AŞPA Ermənistana ən çox dəstək verən qurumdur - Fazil Mustafa

16:49 06.07.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana qarşı qərəzli mövqeyindən, hiyləgər oyunlarından əl çəkmir. Bir tərəfdən, Azərbaycanının ərazi bütövlüyünü, suverenliyini tanıdığını bəyan edir, digər tərəfdən, məğlub, işğalçı Ermənistanı müdafiə edən hərəkətləri, ölkəmizə qarşı qərəzli yanaşması ilə diqqət çəkir. Azərbaycanın AŞPA-da səsini donduran bu qurumun iyunun 26-da Ermənistanla bağlı qəbul etdiyi qətnamə Avropanın regionla bağlı dəyişməyən aqressiyasını, idarəçi, yönləndirici güc olaraq çıxış etmək iddiasını ortaya qoyur. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa “Həftə içi”nə müsahibəsində mühüm məqamlara diqqət çəkib.

– Fazil müəllim, AŞPA kimi qurumlar niyə məhz Azərbaycanı hədəfə alıb?

– Cənubi Qafqazın silahlandırılması əslində dünyanın bütün bölgələrində hansı prosesin başlanmasının bir nümunəsi kimi anlaşılmalıdır. Yaxın Şərqdə, Ukraynada eyni siyasət yeridildi və sonradan savaş çıxarıldı. İndi bu regionda da savaş çıxarmaq üçün böyük güclərin, onların təsiri altında olan korporasiyaların çalışmaları var. Azərbaycan bu prosesə mane oldu, torpaqları azad edəndən sonra həmin qüvvələrə münbit şərait yaratmağa imkan vermədi. Buna baxmayaraq, Hindistan və Fransa Ermənistanı silahlandırmaq yolu ilə gərginliyi artırır. Bu da özlüyündə müəyyən problemləri ortaya çıxara bilər. Bütün hallarda bunun qarşısına sədd çəkməliyik. Bu qüvvələr məsuliyyətsiz şəkildə silahları satılsın deyə, hansısa münaqişənin olmasına xüsusi diqqət yetirirlər. Bu məsələdə dövlətimizin maraqları baxımından çıxış edib xüsusi addımlar atmalıyıq. Əks halda bu, bölgənin yenidən qan gölünə çevrilməsinə gətirib çıxara bilər.  Ermənistanda revanşist qüvvələr var və bu da gərginliyin yaradılması üçün münbit şərait törədir. Bütünlükdə cəmiyyətin problemlərini müharibə yolu ilə yönləndirmək anlayışı Avropa və Qərbin bəzi qüvvələrin əlində bir vasitəyə çevrilib. Xüsusən keşişin hərəkətləri onu göstərir ki, belə resurslar mövcuddur. O baxımdan da biz ehtiyatlı olmalıyıq və sülhə doğru addımları bir az da  intensivləşdirməliyik.

– Bu ilin yanvarında səs hüququmuzu əsassız yerə donduran AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibət regionda gedən sülh prosesinə hansı təsirini gösərməkdədir?

– AŞPA-da belə bir düşüncə var ki, Azərbaycan qurumdan uzaqlaşandan sonra bizə daha çox təsir göstərmək mümkün olacaq. Əksinə, bu daha bir fərqli vəziyyət yaratdı. Azərbaycanın nə qədər müstəqil və sərbəst ölkə olduğunu göstərdi. Yəni Avropa Şurası olmadan da biz mövcuduq və istənilən şəkildə beynəlxalq sistemdə yerimizi tuturuq. Avropa İttifaqı, ABŞ olsun, hamısı ikitərəfli qaydada Azərbaycanla münasibətlərə onsuz da əhəmiyyət verirlər. Bu baxımdan, məncə, burada narahatlıq üçün əsas yoxdur. AŞPA-nın artıq, hansı xətti izləməsi elə bir önəm daşımır. Əsas məsələ bizim gücümüzü artırmağımızdır. Gücümüzü artırdıqca, bizi oradan uzaqlaşdıranlar bizə yalvarmalıdırlar ki,  geri qayıdın. Halbuki bizim orada olmağa elə bir ehtiyacımız da yoxdur. İndi gələcəkdə bu məsələlərlə bağlı onların niyyətləri daha aydın şəkildə üzə çıxacaqdır. Biz öz yolumuzu getməliyik, AŞPA və başqa qurumlarda bizə qarşı atılan addımların cavablarını onsuz da irəlidəki şərtlər daha çox vermiş olur. Yəni bizsiz onlar bu problemləri həll etmək iqtidarında deyillər.

– AŞPA-nın iyunun 26-da Ermənistanla bağlı qəbul etdiyi qətnamə sülh prosesinə nə vəd edir?

– AŞPA-nın iyunun 26-da qəbul etdiyi qərarın Azərbaycan üçün heç bir hüquqi qüvvəsi yoxdur. Boş, cəfəngiyat bir addım kimi qiymətləndirilməlidir.  Bu qərarı Azərbaycan orada olarkən, hansısa bir öhdəlik daşıyarkən qəbul etsəydilər, onun cavabını biz orada verərdik.

AŞPA-nın, ümumiyyətlə, sülh təşəbbüsünü dəstəkləməsi fikir yayındırmaq üçündür. Orada əsas ana ideya başqa məsələlərdir. Bunlar erməni terrorçularını dəstəkləməyi pərdələmək üçün edir. Burada da “quyruğu” ələ verirlər. Göstərilir ki, Ermənistanın sülh təşəbbüsünü dəstəkləyirlər. Sülh təşəbbüsü Ermənistandan gəlmir axı... Azərbaycandan gəlir. Ölkəmizdə bütövlükdə bu sülhlə bağlı Ermənistanı terrorçu, işğalçı siyasətindən əl çəkməyə çağırır. Ona görə bu məsələdə o birini ört-basdır eləmək üçün belə bir yanaşma qoyulur. Onlar ümumi terminologiyada deyə bilməzlər ki, sülhü dəstəkləmirik. Mahiyyətcə AŞPA terroru dəstəkləyən və bütövlükdə Ermənistanın işğalçılıq siyasətinə ən çox dəstək verən bir qurumdur. Onların bu hiyləgər manevrinə inanacaq kimsə yoxdur. Biz bu qədər sadəlövh deyilik ki, AŞPA-da belə bir açıqlama verilsin və biz də fikirləşək ki, bunlar sülh istəyir. Belə bir yanaşma yoxdur və bu baxımdan, Azərbaycan öz yoluna davam edib reallıqları dəyişməlidir. Dəyişdikcə, AŞPA da özünün bu səviyyəsiz, qərəzli yanaşmasını özü dəyişməli olacaq.

– AŞPA qətnamədə Qarabağın erməni əhalisinin 100 min nəfərdən çox olduğunu göstərir və ermənilərin öz ata-baba yurdunu tərk etməyə məcbur olmasından dərin təəssüf hissi keçirir”. AŞPA nədə yanlışlığa yol verir?

– AŞPA-nın bütün qərarları tövsiyə xarakteri daşıyır. İndiyədək Ermənistanı işğalçı dövlət kimi tanımayan bir beynəlxalq qurumun Azərbaycana hansısa bir göstəriş verməsi mümkün deyil. Ölkəmiz bu qərarlara heç bir əhəmiyyət verməməlidir və öz yoluna davam etməlidir. AŞPA-nın vasitəçiliyi olmadan özü prosesləri tənzimləməlidir. Ermənistanla əlaqələri qurmalı və bu istiqamətdə sülh danışıqlarını irəlilətməlidir. Reallıqlar onsuz da məsələyə yanaşmada dəyişiklik yaradacaqdır.

Vaxtilə Qarabağ probleminin həlli üçün müəyyən fürsətlər olanda AŞPA bu məsələdə Ermənistanın tərəfini tutdu və işğala hər hansı ad verməyə çəkindi. İndi də bu proses bitəndən sonra yeni bir sülhsevər obrazda görünməsinə kimsə inanan deyil. Heç bəlkə Ermənistanın özündə də ona bir əhəmiyyət vermirlər. Ona görə də bizi niyə hədəfə götürdüklərinin səbəbi bəllidir. Burada beynəlxalq güclərin planlarını pozmuşuq. Pozulmuş planları necə bərpa etmək barədə düşünürlər. Bunun faydası olmayacaq və biz bütövlükdə öz yolumuza davam edəcəyik.

 – Azərbaycana qarşı beynəlxalq rakursda baş verən bu cür haqsızlıqların fonunda Ermənistanla sülh müqaviləsinin imzalanmasında hansı əngəllər yarana bilər?

 – Sülhlə bağlı əngəllər çoxdur. Biz bütün bunlara əhəmiyyət vermədən öz kursumuzu davam etdirməliyik. Hər hansı bir şəkildə Ermənistanın müəyyən revanş götürməsinə imkan verməməliyik. Bu, bizim strateji xəttimiz olmalıdır. Qalan məsələlər isə sahədə həll olunacaq. Gücümüz nə qədər mövcuddur, Ermənistan bu güclə hesablaşmalı olacaq. Burada bizim narahatlığımız üçün əsasımız yoxdur. Gecikmə Ermənistanın taleyinə təsir edən məsələ kimi diqqətdə saxlanılacaq.