Fransa senatının qəbul etdiyi qərar tövsiyə xarakterli olsa da, ümumən Azərbaycan əleyhinə yönəlmiş bir qərardır və tarixi hadisələrin məntiqinə, həqiqətə regionla bağlı cərəyan edən proseslərə ziddir.
Bu fikirləri hafta.az-a Real Partiyasının sədr müavini, politoloq Natiq Cəfərli deyib:
“Qətnamədə iddia olunan müddəaların əsası yoxdur. Bu, Fransa ilə Azərbaycan arasında münasibətllərin daha da kəskinləşməsinə səbəbə ola bilər. Zatən bu münasibətlərdə soyuqluq var və bunun davam etməsi mümkündür”.
Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Fransa Prezidenti arasında telefon danışığının olduğunu xatırladan N.Cəfərli böyük ehtimalla Azərbaycan Prezidentinin belə bir qərarın fəsadları ilə bağlı Makronu xəbərdarlıq etdiyini qeyd edib.
“Hüququ əsası olmasa da, amma qətnamənin bir qanuna çevrilməsi üçün prezidentin imzası lazımdır. Burada Fransa Prezidenti veto hüququndan istifadə edə bilər. Əgər bu qətnamə imzalanarsa, bu sənəd Azərbaycan-Fransa münasivbətlərinin tarixdə görünmədiyi qədər pisləşməsinə səbəb ola bilər”.
Politoloq qeyd edib ki, Fransanın Azərbaycanda 300-dən çox şirkəti fəaliyyət göstərir, onların gələcəkdə Azərbaycanda qalıb fəaliyyət göstərməsi də ciddi sual altına düşə bilər. Ona görə də Azərbaycan hökuməti Fransa şirkətləri il görüş keçirməli və onların yumşaq gücündən Fransa hökumətinə təsir etmək üçün istifadə etməlidir.
“Müxtəlif platformalarda Fransanın Qafqazda sülhün yaranmasına böyük maneçilik törətdiyini, hətta atdığı addımlarla Rusiya siyasətinə cavab verdiyini açıq səslə bəyan etmək lazımdır”.