Rəssam Rüstəm Yahixanovun Qafqaz xalqlarının poetik hekayələrini və qəhrəmanlarını canlandırdığı əsərlərindən ibarət “Qafqaz əfsanələri” sərgisi Ankarada sənətsevərlərlə görüşüb.
Hafta.az-ın yazdığına görə. Doğan Taşdələn Müasir İncəsənət Mədəniyyət Mərkəzi Osman Həmdi Bəy Sərgi Salonunda keçirilən sərginin açılışında Türkiyədə yaşayan Qafqaz xalqlarının nümayəndələri və dərnək təmsilçiləri, rəssamın ailəsi və qonaqlar iştirak edib.
Qafqaz musiqi nümunələrinin təqdim olunduğu açılışda çıxış edən rəssam Yahixanov ona əsərlərini Türkiyədə sərgiləmək imkanı verənlərə təşəkkür edib. Əsərləri ilə Şimali Qafqaz xalqlarının tarixində baş verənləri danışmaq istədiyini deyən Yahixanov bu fürsəti Türkiyədə tapmaqdan məmnun olduğunu dilə gətirib.
Sərgini təşkil edən Qafqaz dərnəkləri adından çıxış edən Ankara Qafqaz Çeçen Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Atilla Doğan bildirib ki, rəssam öz kətanında təkcə üzvü olduğu çeçen xalqını deyil, həm də Şimali Qafqazın bütün xalqlarının.tarixi, mədəniyyəti və adət-ənənələrini əks etdirir.
Yahixanovun əsərləri ilə kollektiv yaddaşa töhfə verdiyini deyən Doğan, sənətin bərpaedici və birləşdirici gücündən istifadə edən rəssamın Qafqaz xalqları arasında qardaşlıq, sülh və həmrəyliyi vurğuladığını bildirib.
Rəssam Yahixanovun kətan üzərində sərkərdələrini, tənha döyüşçülərini, xalqı üçün ayağa qalxan insanları, vətənini, namusunu, adət-ənənələrini, dəyərlərini müdafiə edən qəhrəmanları əks etdirən əsərlərindən ibarət “Qafqaz əfsanələri” sərgisi, 12 sentyabr tarixinədək ziyarət edilə bilər.