Avropa Azərbaycan kimi etibarlı tərəfdaşı itirməkdən qorxmalıdır - Millət vəkili

13:52 23.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Cənubi Qafqazda münaqişənin olması Avropa ölkələrinə orada öz mövcudluğunu təmin etmək üçün lazımdır. Lakin Azərbaycan münaqişə vəziyyətini aradan qaldırmaqla vəziyyəti tamam dəyişdi. Bu da müxtəlif Avropa platformalarında, eyni zamanda ABŞ-da ölkəmizə qarşı siyasi, diplomatik hücumları intensivləşdirdi. Avropa Şurasında Azərbaycana qarşı sərgilənən bu mövqe Avropanın Azərbaycanın öz torpaqlarını işaldan azad etməsini hələ də qəbul etmədiyini göstərir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Elşad Mirbəşir AŞPA-nın Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə bağlı açıqlamasında bildirib.

Deputat AŞPA çərçivəsində Azərbaycana qarşı obyektiv mövqenin sərgilənmədiyini, təcavüzkar, işğalçı Ermənistanın dəstəklənməsi cəhdlərinin hər zaman müşahidə olunduğunu qeyd edib.
“Bu gün Avropanın müxtəlif platformalarında xüsusilə də Fransanın və ona bənzər dövlətlərin təşəbbüsləri ilə Azərbaycana qarşı davamlı siyasi hücumlar edilir. Başlıca məqsəd Cənubi Qafqazda gərginlik elementlərinin yaradılmasından ibarətdir. Bunun üçün Ermənistan bir alət kimi istifadə olunmaqdadır. Bunun özü region üçün çox ciddi təhükələr yarada bilər. Çünki Ermənistanın Avropanın, ABŞ qarşısında göstərdiyi “xidmətlərin” qarşılığında olduqca qərəzli iddialarla dəstək nümayiş olunacaq. Hansı ki, biz bunu görməkdəyik.

Azərbaycanın ərazilərində antiterror əməliyyatlarını həyata keçirməsi əslində Avropa tərəfindən alqışlanmalı olduğu halda, bunun əksini görürük. Avropa özü daim separatizmdən əziyyət çəkir və bu, dünya üçün təhdid yaratmaqdadır. Bütün bunlara baxmayaraq öz ərazilərində antiterror tədbirləri keçirərək, separatizmi aradan qaldıran Azərbaycana qarşı siyasi hücumların genişləndiyini görməkdəyik. Bu, həm də onun göstəricisidir ki, nə Avropa, nə də ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində obyektiv vasitəçilik göstərə bilməzlər. Çünki bu istəkdə olmadıqları bizim üçün yenilik deyil. Keçmiş münaqişə vəziyyətinin mövcudluğu dövründə də biz nə Avropa platformaları, nə də ABŞ tərəfindən məsələyə obyektiv yanaşıldığını görmədik”.

E.Mirbəşir hesab edir ki, Avropa İttifaqının Azərbaycandan enerji asılılığı var və bunu dərk edərək müəyyən qədər sərhədli davranmaqdadır. Onun fikrincə, bu asılılığı olmasa Azərbaycana qarşı daha aşkar qərəz sərgiləyər.

E.Mirbəşir bütün bunlarla yanaşı qeyd edib ki, əgər AŞPA Azərbaycanın səsinin dondurulması təşəbbüsünü dəstəkləyərsə, bu mahiyyət etibarilə ölkəmizə heç bir mənfi təsir göstərməyəcək. Onun fikrincə, bu, sadəcə olaraq gələcəkdə Avropa strukturlarının Ermənistanı alət kimi istifadəsinə daha geniş zəmin yarada bilər.
“AŞPA-nın qərəzli mövqeyi bizi öz yolumuzdan çevirə bilməz. Biz maraqlarımızı müdafiə edəcəyik. Azərbayacanla əməkdaşlıq Avropa subyektlərinin xeyrindədir. Bizimlə əməkdaşlıqdan imtina edilərsə, bizə qarşı qərəzli mövqe tutulacaqsa, bu gücümüzü imkanlarımızı azaltmır. Avropa Azərbaycan kimi etibarlı tərəfdaşı itirmıkdən qorxmalıdır. Avropa strukturlarında Azərbaycana qarşı qərəz bizi narahat etmir. Bizimlə səmimi tərəfdaş olan, haqlı mövqelərimizə hörmətlə yanaşan beynəlxalq platformalar mövcuddur”.