Astanada Heydər Əliyev küçəsinin açılışı olub

23:19 10.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları əvvəlcə türk xalqlarının ortaqlığının, mədəni dəyərlərinin yaxınlığının və Azərbaycan xalqına hörmətin rəmzi olan monumentin üzərindən ağ örtüyü götürdülər.

Mərasimin aparıcısı dedi:

- Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir.

Heydər Əliyevin şərəfinə adlandırılmış küçə firavanlaşan Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Hörmətli xanımlar və cənablar, gəlin, bir-birimizi bu əlamətdar bayram, Qazaxıstanın və Azərbaycanın həyatında mühüm hadisə münasibətilə təbrik edək.

Siyasət rubrikasından digər xəbərlər