Mütəxəssislər ağciyər sağlamlığının qorunması ilə bağlı tövsiyələrini bölüşüblər.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, alim və həkimlər ağciyər sağlamlığında mühüm rol oynayan faktorlara diqqət çəkərək, güclü tənəffüs sistemi üçün hansı addımların atılması lazım olduğunu izah ediblər.
- Siqareti tərgitmək lazımdır.
İngilis pulmonoloq Filip Barber, ağciyər sağlamlığı üçün ən vacib amillərdən birinin siqaret çəkməmək olduğunu deyib.
Siqaretin başda ağciyər xərçəngi olmaqla bir çox xəstəliyə səbəb olduğuna diqqət çəkən Barber, "Siqaret çəkməyin. Əgər çəkirsinizsə, tərgitməyə çalışın" deyib.
Southampton Xəstəxanasından Pallavi Perayval, xüsusilə qapalı yerlərdə siqaret çəkməyin insanın ətrafındakılara da zərər verdiyini söyləyib.
- Fiziki fəaliyyətə əhəmiyyət verin.
London İmperial Kollecindən Nik Hopkinson şəhər səyahətlərində maşın sürmək əvəzinə piyada və velosiped sürmə kimi üsullara üstünlük verilməli olduğunu bildirib.
Böyük Britaniya Astma və Ağciyər Cəmiyyətinin direktoru deyib: "Maşınların içində havanın keyfiyyəti çox vaxt çöldəkindən daha pisdir və çirklənməyə məruz qalma daha yüksəkdir".
Barber, ağciyərlərin sağlamlığını qorumaq üçün iki əsas elementin əhəmiyyətinə diqqət çəkib. Birincisi, insanın bir az nəfəs darlığına səbəb olacaq qaçış və yüngül yerimə kimi fəaliyyətlərə diqqət yetirmək, digəri isə çömbəlmək kimi əzələləri gücləndirəcək məşqlər etmək.
Mütəxəssis bildirib ki, bunlar həm ağciyər tutumunu qoruyur, həm də insanı daha sağlam edir.
- Odun sobalarından uzaq durmaq.
Kembric Universiteti Xəstəxanasından Stefan Markinayk, odun sobalarının ağciyər sağlamlığına mənfi təsir göstərdiyinə diqqət çəkib. Markinayk, "Əgər yanığın iyini hiss edirsinizsə, tüstü ilə nəfəs alırsınız, bu çox pis bir şeydir" deyib.
Hopkinson, "Odun sobaları nə qədər yüksək keyfiyyətli olsa da, həm içəridə, həm də açıq havada hava çirkliliyi yaradır" deyə bildirib.
- Yuxu problemlərinə diqqət yetirmək.
Mütəxəssislər yuxu rejimini pozan bəzi pozğunluqların ağciyərlə bağlı problemlərin göstəricisi ola biləcəyini ifadə ediblər.
Perival, diaqnoz qoyulmamış yuxu apnesinin qandakı oksigen səviyyəsinə mənfi təsir göstərərək ağciyərlərin iş qabiliyyətini zəiflədə biləcəyini deyib.
Yuxu rejiminin vacibliyini vurğulayan həkim, “Gecələr yata bilmirsinizsə, davamlı olaraq yataqdan qalxıb gün ərzində yuxunuz gəlirsə, ağciyərinizdə problem olub olmadığını öyrənmək üçün həkimə müraciət edin” deyə əlavə edib.
- Sağlam qidalanma.
Perival, omeqa-3 yağ turşularını ehtiva edən antioksidanların ağciyər sağlamlığı üçün əvəzolunmaz olduğunu söyləyib. Mütəxəssis xatırladıb ki, meyvə-tərəvəzlə zəngin pəhriz ağciyərlərlə yanaşı immun sistemini də gücləndirir.