Azərbaycan COP29-la yeni tarix yazacaq - Azər Badamov

15:56 22.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bölgədə Rusiya–Qərb tandeminin Ermənistan üzərindən yeni siyasi tamaşasını müşahidə edirik. Noyabrda COP29 ərəfəsində ölkəmizə qarşı erməni kartı yenidən işə salınır və müxtəlif təxribat mahiyyətli siyasi bəyanatlar verilir. Bunların kölgəsində isə Ermənistan sürətlə silahlandırılır, hətta bu işdə Rusiya daha öncül yer tutur deyə bilərik. Müsahibimiz millət vəkili Azər Badamovdur:

- Region Ermənistanın sülh müqaviləsindən yayındırılması, Zəngəzur dəhlizi ilə bağlı sərgilənən ziddiyyətli münasibətlər fonunda nəyə şahidlik edir?  Qərb, Avropa, Rusiya Ermənistanın sülhə gətirilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı hansı addımları atmalıdır? 

- Zəngəzur dəhlizi  dünyada yaranmış yeni iqtisadi əməkdaşlıq formatının tərkib hissəsinə çevrilməkdədir. Avropa ilə Asiya arasındakı mövcud ənənəvi kommunikasiyalarda, nəqliyyat dəhlizlərində Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar məhdudiyyətlər yaranmışdır. Bu baxımdan, Avropa ilə Asiya arasında iqtisadi əməkdaşlığın davam etdirilməsi üçün Orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması vacib elementlərdən birinə çevrilmişdir. Ona görə də deyə bilərik ki, bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də müxtəlif qitələrdə yerləşən ölkələr üçün də çox vacib məsələyə çevrilmişdir. Həm də qeyd etməliyəm ki, Azərbaycanın ərsəyə gətirdiyi Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri ölkəmizin üzərindən beynəlxalq daşımaların həyata keçirilməsinin təhlükəsiz və rentabelli olduğunu sübut etmişdir. Bütün bu məsələləri nəzərə alaraq Zəngəzur dəhlizinin açılmasına beynəlxalq güclərin marağının artdığını xüsusilə vurgulamaq olar.

   Zəngəzur dəhlizinin açılması həm də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində öz əksini tapmışdır. Bu bənddə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında manesiz keçidin yaradılması və bu keçidə Rusiya FTX sərhəd xidmətinin nəzarət etməsi nəzərdə tutulmuşdur. Ona görə də Rusiya  nəzarəti ələ keçirmək, Türkiyəyə və sonra da Avropaya tranzit yüklərin daşınması üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. O cümlədən Qərb bu marşurta nəzarətini öz əlinə almağa çalışır. Beləliklə, deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması zamanın məsələsidir. Bu dəhliz üzərində nəzarət mexanizminin formalaşdırılması istiqamətində ciddi rəqabətin getdiyini də vurğulamaq lazımdır. ABŞ hərbçiləri və hərbi texnikalarının Zəngəzurda yerləşdirilməsinin məqsədlərindən biri də Zəngəzur dəhlizi üzərində nəzarəti ələ almaq planlarının tərkibidir.

Ermənistan isə Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə olunanda nala-mıxa vurur və konkret mövqeni sərgiləməkdən qorxur. Belə ki,  gah manesiz keçidin yaradılmasına razı olduğunu, gah da Ermənistanın suverənliyi çərçivəsində yol anlamı ilə nəqliyyat kommunikasiyaların açılamasını istədiyini bildirir. Üçüncü tərəfin Zəngəzur dəhlizinə nəzarət edilməsinə də razı olmadığını səsləndirlir. Ümumi nəticə olaraq qeyd edə bilərik ki, Zəngəzur dəhlizi açılacaq və inanıram ki, bu dəhlizin fəaliyyəti 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun təşkil olunacaq. 

- Ermənistan–Rusiya siyasi münasibətlərində “ciddi soyuqlaşma”, İrəvanın qərbyönlü kursu fonunda Rusiya-Ermənistan arasında ticarət dövriyyəsinin artımı, silah təhcizatı ilə bağlı Rusiyanın Ermənistanla genişlənən əlaqələri əslində Qərb-Rusiya-Ermənistan arasında hansı oyunların qurulduğu, hansı münasibətlərdən və məqsədlərdən xəbər verir?

- Ermənistan–Rusiya münasibətlərində ciddi soyuqlaşma görünsə də, əməldə onlar bir-birinə çox yaxındırlar. Belə ki, son vaxtlar Alen Simonyanla Mariya Zaxarova arasındakı söz güləşmələri Ermənistanla Rusiya arasında düşmənçiliyin artdığının görüntüsü yaradılsa da bunun bir siyasi tamaş olduğunu iki ölkə arasında artan ticarət dövrüyyəsində müşahidə etmək mükündür. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,3 milyard dollar, 2021-ci ildə isə 2,6 milyard olduğu halda qərbin Rusiyaya sanksiyalar tətbiq edilməsindən sonra bu ticarət dövrüyyəsi həndəsi silsilə ilə artmaqda davam etməkdədir. Belə ki, 2022-ci ildən Qərb Rusiyaya sanksiyaların tətbiqi ilə paralel olaraq Ermənistala Rusiya arasındakı ticarət dövriyyəsi 5 milyard dolları keçmişdir. 2023-cü ildə isə bu rəqəm 7,3 milyard dollara çatmış və 2024-cü ilin 6 ayında isə bu rəqəm 8,6 milyard dollar olmuşdur. Ermənistanla Rusiya arasında yaradılmış hökumətlərarası iqtisadi əməkdaşlıq komimsiyasının iclasında Rusiyanın baş nazirinin birinci müavini Aleksey Overçuk 2024-cü ilin sonuna qədər Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsinin 14-16 milyard dollara çatacağının gözlənildiyini qeyd etmişdir. Burda nə baş verir? Ermənistanın iqtisadiyyatı birdən-birə bu qədər böyüdümü? Xeyr, bu ticarət dövriyyəsinin sürətlə artmasına səbəb Ermənistanın Rusiyanı sanksiyalardan yayındırmasıdır. Belə ki, Ermənistan şirkətləri Rusiyanın idxal-ixracını həyata keçirir və böyük pullar qazanır. Qazandığı pullarla da ölkəni silhalandırırlar. Rusiyanın özünün də müharibə vəziyyətində olmasına baxmayaraq, Ermənistana “Smerş” raketləri və digər silahların tədarükünə davam etməkdədir. Halbuki Azərbaycanla Rusiya arasında 2022-ci ildə müttəfiqlik haqqında saziş imzlanasa belə, Ukrayna müharibəsi bəhanəsi ilə ölkəmizə bir patron belə satmamışdır. Bütün bunlar onu göstərir ki, Ermənistanla Rusiya arasında yaşanan qarşılıqlı ittihamlar və fikir ayrılıqları beynəlxalq ictimaiyyətin fikrini iki ölkə arasında günü-gündən böyüyən iqtisadi əməkdaşlıqdan yayındırmaq məqsədi daşıdığını hesab edirəm.

- Göründüyü kimi, Rusiya Ermənistana pul qazanmaq imkanı verir, lakin guya Rusiya ilə mübarizədə olan Qərb buna göz yumur. Bu iki qütbün arasında regionla bağlı hansı razılaşma var?

 - Rusiya, ancaq Ermənistana pul qazanmaq imkanını vermir. Həm də öz idxal-ixrac əməliyyatlarının bir hissəsini   Ermənistan vasitəsilə həyata keçirir. Belə ki, cari ildə Rusiya Ermənistan şirkətləri vasitəsilə BƏƏ və Honkonqa 1,8 milyard dollarlıq qızıl və 600 milyon dollarlıq briliant daşları satmışdır. Bu baxımdan, Ermənistan həm də Rusiyaya pul qazandırır.  Qərb bütün bu prosesi görsə də, səsini çıxartmır. Qərblə Rusiya arasında düşmənçilik günü-gündən böyüsə də, Ermənistanla bağlı məsələ ortaya gələndə onların mövqeləri üst-üstə düşür. Bu da Qərbin riyakar mövqeyindən irəli gəlir.

- Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Aİİ üzvü olaraq qalır. Onun ərazisində Rusiya hərbçiləri və sərhədçiləri yerləşməkdə davam edir...

- Ermənistanın KTMT tədbirlərində iştirak etməməsi və qərbyönümlü siyasi kursunu davam etdirdiyinin görüntüsünün yaradılması sadəcə bir siyasi teatrdır.  Ermənistan bu siyasi teatrı qərbdən maliyyə dilənmək və hərbi dəstək almaq üçün edir. Reallıqda isə Ermənistan Rusiyadan ayrıla bilməz. Ona görə də Rusiya hərbi bazasını və FTX sərhəd xidmətini ölkəsindən çıxarıması ilə bağlı heç bir söz işlədilmir. Ermənistan Aİİ-də üzv olmaqla Rusiyanı sanksiyalardan yayındırır və böyük pullar qazanır. Bu baxımdan Ermənistan həm qərbdən, həm də Rusiyadan pul qazanmaqla öz iqtisadi potensialını formalaşdırır. Bu da hesab edirəm ki, uzun çəkən bir proses olmayacaqdır. Zaman gələcəkdir ki, Ermənistanda Rusiya və Qərb qarşı-qarşıya gələcək və ermənilər ayaq altında qalacaq.

- COP29 konfransı ərəfəsində Azərbaycana qarşı  aqressiya, təzyiq elementlərinin artması nəyə xidmət edir?

- Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər ərəfəsində qərbin bizə qarşı apardıqları  qarayaxma kampaniyalarına öyrəşmişik. Bunu  Avropa İdman Oyunları, İslam Həmrəylik Oyunları, Avroviziya mahnı müsabiqəsi, Qoşulmama Hərəkatının tədbiləri və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyimiz zamanlarda görmüşük. İndi Frank Şvabenin, ABŞ konqresmenlərinin, Fransa hökumətinin, Niderlandın anti-Azərbaycan açıqlamalarının kökündə də ölkəmizdə keçiriləcək COP29 tədbirinin dayandığını bilirik. Onlar hər vasitə ilə Azərbaycanı nüfuzdan salmağa və COP29-un ölkəmizdə keçirilməsinə maneə olmasına çalışırlar. Amma onların arzuları gözlərində qalacaq və ölkəmiz COP29 tədbirini yüksək səviyyədə keçirməklə yeni bir tarix yazacaqdır. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan etibarlı tərəfdaş imicini formalaşdırmışdır. Düşmənlərimiz isə ədalətli imicimizə heç vaxt xələl gətirə bilməyəcəklər. Biz düz yoldayıq.