Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq əməlini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə məlum olub ki, R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi təqdim edib. Alıcılar tərəfindən beh göndərildikdən sonra R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.
Polis əməkdaşları Rəsul Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu gəncin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-nə və ya şəhər telefonlarından (023)315-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.