli Uolters, Erin Doherti, Fey Marsay, Kristin Tremarco və gənc aktyor Oven Kuper çəkilib.
Serialda uşaq psixoloqu Brioni obrazını canlandıran Erin Doherti “Hollywood Reporter”ə müsahibəsində serialın mövzularına toxunub. 32 yaşlı ulduz gənc kişilərin və hətta uşaqların internetdə mizoginistik diskurslarla necə radikallaşdığını və bunun cəmiyyətdə zəhərli kişilik anlayışını necə qidalandırdığını vurğuladı.
"Bu vəziyyət danılmazdır. Nə qədər dəhşətli və narahat edici olsa da, buna məhəl qoymağa davam etmək insanlıq olaraq özümüzə edə biləcəyimiz ən böyük pislik olardı" deyən ingilis aktrisa serialın hələlik bu problemin dəqiq həlli yolları olmadığı üçün qəti cavablar vermədiyini bildirib.