Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalardan 1,5 trilyon dollar itirib

10:05 06.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Verona Avrasiya İqtisadi Forumunda çıxış edən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqının anti-Rusiya sanksiyaları səbəbindən itkisinin 1,5 trilyon dollara çatdığını, bu təxminlərin ən optimist hesablamalar olduğunu və yaxın aylarda daha da artacağını bildirib.

Hafta.az-ın yazdığına görə, 2013-cü ildə Rusiya ilə Avropa Birliyi arasında ticarət həcminin 417 milyard dollar olduğunu xatırladan rusiyalı diplomat, “Ticarətin artım dinamikasına baxsaq, bu il təxminən 700 milyard avro ola bilərdi. Sanksiyalar tətbiq edildikdən sonra bu, 2022-ci ildə təxminən 200 milyard avro idi, 2023-cü ilin ilk 6 ayında 46 milyard avro qeydə alınıb və güman ki, ilin sonunda ümumi nəticə 100 milyard avrodan da az olacaq” deyib.

Rusiyalı diplomatın sözlərinə görə, gələn il Rusiya ilə İttifaq arasında ticarətin həcmi 50 milyard avroya düşə və sonrakı dövrdə hətta sıfırlana bilər.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə əlaqədar tətbiq edilən ağır sanksiyalarla Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər pisləşib.