“Avropa İttifaqına inteqrasiya əsas xarici prioritetimizdir” - İrakli Kobaxidze

12:10 02.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqına inteqrasiya əsas xarici siyasət prioritetimizdir. Seçki proqramımıza əsasən, 2028-ci il üçün biz assosiasiya gündəliyi və Azad Ticarət Sazişi ilə nəzərdə tutulan öhdəliklərin 90 faizdən çoxunu yerinə yetirmiş olmalıyıq və bu vəd alnıaçıq şəkildə yerinə yetiriləcək”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazir deyib ki, ABŞ və Avropa İttifaqının yeni lideri olacaq və bu liderlik şəraitində münasibətlərin yenidən başlaması mümkündür.

“Xarici siyasətə gəlincə, bizim iddialı planlarımız və ciddi vəzifələrimiz var. Avropa Seçki proqramımıza əsasən, 2028-ci il üçün assosiasiya gündəliyi və Azad Ticarət Sazişi ilə nəzərdə tutulan öhdəliklərin 90 faizdən çoxunu yerinə yetirmiş olmalıyıq və bu vəd alnıaçıq şəkildə yerinə yetiriləcək. Həmçinin, ABŞ, eləcə də Avropa İttifaqı ilə münasibətlərin keyfiyyətcə yenidən başlayacağına dair çox böyük ümidimiz var. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimi baş tutacaq, müvafiq olaraq, ABŞ və Avropa İttifaqının yeni lideri olacaq. Bu liderlik şəraitində münasibətlərin yenidən başlaması mümkündür və düşünürük ki, münasibətlərin yaxşılaşması üçün hər şeyi etməliyik. Ötən dörd il ərzində bu münasibətlər ciddi problemlə üzləşdi. Bildiyiniz kimi, Gürcüstanın Avropaya inteqrasiyası yolunda süni əngəllər yaradılırdı. Ciddi, kobud şantaj olub. Şantaj əvəzinə iş – bizim yanaşmamızdır və Gürcüstanın Avropa İttifaqına tam inteqrasiyası deyilən istiqamətdə yolu bu yanaşma ilə mütləq davam etdirməliyik”, – baş nazir bildirib.