Bu il Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi azalıb. Belə ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 807.7 milyon dollar və ya 8.6 faiz azalaraq 19 milyard 234,9 milyon dollar təşkil edib. Cari ilin ilk 9 ayında Azərbaycandan Aİ ölkələrinə 16 milyard 920,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2 milyard 468.7 milyon dollar və ya 12,7 faiz azdır. Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə illik müqayisədə 40 faiz və ya 661 milyon dollar artaraq 2 milyard 314.2 milyon dollara bərabər olub. 9 ay ərzində Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan ilə aparıb. Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard 51.9 milyon ABŞ dolları, o cümlədən ixracı 11 milyard 739.6 milyon dollar, idxalı isə 312.3 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 19.4 faiz azalıb, idxal isə 26.7 faiz artıb. Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi isə 1 milyard 259.4 milyon dollar, o cümlədən ixracı 553.8 milyon dollara, idxalı isə 705.5 milyon dollara bərabər olub. Son 1 ildə ticarət dövriyyəsi 72.5 faiz, o cümlədən ixrac 2 dəfə, idxal isə 55.1 faiz artıb. Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi isə 1 milyard 216.4 milyon dollar, o cümlədən ixracı 1 milyard 198 milyon dollar, idxalı isə 18.3 milyon dollar olub. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 11 faiz, idxal isə 18.8 faiz artıb.
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 49.2 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 3.7 faiz bəndi azdır.
Bəs, görəsən, Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin azalmasına səbəb nədir?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Əli Əlirzayev deyib ki, söhbət Azərbaycandan Avropa İttifaqına ixracın azalmasından gedirsə, burada əsas faktor neft ixracının həcminin azalması ola bilər: "Azərbaycan Avropa İttifaqına, əsasən neft məhsulları satışını həyata keçirir. Bu istiqamətdə Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ola bilsin ki, ən müxtəlif səbəblərdən - neftin qiyməti, tələbin səviyyəsinin azalması və s. ilə bağlı Azərbaycandan alınan neftin həcmində azalma baş verib ki, ixracın həcmi də azalıb. Yəni, bu faktorlar Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərən amillərdir. Amma ümumilikdə əksər Avropa ölkələrinin Azərbaycanla çox yaxşı münasibətləri var. Məsələn, bu ilin 9 ay ərzində Azərbaycanın ticarət əməliyyatları apardığı əsas ölkələrdən biri İtaliya olub. Biz bilirik ki, bu ölkə ilə Azərbaycanın çox yaxşı münasibətləri mövcuddur. Gələcəkdə Avropa ölkələri Azərbaycandan alternativ enerji almağa da hazırlaşır. Bu mənada hesab edirəm ki, ticarət dövriyyəsində azalma müvəqqəti xarakter daşıyır və növbəti illərdə biz bu istiqamətdə əhəmiyyətli artımlar müşahidə edəcəyik".
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli də vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin azalmasının səbəbi neft və qaz qiymətləri ilə bağlıdır: "Məlum olduğu kimi, keçən il qaz qiymətləri çox baha idi. Bəzi hallarda 800-900, bəzən 1000 dollara qədər çatan vaxtları da olurdu. İndi qiymətlər azalıb, 300-400 civarındadır. Həcm olaraq artsa da, dəyər olaraq keçən ilə nisbətən xeyli azalıb. Ona görə də Avropa Birliyi ilə ticarət dövriyyəsində belə azalmalar müşahidə olunur. Avropa Birliyinə daha çox enerji daşıyıcılarını ixrac edirik. Neftin həcmi azalıb, qiyməti normal qalıb. Qazın isə qiyməti azalıb, həcmi artıb. Yəni bu iki amil Avropa Birliyi ilə ticarət dövriyyəsinin azalmasına səbəb olub".