Məlum olduğu kimi, iyunun 26-da Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu” adlanan ərazidə sənaye-məişət tipli kanalizasiya kollektorunun üzərində yolun çökməsi nəticəsində gənc bir oğlan həyatını itirib. Hadisə, uzun müddətdir istismarda olan və qəzalı vəziyyətdə qalan kollektor sahəsində baş verib. Bu hadisə paytaxda yol infrastrukturun təhlükəsizliyinə dair sualları yenidən gündəmə gəlib. Faktlar göstərir ki, Bakı ərazisində bənzər vəziyyətdə olan yollar az deyil. Mühafizə zonalarının pozulması, xəbərdaredici nişanların qəsdən sökülməsi, kollektorların üstünün qeyri-standart materiallarla örtülməsi və tikinti obyektləri ilə yüklənməsi kimi hallar təkcə Baksol yoluna aid deyil. Bu isə şəhər üzrə ümumi infrastruktur təhlükəsizliyi məsələsini ön plana çıxarır.
Bəs, görəsən, belə hadisələrdə kim məsuliyyət daşıyır?
Təhlükə xəbərdarlığı olub, lakin əməl edilməyib
Hafta.az-ın hadisə ilə bağlı sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında bildirilir ki, 1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib:
“Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür. Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı, kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.
Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.
Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib”.
Bakıda bu cür yollar çoxdur
Hadisədən sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. İstifadəçilər paytaxtda bu qəbildən olan yolların və infrastruktur obyektlərinin çoxluğunu vurğulayır, bənzər vəziyyətdə olan ərazilərdən fotolar paylaşırlar. Ekspertlər isə bildirilər ki, problem texniki deyil, sistemlidir. Uzunmüddətli nəzarətsizlik, xəbərdarlıqlara əməl olunmaması və aidiyyəti qurumlar arasında koordinasiyanın olmaması faciənin əsas səbəbləri kimi qeyd olunur.
İnfrastruktur məsələləri üzrə ekspert Vüqar Əliyev deyib ki, paytaxtın müxtəlif ərazilərində bu cür kollektorlar, yolaltı su xətləri, nasaz tunellər var:
“Onlar uzun illərdir ki, təmir olunmadan istismarda qalır. Əgər bu sahələrdə fəaliyyət göstərən sahibkarlar dövlətin xəbərdarlığına qarşı çıxa bilirsə, deməli nəzarət mexanizmləri işləmir. Baksol yolunda baş vermiş faciə, təkcə bir şəxsin həyatını itirməsi ilə nəticələnən lokal qəza deyil, şəhər infrastrukturuna sistemsiz yanaşmanın acı nəticəsidir. Paytaxtda yüzlərlə oxşar ərazinin mövcud olduğu nəzərə alınarsa, bu hadisə gələcəkdə baş verə biləcək daha ciddi fəsadların xəbərdarlığı kimi qəbul edilməlidir”.
Ekspert hesab edir ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə adiyyəti qurumlar tərəfindən riskli ərazilərin xəritələndirilməsi, xəbərdarlıq nişanlarının qorunması və qanunsuz fəaliyyət göstərən obyektlərə qarşı operativ tədbirlər görülməsi vacibdir. Əks təqdirdə, bu kimi faciələrin təkrarlanması qaçılmaz olacaq.
Texniki normativlər nəzərə alınmayıb
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu cür faciələrin əsas səbəblərindən biri təmir-tikinti işlərinin texniki normativlərə uyğun aparılmamasıdır:
“Hadisə yerində iş aparan qurumların standartlara əməl etməməsi və təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi kompleks şəkildə qanun pozuntusudur. Təəssüf ki, nəticədə heç bir günahı olmayan bir gənc faciəli şəkildə həyatını itirdi”.
Ekspertin sözlərinə görə, bu kimi ərazilər mütləq qaydada haşiyələnməli, xəbərdaredici lentlər və işarələrlə təmin edilməli, müvafiq təhlükəsizlik tədbirləri görülməlidir:
“Əgər təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu hadisə yaşanmazdı. Əminik ki, istintaq obyektiv nəticəyə gələcək və cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaq. Belə halların təkrarlanmaması üçün həm sifarişçilər, həm də podratçı şirkətlər öz işlərinə daha ciddi yanaşmalıdır”.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən Bakıda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.