Azərbaycan məğlub dövlətdən qalib dövlətə çevrildi - Mətin Məmmədli

15:13 06.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“44 günlük Vətən Müharibəsində böyük qələbə əldə etməyimiz ölkəmizə strateji, geostrateji, geosiyasi, hərbi, iqtisadi cəhətdən böyük imkanlar, üstünlüklər yaratdı. Azərbaycan məğlub dövlətdən qalib dövlətə çevrildi. Öz ərazi bütövlüyünü, sərhədlərini bərpa etdi”.

Bunu hafta.az-a Beynəlxalq münasibətlərin təhlili mərkəzinin eksperti, politoloq Mətin Məmmədli 8 noyabr Zəfər günü ilə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, 44 günlük Vətən savaşında Azərbaycan böyük qələbə əldə etdi və bu gün Şuşanın azad olunması gününü Zəfər Günü kimi qeyd edirik.

“Azərbaycan postsovet məkanda eyni, oxşar problemlərlə üzləşən dövlət olaraq öz gücü ilə bunu həll etməyə nail oldu. Eləcə də, Cənubi Qafqazda ölkəmizin mövqeyi, rolu gücləndi. Ərazi bütövlüyünü təmin edən bir dövlət olaraq nüfuzu artdı. Artıq 44 günlük müharibəyə qədər olan Azərbaycanla, ondan sonrakı Azərbaycan arasında çox ciddi fərqlər var.  Bu gün ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətidir və region ölkələri içərisində həlledici söz sahibidir. Bütün bunlara görə biz 44 günlük savaşda əldə etdiyimiz zəfərə borcluyuq”.

M.Məmmədli hərbi zəfərimizdən sonra imzalanan 10 noyabr sənədinə diqqət çəkib. Onun sözlərinə görə, 10 noyabr bəyanatı 44 günlük müharibəni yekunlaşdıran bir sənəd idi.

“Bu sənəd müəyyən zaman kəsiyində öz missisyasını həyata keçirsə də, Ermənistan həmin bəyanatdan irəli gələn bir sıra bəndləri həyata keçirmədi. Bu da həmin bəyanatın işləkliyinə öz təsirini göstərdi”.

M.Məmmədli Azərbaycanın o bəyannaməni kapitulyasiya sənədi kimi qəbul etdiyini qeyd edib. “Çünki O kapitulyasiya elementləri ilə zəngin olan bir sənəddir. Ermənistan hökuməti həmin sənədə əsasən vaxtilə işğal etmiş əraziləri qısa müddətdə tərk etmək öhtəliyini götürsə də, əməl etmədi.

“Bütün bunlara baxmayaraq, 10 noyabr bəyanatı 3 il əvvəl olduğu qədər aktual deyil. Çünki artıq yeni  vəziyyət yaranıb. Xüsusilə 19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra bu sənədi aktual hesab etmirik”.