Torpaqlarının işğaldan azad edilməsi uğrunda ölümün üzünə dik baxan əsgər, hər an döyüşə hazır olduğunu bir daha sübut etdi. Dünyaya göstərdi ki, Azərbaycan əsgəri üçün hər şeydən öncə Vətəndir. Sizi belə qəhrəman igidlərimizdən biri ilə tanış edəcəyik: Aprel döyüşlərində, II Qarabağ müharibəsində və birgünlük antiterror əməliyyatında iştirak edən, yaralanan, ölümün pəncəsindən çıxıb yenə düşmən üzərinə gedən beş medal sahibi qazi, döyüşçü Eldar Quliyev.
- 27 sentyabr əks-hücum əməliyyatını necə xatırlayırsınnız? Azərbaycan hərbçisi, döyüşçü üçün bu tarixin əhəmiyyəti, mənəvi haqqı nədir?
– Mən 1987-ci ildə Astara rayonunda anadan olmuşam, 2005-ci ildə Astara Rayon Hərbi Komissarlığından hərbi xidmətə cağırılmışam. 2007-ci ildə ehtiyata buraxılmışam və özəl mühafizə şirkətlərinin birində xidmət rəisi vəzifəsində işləmişəm. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqcusu kimi işə qəbul olunmuşam. 2016-cı il aprel döyüşlərində iştirak etmişəm. Nəhayət, 2020-ci ildə cənab Prezident fərman verdi və mən də sevinclə, gülə-gülə döyüşə qatıldım. Çünki illərlə gözlədiyimiz torpaqların işğal acısının qisasını almaq şansı yaranmışdı...
Tuşlayıcı operator, maşın komandiri vəzifəsində idim. Füzuli istiqamətindən döyüşə girdik. Orada iki dəfə “BTR”lə minaya düşdüm, amma yenə irəli hərəkət etdik. Komandir ərazini müşahidə edib qabaqda erməni postu olduğunu dedi. Komandir mənə tapşırıq verdi və əmr etdi ki, erməni postunu aşkar edib dağıdım. Mən də aşkar etdim və 5-6 erməni hərbçisi olan posta 8 ədəd top atdım, oranı dağıtdım. Komandir “Eldar, əhsən sənə, gözəl vurdun, inşAllah qayıdanda bunun mükafatını alacaqsan”, – dedi. Mən də sevindim, qürurlandım. Sən demə, artıq biz də erməni hədəfinə tuş gəlmişik. Bir neçə saniyədən sonra bizim tankı vurdular.
Bir maşında 9 heyət idik, onlardan 8-i yaralandı, biri şəhid oldu. Hamısı ağır xəsarətlərlə sağ qaldı. Onu heç vaxt unutmaram: komandirim Əli Babayev deyirdi ki, şəhid olacağıq, mən də ona “Bizim hələ irəlidə cox xidmətimiz olacaq, komandir”, - deyirdim, zarafatlaşırdıq... Ən böyük acımız leytenant Əli Babayev oldu. Bir-birimizə söz vermişdik ki, döyüşə bir yerdə girib, oradan bir yerdə çıxacağıq...
Texnikamız vurulanda hamımız dərhal ondan uzaqlaşdıq, mən də səngərə girdim. Tankdan çıxan heyətin hamısı səngərdə idi. Gördüm ki, üç nəfər yoxdur. Tez yanan tanka tərəf qaçdım. İki nəfəri maşında tüstü boğmuşdu, onları kənara çıxardım. Maşın yanırdı. Sonra yanan texnikanin üstünə qalxıb, komandiri xilas etmək istədim. Amma gordüm ki, komandir artıq yoxdur... Şəhid olmuşdu. “BTR”ə girib onu çıxarmaq istəyəndə ağır xəsarətlər almışdım. Ayaqlarımın altı, üz nayihəmin hamısı yanmışdı. Əlini elə görəndə özümün yaralarını unutdum. Həmin vaxt özümü tankdan yerə atıb, səngərə qayıtdım. Bir neçə dəqiqədən sonra ağrılar başladı. Hərəkət edə bilmirdim. Bir neçə saat sonra məni çıxarmaq üçün təxliyə gəldi.
Təxliyə olunan zaman ermənilərin atdığı artilleriya mərmisi yaxınlığımıza düşdü və məni qaldırıb minalanmiş əraziyə atdı. Bu, üçüncü dəfə idi ki, minaya düşürdüm. Sürünüb oradan çıxdım. Hamı əlini məndən üzmüşdü. Düşünürdülər ki, məni oradan çıxara bilməyəcəklər, şəhid olacağam. Amma Allah imkan yaratdı, çıxdım...
Yaralıları oradan Füzuli rayonunun Zovcuq qəsəbəsinə gətirdilər.
...Artıq axşam idi. Polis əməkdaşlarından telefon istədim, yanan paltarımın içindən nömrə çıxarıb qardaşıma zəng etdilər, amma telefonu götürmədi. Anamın telefonunu yığdılar, qonşu acdı. Cavab verdilər ki, Ruqiyyə xalanın oğlu şəhid olub, ona gorə vəziyyəti pisləşib. Sən demə, kənddə mənim şəhid olmağım xəbərim yayılıb. Tək anam yox, rayon elə bilirdi ki, şəhid olmuşam. Gücümü toplayıb, anamla danışdım: “Mənəm, oğlun Eldar, mən sağam”. Anam inanmadı, elə bilirdi ki, kimsə ona ürək-dirək verir. Anam məndən atamın adını, nə vaxt və neçə yaşında rəhmətə getdiyini soruşdu. Mən dedim. Kədər, göz yaşı sevinc göz yaşları ilə əvəz olundu...
Gecəyarı bizi Saatlı Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Zovcuq qəsəbəsini erməni artilleriyası vururdu ki, yaralılar ölsün. Neçə ay ayrı-ayrı xəstəxanalarda müalicə aldım.
– Birgünlük antiterror əməliyyatını 27 sentyabr müharibəsinin davamı kimi müqayisə etsək, erməni silahlı birləşmələri bu dəfə nə dərəcədə dirəniş göstərdi və bu gün Azərbaycan əsgərinin düşmənə sözü nədir?
– Zatən, onların heç vaxt güçü olmayıb. Onlar hər zaman kiminsə arxasında gizlənib, kiminsə köməyi ilə başqasının haqlarını pozmağa öyrəşiblər. 27 sentyabr müharibəsi zamanında olduğu kimi, dığaların bu dəfə də muzdlu köməkçiləri var idi. Amma üzərimizə kim gəlirsə-gəlsin, Azərbaycanın hər bir əsgəri bir qəhrəmandır. Azərbaycan əsgəri öz torpağını terrorçulardan qorumaq üçün canını belə verməyə hazırdır və bunu da etdi. Ona görə də birgünlük döyüş öz böyük nəticəsini verdi. Düşmən ağ bayraq qaldırdı. Azərbaycan əsgəri daim ayıq-sayıqdır. Qarşısındakı düşmən şərəfsiz, ləyaqətsiz işğalçıdır.
Biz düşmən üzərindəki qələbəmizi, birgünlük uğurumuzu elə oğulların qanı bahasına qazandıq ki, onların hər biri haqqında qəhrəmanlıq dastanı yazıla bilər və yazılmalıdır. Mən bu gün onlardan yalnız 27 Sentyabr döyüşlərində şəhid olan komandirim Əli Babayevin adını çəkdim. Biz o igidlərin, əsgər yoldaşlarımızın Vətəni azad, terrorsuz görmək arzularını axıra qədər yerinə yetirməyə söz vermişik. Hər an, hər dəqiqə Ali Baş Komandanın əmrindəyik. Torpaqlarımızda tam sülh, əmin-amanlıq bərqərar olunana qədər döyüşməyə hazırıq. Düşmən yenə bizim torpaqlarda xəyanətə əl atarsa, öz cəzasını almalıdır. 27 sentyabrda, 19 sentyabrda ermənilərin Xocalıda törətdiyi soyqırımın, qətliamın qisasını düşmənin hər həmləsində təkrar-təkrar aldıq.
– Bir əsgər, bir oğul kimi, Vətən qarşısında öz borcunu, verdiyin sözü yerinə yetirdin...
– Mən 2023-cü il 19 sentyabr döyüşünə qatılanda Allahın izni ilə bu dəfə ailəmə verdiyim sözü tutdum. Ailənin tək ümid yeri mənəm, hamıya söz verdim ki, sağ-salamat qayıdacağam, qayıtdım...
27 sentyabr tarixi hər kəsin yaddaşındadır. Hər zaman təəssüf edirdim ki, heyf ki, tez yaralandım, Xocalının, torpaqlarımızın heyfini az aldım. Amma birgünlük əməliyyatda heyfimi çıxdım. Yenə də özümdən narazıyam. Erməni terrorçuları bir nəfərədək torpaqlarımızdan təmizlənməlidir. Mən bu dəfə yaralanmadım. O səs-küy məni bir az da silkələdi. Keçən dəfə onlara verə bilmədiyim cavabı bu dəfə verdim. 44 günlük müharibədə ürəyimdə yarımçıq qalan qisasımı birgünlük antiterror əməliyyatında layiqincə aldım... Yanımda yaralanan və şəhid olanlar cox oldular. Yenə də ayaqlarımızın üstündə durmağı bacardıq. Üzüldük, qırılmadıq...
Birgünlük antiterror əməliyyatına texniki heyətlə qoşulmuşdum. Bu dəfə düşmənə daha ağır zərbə ilə acı yaşatmağa çalışdım. Məncə, uğurlu alındı. Verilən tapşırıqları 24 saat ərzində layiqincə yerinə yetirdik.
Bu dəfə texnikadan top mərmisi ataraq erməni postunu qara dumana çevirdim. Daha sonra texnikadan ayrıldım. Əsgərlərimiz hücuma keçməli idi və keçdilər də. Güclü ordumuz, torpaqlarımızı qorumağa, hər qarışını düşməndən təmizləməyə hünərimiz var. Hazırda Xocavənd istiqamətində fəaliyyətimiz davam edir.
II Qarabağ qazisi kimi 5 medala layiq görüldüm. “Füzulinin azad olması” medalı, “Cəbrayılın azad edilməsi” medalı, “Xocavəndin azad olunması” medalı, “Xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalı və “Veteranlıq” medalı ilə təltif olunmuşam.
– 27 sentyabr və 1 günlük döyüşlər zamanı şəhidlər verdik, döyüş yoldaşlarınızı itirdiniz. Təsəlliniz nə oldu?
– Biz onunla təsəlli tapırıq ki, döyüş dostlarımızın qanını yerdə qoymadıq. Şəhid ailələri ilə görüşürük. Ayrı-ayrı rayonlarda dəfn olunan şəhidlərimizi ziyarət edirik. Biz onları ziyarət edərkən kədər hissi ilə yanaşı, bir qürur hissi də keçiririk. Şəhidlər ölməzdir, müqəddəsdir. Döyüşə Vətən uğrunda şəhid olmağa getmişdik. Biz də o yüksəkliyə çatmağı istəmişdik. İndi şəhid dostlarımız həmin zirvədədir. Bizim üçün kədərli olan odur ki, dostlarımız aramızda deyil. Hər kəs də o zirvəyə ucala bilmir. Heç nəyi unutmaq olmaz. Oradakı gördüyümüz bir anı belə danışmaq üçün bir ömür yetməz. Ürəyimizdə nə qədər dost itkisinin üzüntüsünü yaşasaq da, bu gün qürur hissi keçiririk. Düşməni təslim etdik.