Heç kəsə sirr deyil ki, çap mediasını onlayn mediya əvəzləyib. İnsanlar xəbərləri bir toxunuşla əldə edib, oxuya bilirlər. Bu əlçatanlıq çox yaxşı haldır. Ancaq bu əlçatanlıq özü ilə “düzgün yaza bilməmək” problemini də gətirdi. Təəssüf ki, bu gün insanların çoxu ana dili normalarına riayət etmirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin (NK) qərarı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Hafta.az yazar və mətbuat nümayəndələrin özlərindən soruşub. Onlar ana dili normalarına riayət edə bilirlərmi?

Əfsanə Şükürova "İrəli İctimai Birliyi"nin mətbuat katibi: “Ana dilimizin saflığının qorunması istiqamətində bu gün ciddi işlər görülür. Ana dili milli sərvətimiz, aid olduğumuz milliyyətin göstəricisidir. Xalq olaraq, dövlət olaraq qorunub saxlanılması labüd olan dəyərlər içində ana dilimiz də var. Ümummili lider Heydər Əliyevin dil haqqında səsləndirdiyi fikirlər də ölkədə ana dilimizə necə əhəmiyyət verildiyinin göstəricisidir. Heydər Əliyev deyərdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılıb, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılıb. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”. Bu ənənə bu gün də davam edir. Biz gənclər ana dilinin qorunması üçün çalışırıq. Dilimizin inkişafı və qorunması üçün Dilçilik İnstitutu tərəfindən də davamlı olaraq addımlar atılır. Qeyd edək ki, İlham Əliyev də bu sahəyə xüsusi diqqət ayırıb. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin fərmanında bildirilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir”.

Tural Turan şair: “Yaralı mövzuya toxunmusunuz. İlk olaraq Ana dilimizi qoruyan gənc nəsildaşlarımın hamısının bayramını təbrik edirəm. Oxucularıma bəllidir ki, mən çap olunan 5 kitabımın hamısında unudulmuş və türk kökənli sözlərimizin dilimizə yenidən transformasiyasına çalışmışam. Vaxtilə ərəb, fars, rus dillərinin sıxışdırıb çıxardığı sözləri öz əvvəlki yerlərinə qaytarmaq üçün uğraşıram. Məsələn, şeirlərimdə, bədiz sözü çox işlənir. Öz dilimizdə rəssam deməkdir. Bəzi dialektlərdə qalıb. Niyə ərəbin rəssam sözünü işlətməliyik. Öz sözümüz var də. Hesab edirəm ki, hazırkı çağımızda Ana dilimizi iki əsas istiqamətdə qorumaq mümkündür. Birincisi, media və qəzetlər vasitəsi ilə, ikincisi poeziya və nəsr əsərləri ilə. Bu mənada Xalq yazıçısı Mövlud Süleymanlının da xidmətləri böyükdür. Dilimizin zənginliklərini, unudulmaqda olan sözləri öz əsərlərində yaşatmağa çalışır. Mən də on ildir ki, unudulmaqda olan sözləri kitablarım vasitəsi ilə gənc nəsilə çatdırıram. Bununla bağlı ayrıca elmi araşdırmam da var”.

Mənsur Rəğbətoğlu jurnalist: “Mümkün qədər dilin normalarına uyğun yazmağa çalışıram. Çalışıram ki, ortaya qoyacağım yazılarda bu qaydalardan, dilimizin tələblərindən kənara çıxmayım. Dilimizdə gözəl əsərlər, məqalələr yazmaq mümkündür. Bəzən şikayət edirlər ki, dilimiz kasaddır, zəngin deyil, bununla razılaşmıram. Dilin prinsiplərini, tələblərini yerli-yataqlı istifadə edəndə nəsə ortaya çıxmaq mümkündür. Amma ümumilikdə düşünmürəm ki, hamımız əlbir olub dilimizi qoruyuruq, hücumlardan – dilimizi sırada çıxara biləcək həmlələrdən müdafiə edirik. Sosial şəbəkələr, xarici ədəbiyyatın çox oxunması, əcnəbi serialların dilimizə müdaxiləsi məsələsi var. Daha doğrusu dilimizə bu seriallar, xarici əsərlər müdaxilə etmir, bu şeylərin təsirində olanların dilimizə gətirmək istədiyi “yeniliklər” qüsurlar ortaya çıxarır”.

Ayxan Ayvaz yazar: “Tez-tez dilimizin anasıyla "gizli eşq" yaşayanları görürəm. Açığı, biabırçılıqdır. Cümlə qura bilmirlər. Televiziyalarda da, saytlarda da buna şahid olmaq olur. Gərək əlində silah dilin keşiyində dayanasan. Hər yerdə dilin "anası ağladılır". Bunun qarşısını da almaq deyəsən mümkün deyil. Mənim özüm haqda nəsə deməyim yersizdir. Hər halda yazdıqlarımı oxuyanlar dilə necə həssas olduğumu görə bilərlər”.