AQTA sədri Türkiyənin kənd təsərrüfatı və meşə naziri ilə görüşüb

21:58 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə görüşüb. Qardaş ölkə görüşdə Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı Meşə və Kənd İşləri Komissiyasının başçısı Yunus Kılıç, Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsinin direktoru Ahmet Volkan Güngören daxil olmaqla, geniş tərkibdə təmsil olunan nümayəndə heyəti ilə iştirak edib.

Agentlikdən hafta.az-a verilən məlumata görə, qonaqları səmimi qarşılayan AQTA sədri Qoşqar Təhməzli ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə davam etdiyini və bu münasibətlər fonunda hər iki ölkənin qlobal layihələrin həyata keçirilməsində uğurlu, birgə iştirakından söz açıb.

Görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edən Agentlik sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı, eyni zamanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı son illərdə həyata keçirilən işlər barədə geniş məlumat verib. Vahid Kirişçini Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin edilməsi münasibətilə də təbrik edən AQTA sədri bu təyinatın əlaqələrin inkişafında yeni mərhələyə yol açacağını diqqətə çatdırıb.

Səmimi qəbul və təbrik üçün minnətdarlığını ifadə edən türkiyəli nazir ölkələrimiz arasında bütün istiqamətlər üzrə münasibətlərin qardaşlıq müstəvisində sürətli inkişafının məmnunluq doğurduğunu bildirib. Birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələlərinə də toxunan Vahid Kirişçi tərəflər arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə tərəfdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.

 

Daha sonra görüşdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin, qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin miqyasının daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər laboratoriyaların təkmilləşdirilməsi, optimallaşdırılması, modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi imkanları, qida təhlükəsizliyi üzrə risk qiymətləndirilməsi, pestisidlərin təhlükəsiz istifadəsinə dair qabaqcıl təcrübənin tətbiqi məqsədilə təlimlərin təşkili və s. məsələləri müzakirə ediblər.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”də nəzərdə tutulan məsələlərin icrası ilə bağlı işlərin davam etdirilməsi, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihələri üzrə aparılan işlərin sürətləndirilməsi və bu istiqamətdə işlərin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Oxunma sayı 42